Slimfit
  1. DÜNYA

Çinlilər indi də bütün dünyann "surətini" çıxarırlar

Çinlilər indi də bütün dünyann "surətini" çıxarırlar
Sakura

Çinlilər indi də bütün dünyann "surətini" çıxarırlar

Məşhur Eyfel qülləsi, Misir Ehramları, yunan Akropolu, Rusiyadakı Qış Sarayı və digər məşşur tikililəri görmək üçün həmin ölkələrə səyahət etmək lazım deyil - Çinə gəlmək kifayətdir. Çinlilər dünyanın demək olar ki, bütün məşhur binalarının «surətini çıxarırlar».

 «Surətlər ölkəsi»

Azadlıq heykəli, Eyfel qülləsi, Tac-Mahal, Bukingem sarayı – bunlar Çinin Şençjen şəhərinə gələn turistlərin buradakı «Window of the World» parkında görəcəyi abidələrin yalnız bir hissəsidir. Burada dünyanın ən məşhur tikililəri bir-birinin yanında tikilib və istəyənlər onlarla bir neçə saat ərzində tanış ola bilərlər. «Window of the World» Çində  yeganə belə park deyil. Elə bu adla və bu eksponatlarla digər bir pakr Çinin cənubundakı Çanşa şəhərində də var.

Paltarların, avtomobillərin və demək olar ki, gözə görünən hər şeyin surətinin çıxarıldığı ölkədə dünyanın gözəl məkanlarının da nüsxələri çıxarılır. Utsin şəhərində Florensiya kəndi salınıb, Çuçjou şəhərində isə nəhəng Sfinks ucaldılıb. Bəzi ərazilərdə isə Avropa, Asiya və Amerikanın ən gözəl guşələri yaradılıb.

1.      Tac-Mahal və İskəndəriyyə mayakı- Pekin

Əslində Tac-Mahalın nüsxələri dünyanın müxtəlif yerlərində var.  Hətta ABŞ-da Donald Trampın tikdiyi Tac-Mahal formasında kazino fəaliyyət göstərir. Pekində isə Tac-Mahal abidəsi İskəndəriyyə Mayakının yanında salınıb. Dünyanın Yeddi Möcüzəsindən biri olan mayak hələ 14-cü əsrdə dağılıb. Amma çinlilər tarixi sənədlər əsasında onun dəqiq surətini yaratmağa nail ola biliblər.

2.      Halştat kəndi

Halştat kəndi nəinki Avstriyanın, ümumiyyətlə dünyanın ən gözəl guşələrindən biridir. Alp dağlarının yamacında, göl sahilində yerləşən, yaşıllıqlarla əhatə olunmuş kənd məftunedici gözəlliyə malikdir və sadəcə cənnəti xatırladır. 900 nəfər sakini olan kənd YUNESKO-nun irsinə daxil edilib.

Bir neçə il əvvəl Çinin cənubundakı Quandun vilayətinin nümaynədələri Halştat kəndi ilə qardaşlıq təklif edəndə sadəlövh avropalılar buna çox sevinmişdilər. O vaxtdan yüzlərlə çinli turist Halştatı qarış-qarış gəzərək kəndin bütün gözəllikləri ilə tanış olmuş, buradakı bütün evlərin şəklini çəkmişdilər. Çinlilərin kəndə bu marağı Halştat sakinlərinə ləzzət vermişdi. Amma sonda məlum oldu ki, çinlilər sadəcə kəndin «surətini çıxarmaq» üçün material toplayırmışlar. «Minmetals Land Ltd» şirkəti Quandunda Halştat-ın dəqiq oxşarını yaradıb. 700 il ərzində formalaşan əsl Halştatdan fərqli olaraq «Halştat-2»ni yaratmaq Çin şirkətlərinə 2 ilə və 1 milyard dollara başa gəlib. Hazırda Çindəki Halştatda əmlak əsl Halştatdan da bahadır. Avstriya villalarının oxşarları azı 800 min dollaradır.

3.      Mezon-Laffit qəsri - Pekin

Barokko stilində tikilmiş Mezon-Laffit qəsri Parisdə, Sena çayının sahilində XVII əsrdə ucaldılıb. Parisin ən məşhur saraylarından biri olan qəsr əsilli-köklü fransız zadəganlarına məxsusdur: vaxtilə bura kral XIV Lüdovik və  filosof Volter də gəlib. Çində bu qəsrin oxşarını yaratmaq məşhur developer şirkətinin sahibi, fransız mədəniyətinin pərəstişkarı olan Çjan Yuyçenin ağlına gəlib. Qəsrin dəqiq oxşarını yaratmaq asan olmayıb – bunun üçün fəhlələrə 10 minlərlə fotoşəkil və çertyojlar vermək lazım gəlib. Qəsrin tikintisi 50 milyon dollara başa gəlib. Amma «Çin variantı»nda qəsrə  əlavələr də edilib, bəzi hissələri genişləndirilib.

4.      Qış sarayı və Müqəddəs Vasili Kilsəsi - Şençjen

Memarlıq «nüsxə»lərinin ən çox toplandığı yer isə Şençjendəki «Window of the World» parkıdır. 48 hektarlıq ərazidə Sankt-Peterburqdakı məşhur Qış Sarayı, Moskva Kremli və müqəddəs Vasili Kilsəsinin oxşarları var. 130 eksponatlıq parkda İspaniyadakı Şir həyətinin, Romadakı «İspan pilləkəni»nin, yunan Akropolunun və Almaniyadakı  Köln kilsəsinin nüsxələri ilə rastlaşmaq olar. Parkda hətta Alp dağlarının bir hisəsi və İsveçrə kantonlarını xatırladan süni kəndlər də yaradılıb.

5.      Venetsiya və Müqəddəs Mark meydanı – Çjetszyan vilayəti

Çinin «Su üzərində şəhər»i (Venice Water Town) təbii ki, məşhur Venetsiyanın oxşarıdır. Kanallar şəhərinin nüsxəsi Çinin 9 milyonluq Xançjou şəhərinin ətrafında yaradılıb. Əslində çinlilərə qədər Venetsiyanı amerikanlar da  Las-Veqasda yaratmışdılar. Çin versiyası onlardan o qədər də  fərqlənmir – burada Venetsyanın məşhur sarayı və müqəddəs Mark meydanı yer alıb.

Hərçənd Venetsiyanın oxşarının  Çinin məhz bu şəhərində yaradılması qəribədir. Çünki elə bu ərazilərdə Uçjen kəndi var ki, o da su üzərində salınıb və mədəni irs sayılır. Görünür ona görə turistlər suni Venetsiyadansa, təbii Uçjen kəndinə baş çəkirlər.

6.      Sfinks - Çuçjou

Çinlilər Sfinksin abidəsinə çoxdan maraq göstərirlər. Hələ 2014-cü ildə Şiztsyaçjuan şəhərindəki tematik parkda 80 metrlik Sfinks yaradılmışdı. Amma onun şəkilləri internetdə yayılan kimi Misirin qədim abidələr nazirliyi YUNESKO-ya etiraz göndərərək Çindən heykəli sökməyi tələb etdi. Çin tərəfi abidəni dağıtmalı oldu.

Buna baxmayaraq Çuçjou şəhərində Dünya mədəni irsi parkının müəllifləri Sfinks abidəsini yenidən yaratmağı qərara alıblar. Betondan hazırlanan abidənin tikintisinə martdan başlanıb və bu günlərdə başa çatmalıdır. Abidənin ətrafında bir neçə piramida da ucaldılacaq – Misir tərəfinin etirazları haqda danışan isə yoxdur.

7. Paris Məryəm Ana kilsəsi və Eyfel qülləsi – Tyanduçen

Çinin Tyanduçen şəhərini miniatür Paris də adlandırırlar. Eyfel qülləsi, Yelisey çölləri, Paris Məryəm Ana kilsəsi, Versal fontanları olan şəhəri başqa necə adlandırmaq olar ki? Fransa paytaxtının bütün atributlarını təkrarlayan şəhər Xançjou meqapolisinin ətrafında salınıb.

Tyanduçen şəhəri 2007-ci ildə elit mənzilləri olan turist mərkəzi kimi yaradılıb. Gözlənilirdi ki, cəmi 31 kvadrat kilometr sahəsi olan şəhərin sakinləri Fransada yaşamağı arzulayan varlı çinlilər olacaq. Amma yerinin uğursuz seçilmi və yolların yaxşı qurulmaması məsələni korladı. Nəticədə 10 min sakini olacağı gözlənilən şəhərdə cəmi 2 min nəfər yaşayır. Onların da əksəriyəti adı çəkilən parkda işləyir. Artıq şəhərin hər yerində gözə dəyən fransız stilli şir heykəlləri heç kimi maraqlandırmır. Sakinlər şirlərə baxmaqdansa, Eyfel qülləsinin ətrafında düyü becərməyə üstünlük verirlər.

8. Harri Porter və Ceyms Bondun «vətəni» - Temz-taun

Bəli, səhv oxumadınız – Temz-Taun! 2006-cı ildə Şanxayın 19 kilometrliyində salınmış Temz-taun şəhəri konkret binanı yox, ümumiyyətlə ingilis həyat tərzini təcəssüm etdirir. Burada evlər viktorian üslubunda tikilib, küçələrdə Londondakı taksofonları xatırladan qırmızı telefon budkaları düzülüb, hətta polislər də ingilis jandarmeriyasının qırmızı mundirlərində gəzirlər. Şəhərin İngiltərəyə, daha dəqiqi Londona maksimum oxşaması üçün burada kanal qazılaraq süni çay yaradılıb. Bu çay Temzanı xatırlatmalıdır. Şəhərdəki parklarda Harri Potterin, Ceyms Bondun və Uinston Çörçillin abidələri qoyulub. Şəhərdə hətta ingilis kilsəsi də var – o öz görünüşü ilə Bristole Krayst-Çerç məbədini xatırladır. Amma onun daxilində keşişlər yox, turistlərə xidmət göstərən bələdçilər və animatorlar işləyirlər. Temz Taun Şanxayda çox məşhurdur. Çinli cütlüklər burada Avropasayağı toy və nigah mərasimlərini keçirməyi sevirlər. Şəhərin tikilməsi onun sahibinə nə az, nə çox, düz 1 milyvrd dollara başa gəlib. Amma hələlik Temz Taunun sakinləri azdır. Nəzərdə tutulan 0 min nəfər əvəzinə burada cəmi 5 min nəfər yaşayır.

9. Böyük Çin Səddi və Qadağalar Şəhəri – Xuasi kəndi

Çinin ən varlı yaşayış məntəqəsi olan Xuasi kəndi isə «oxşar yaratma» işini yeni səviyyəyə qaldırıb. Burada nəinki xarici ölkələrin, hətta Çinin özünün də məşhur tikililərinin oxşarları yaradılıb. Xuasidəki tematik parkda Böyük Çin Səddinin miniatür surətinin ətrafında gəzişmək və məşhur Qadağalar şəhərinin oxşarına daxil olmaq mümkündür. Çinin bu məşhur abidələri ilə yanaşı, Xuasidə Parisdəki  Qələbə Arkasının, Sidney Opera Teatrının, Vaşinqtondakı Ağ Evin nüsxələri yer alıb. Ağacların arasında isə Nyu-Yorkdakı Azadlıq heykəlinin kiçik nüsxəsi yerləşdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR