Slimfit
  1. AZƏRBAYCAN

Çingiz Hüseynzadə: Atletlərimizin Tokio Olimpiadasına 3-4 lisenziya qazanacaqlarına ümid edirik

Çingiz Hüseynzadə: Atletlərimizin Tokio Olimpiadasına 3-4 lisenziya qazanacaqlarına ümid edirik
Sakura

Çingiz Hüseynzadə: Atletlərimizin Tokio Olimpiadasına 3-4 lisenziya qazanacaqlarına ümid edirik

 Hazırda atletlərimizin ən böyük hədəfi 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır. Ümid edirik ki, atletlərimiz “Tokio 2020”yə 3-4 lisenziya qazanacaqlar.

Bu fikirləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Cari ildə əldə olunan uğurlardan danışan Ç.Hüseynzadə deyib ki, bu il digər idman növləri kimi, atletika üçün də uğurlu il olub. İl ərzində ölkəmizdə atletika üzrə ikisi beynəlxalq olmaqla, 20 yarış keçirilib. Bir çox beynəlxalq yarışlarda atletlərimiz iştirak edərək uğurlar qazanıblar. Cari ildə idmançılarımız Şotlandiyanın Qlazqo şəhərində qış Avropa çempionatında, İtaliyanın Neapol şəhərində XXX Ümumdünya Yay Universiadasında və digər beynəlxalq turnirlərdə 22 medal qazanıblar. Bu medallardan 4-ü qızıl, 9-u gümüş, 9-u isə bürüncdür. İl ərzində ən yaxşı nəticə göstərən idmançımız üçtəkanla tullanma növündə mübarizə aparan Nazim Babayev olub. Atletimiz Yay Universiadasında və Qış Avropa çempionatında qızıl medal qazanaraq Azərbaycan bayrağını zirvələrə yüksəldib.

Atletlərin 2020-ci ildəki hədəflərindən danışan Ç.Hüseynzadə vurğulayıb ki, idmançılarımızın “Tokio 2020”də əsas hədəfi təkcə iştirak deyil, bəzi növlərdə finala vəsiqə qazanaraq medal əldə etməkdir. Çəkicatma növündə mübarizə aparan Anna Skidan artıq Olimpiya Oyunlarına vəsiqə qazanıb. İdmançılarımızdan ən böyük ümidimiz Nazim Babayevdir. Düşünürəm ki, Nazim Babayev ən yaxın zamanda, hətta martda keçiriləcək qış Avropa çempionatında bu lisenziyanı təmin edəcək. Eyni zamanda, üçtəkanla tullanma növündə mübarizə aparan digər idmançımız Aleksis Kopellodan da nəticə gözləyirik. Onun nəticələri çox yaxşıdır. A.Kopello lisenziya qazana bilməsə belə, onun reytinqə görə Olimpiadaya vəsiqə qazanma ehtimalı böyükdür. Marafonçu Evans Kiplaqat da iddialı idmançılarımızdandır. Digər idmançılarımız da lisenziya qazanmaq üçün cəhd edəcəklər. Lisenziya yarışları yeni ildən başlayacaq. Federasiyamız atletlər hər cür şəraiti yaradıb.

“Atletika idmanı dünyada çox məşhurdur. Təəssüf ki, ölkəmizdə atletikaya maraq güləş, cüdo və digər döyüş növlərində olduğu kimi deyil. Atletika hər bir şəxsin məşğul ola biləcəyi idman növüdür. Bu səbəbdən biz idmanın bu növü ilə məşğul olmaq istəyənlər üçün şərait yaradır, atletikanı daha çox inkişaf etdirməyə, onun kütləviliyini artırmağa çalışırıq. Əsas məqsədimiz gələcəkdə atletikanı ölkəmizin regionlarında inkişaf etdirməkdir. Regionlarımızda bir sıra Olimpiya, dünya və Avropa çempionları yetişiblər. İnanırıq ki, gələcəkdə regionlarımızda da uğurlu nəticələr qazanan atletlərimiz yetişəcəklər. Hazırda məqsədimiz atletika üzrə ölkə çempionatlarına rayonlardan olan məktəbli və gəncləri cəlb etməkdir. Federasiyamız növbəti illərdə onların Bakıda məşq etmələri üçün şərait yaradacaq. Ümid edirik ki, bir neçə ildən sonra biz Azərbaycanda atletikanı daha çox inkişaf etmiş, populyar bir idman növü kimi görəcəyik”, - deyə Ç.Hüseynzadə vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR