Çində süni intellekt texnologiyası tətbiq edilmiş 100 minlərlə mini-klinika quraşdırılacaq
“South China Morning Post” nəşri yazır ki, Honkonqun “Ping An Good Doctor” şirkəti Çində telefon budkasına oxşar və avtonom işləyən 100 minlərlə mini-klinika quraşdırmağı planlaşdırır. Bu mini-klinikaların hər biri pasiyentin yazılı və ya səsli formada daxil edilmiş şikayətlərini təhlil edəcək süni intellekt texnologiyası ilə təchiz ediləcək. Bundan sonra alqoritm toplanmış informasiyanı həkimə göndərəcək və sonuncu diaqnoz qoyaraq resept yazacaq. Mini-klinikanı tərk etmədən lazımi dərmanı almaq mümkün olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, “Ping An Good Doctor” startapı 2014-cü ildə təsis edilib. 2015-ci ildə startap həkimlərlə əlaqə yaratmaq, başqa pasiyentlərlə informasiya mübadiləsi və tibbi xidmətlərin göstərilməsi üçün dərman, kosmetika və sertifikatlar almaq üçün mobil proqramını bazara çıxarıb.
Hazırda mobil proqramda 228 milyon istifadəçi qeydiyyatdan keçib, 48,6 milyon aktiv auditoriyası var. 5000-dən çox həkim istifadəçilərə məsləhətlər verir.
Bir neçə il ərzində sözügedən mobil proqram tibbi süni intellekt texnologiyasını hazırlamağa imkan verən onlayn-konsultasiyalar haqda 300 milyondan çox hesabat toplayıb.
Süni intellekt klinikalarının quraşdırılması 4300 dollara başa gələcək.
İndi həkim çatışmazlığı Çinin səhiyyə sistemində əsas problemlərdən biridir və süni intellekt bu problemi həll edə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət