Slimfit
  1. BİOQRAFİYA

Çingiz Mehdiyev – musiqiçi, nağara və qavaldaş ustası

Çingiz Mehdiyev – musiqiçi, nağara və qavaldaş ustası
Sakura

Çingiz Mehdiyev – musiqiçi, nağara və qavaldaş ustası

Qavaldaş Billur zalın səhnəsində dilləndiriləndə zalın göylərində bir ruh həm sevinc, həm göz yaşları içində qışqırırdı: “Onu mən tapmışam, istəyirsiniz danışım sizə necə tapdığımı…”

Çingiz Mehdiyev deyəndə bu gün orta yaşında olan insanlar bir anlıq düşünüb – hə,  yadıma düşdü, Qavaldaşı çalan Çingiz-deyir, eləsi var ki, dərhal – əlbəttə tanıyıram –ifadə edir. Orta yaşdan bir qədər bəri, gəncliyə doğru gəlib soruşursan – kimdir ki?- sualı ilə qarşılaşırsan.

Bir dəfə efirdə gənc bir aparıcı Natiq ritm qrupunu təqdim edərkən belə bir ifadə işlətdi: “Azərbaycanda ritmin əsasını qoyan, onu dirçəldən Natiq.” Həmin anda yadıma həmişə Beynəlxalq Müsabiqələrdən qalıb kimi qayıdan, ordeni də yaxasında olan Çingiz Mehdiyev düşdü.

Qavaldaşı Billur zalın səhnəsinə gətirildi, onu uzun illərdən sonra yenidən Natiq dilləndirdi, amma heç kimin yadına düşmədi bircə dəfə dilə gətirsin ki, bu daş  36 il bundan əvvəl ilk dəfə Çingiz Mehdiyev tərəfindən kəşf edilib və ifa olunub.

Sındırılmış həyat ritmi

1932-ci ildə Bakıda, ziyalı ailəsində bir oğlan uşağı dünyaya gəlir. Müəllim atası onun adını Çingiz qoyur, deyir ki, qoy adı kimi özü də cəsurluq, qəhrəmanlıq simvolu olsun. Uşaq ayaq tutub yeriyən kimi iki daşı bir-birinə vurub ondan çıxan səsə özü də oynayarmış. Sonra bu səs onu qane etmir,  evdə vedrələr və onların arxasına kəfkir, çömçə ilə vurub çıxartdığı müxtəlif ritmlər onun özündə də,  ətrafındakılarda  da marağa səbəb olur. Axırda atası Çingizə bir zərb aləti alıb gətirir-qoşa nağara. Anası isə bunun əleyhinə çıxır, çünki ana yeganə oğul övladını həkim görmək istəyirdi. Buna ananın haqqı da vardı, çünki  həm o vaxt Bakıda həkim az, xəstəliklər çox idi, həm də ananın digər övladı sağalmaz xəstəliyə düçar olmuşdu. Düşünürdü ki, oğlu həkim olub bacısına da bir əlac edər.

1938-ci ildə ailəyə bədbəxtlik üz verir, Çingizin atası Xalq Təsərrüfatı İnstitutunun dekanı Həsənbala Mehdiyev həbs olunur və o vaxt bütün həbs olunanlar kimi güllələnir. Üç körpə uşaqla anası Zəkiyyə xanım Tiflisə qaçanda Çingizin altı yaşı vardı. Onu da həbs edib uşaqları bədbəxt etməsinlər deyə ana gizlincə Tiflisə pənah aparmaqla xilas olur. İkinci dünya müharibəsi başlanandan sonra Zəkiyyə xanım uşaqlarını da götürüb Bakıya qayıdır. Çingizdəki marağı görən ana babası Qulam bir gün əlindən tutub onu Üzeyir bəy Hacıbəyovun  yanına aparır. Üzeyir bəy onu Bakı Musiqi Məktəbinin violonçel sinfinə götürür.  Çingiz bu aləti sevmədi, yalnız nağara çalmaq arzusu ona rahatlıq vermirdi. Orta məktəbi bitirəndən sonra isə anası onu Tibb İnstitutuna çəkib apardı.  “Xalq düşməni”nin oğlunun sənədlərini belə o instituta götürmədilər. Çingiz Bakı Musiqi Məktəbinin zərb alətləri sinfinə həm özünün arzusu, həm də zamanın yönəltməsi ilə qəbul olundu.  Tədbirlərdə, gecələrdə onun nağara ifası artıq diqqət çəkməyə başlamışdı. Məktəbi bitirirdi, buraxılış komissiyasının sədri Qara Qarayev idi. Çingizin çalğısı Qara Qarayevin çox xoşuna gəlir. Onu yanına çağırıb deyir: “Sənin həvəslə və temperamentlə ifan çox xoşuma gəldi. Güclü biləyin var, həvəsin varsa bizim konservatoriyada oxu, yaxşı ifaçı olarsan.”  Çingiz arzusunun  gerçəkləşməsinin həm çox yaxın, həm də çox uzaq olmasından təsirlənir və gözlərində yaş donur: “Çox istəyirəm, amma kimdir məni ora yaxın qoyan, həm orda çox imkanlı uşaqlar oxuyur, həm də mənim atam “xalq düşməni” sayılır.

Qara Qarayev deyir sən narahat olma, ver sənədlərini, sən orda oxuyacaqsan.

Əli qabarlı mədəniyyət adamı

Konservatoriyada Həsən Rzayevin sinfində təhsil alır. Hələ tələbə ikən tələbə-gənclər arasında ümumdünya festivallarının üç dəfə qalibi olur.

Mayestro Niyazi Çingiz Mehdiyevin istedadına heyran imiş. Onu  “ritmlər aləmi” adlandırırmış. Onlar həm də dost olublar. Orkestri öz sehrli çubuğu ilə müşayiət edən Niyazi bəzən Çingiz Mehdiyev coşanda çubuğunu saxlayıb özü onu dinləyirmiş, yalnız Çingiz qurtarandan sonra Niyazi çubuğunu qaldırıb orkestri arxasınca aparmağa başlayarmış.  Çingizin toyunu da Niyazi, Xan Şuşunski, Bəhram Mansurov kimi böyük sənətkarlar ediblər. İllər keçir bir gün Çingiz Mehdiyevin yüzlərlə tələbələri sırasına onun öz oğlu da qoşulur. Ümumittifaq müsabiqələrə belə sənətkar öz oğlu ilə qoşulur.

Çingiz Mehdiyevin əlinə düşənə qədər nağara ikinci dərəcəli alət hesab olunurdu. Çingiz Mehdiyev sübut etdi ki, nağarada gözəl solo parçalar çalmaq mümkündür.

Əlimdə  Hacı Ağayevin “Barmaqların möcüzəsi” adlı bir kitabı var onun haqqında. Kitabda bir şəkil çox diqqətimi çəkdi. Çingiz Mehdiyev nağarada solo ifa edir, ətrafında onu müşayiət edirlər – tarda Ramiz Quliyev, qarmonda Aftandil İsrafilov, kamançada Şəfiqə Eyvazova.  Bu sənətkarlarla Çingiz Mehdiyev uzun illər filarmoniyanın solisti olub.

Onun əllərinin içi ömür boyu daş kimi, özü də qabar-qabar olarmış. Bir dəfə ümumdünya festivalında bir yapon yaxınlaşıb Çingizin nağaraya çırpılan əlini əlinin içinə alıb baxır. Başını qaldırıb deyir ki, bu əl deyil, bizdə belə əllər yalnız karate ilə məşğul olanlarda  ola bilər.

Çingiz Mehdiyev ilk dəfə “Tərəkəmə”ni, “Çəngi”ni, “Vağzalı”nı, “Yallını” bir-birinə bağlayıb ahəngdar şəkildə nağaranın ritmində əritdi. Nağara Çingiz Mehdiyevin əlində zirvələrə ucaldı, ritm nə olduğunu onun nağarası musiqiyə anlatdı.  Bunlar mənim deyil, musiqi mütəxəssislərinin ayrı-ayrı vaxtlarda Çingiz Mehdiyev sənəti barədə işlətdikləri ifadələrdir.

Qavaldaşın ritmik kəşfi

1978-ci ildə bir gün Çingiz Mehdiyevi Qobustana dəvət edirlər ki, xarici qonaqlar gəlib onlarla görüşsün. Çingiz Mehdiyev də nağarasını da götürüb gedir. Öz xatirələrində bu barədə yazır: “Tarixi abidələrimizi tapmaqda əvəzsiz xidmətləri olan alim İsaq Cəfərzadə orda mənə Qobustan qayaları ilə bağlı rəvayət danışdı. Danışa-danışa əlindəki daşı qayalıqlara çırpırdı. Gördüm ayrı-ayrı qayadan çıxan səslər maraqlı ritm yardır. Bu danışırdı mən əlindəki daşı alıb qarşımdakı qaval daşda yavaş-yavaş vurmağa başladım. Bir, iki, üç fərqli ritmlər və ahəng yaranırdı. Özümdən asılı olmayaraq çalmağa qızışmışam, başa çatanda gördüm turistlər hamısı əhatəmizdə söhbəti yarımçıq qalmış İsaq müəllim isə şokda. Qobustan Qavaldaşı kompozisiyası belə yarandı. Sonradan Azərbaycan televiziyası həmin ifamı qızıl fond üçün yazdı.”

Ondan başqa Çingiz Mehdiyevin televiziyanın fondunda “Ekspress”, “Dünya xalqlarının ritmləri”, “Azərbaycan ritmləri” qorunub saxlanır. Saxlanır, amma nədənsə nümayiş olunmur ki, olunmur.  Onların bəzilərini oğlu Həsənlə bir yerdə ifa edib yazdırıb.

1990-cı ilin noyabrında ata-balanın ifası Türkiyədə festivalda bütün festival iştirakçılarını heyrətə saldı. Heç bir mükafat nəzərdə tutulmayan festivalda təşkilatçılar sonda müsabiqənin medalını təsis edib onu Çingiz və Həsən Mehdiyevlərə verdilər.

O vaxt  ona əməkdar artist fəxri adı cəmi bir il idi verilmişdi.

1992-ci ilin yanvarında filarmoniyada onun 60 illik yubileyi keçirilirdi. Bütün sənət dostları ilə bərabər Çingiz Mehdiyev özü də həmin gün Mədəniyyət naziri Polad Bülbüloğlunun ona xalq atristi fəxri adını təqdim edəcəyini gözləyirdi. Əvəzində onun təbrik teleqramı oxundu: “Hörmətli Çingiz, altmış illik yubileyiniz və səhnə fəaliyyətinizin qırx illiyi münasibətilə sizi təbrik edirəm. Yaxşı məlumdur ki, sizin parlaq istedadınız sayəsində nağaranı ilk dəfə solo milli musiqi aləti kimi dünyaya tanıtdınız. Milli musiqimizin tərəqqisi naminə bundan sonra da bacarıq və köməyinizi əsirgəməyəcəyinizə inanıram. Bu işdə sizə uğurlar arzulayıram”.

Onsuz da 20 noyabr vertalyot qəzasında yaxın dostu Tofiq İsmayılovun itkisi ilə barışa bilməyən  sənətkar bu ağrıdan qəlb yarası almışdı. Növbəti zərbə ölümlə nəticələnə bilərdi.

Bu hadisədən sonra Çingiz Mehdiyev çox çəkmədən ürək tutmasından dünyasını dəyişir.

Oğlu Həsən isə 8 il öncə gənc yaşında həyatdan köçür. Bir qızı yaşayır. 

Müəllif: Ramilə Qurbanlı

Mənbə: Sim-sim.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR