Çin Venesuelaya “üzən xəstəxana” göndərib
Çin səhiyyə sistemində problemlər yaranan Venesuelaya dəstək məqsədilə xəstəxana gəmisi göndərib. La Guaira limanına çatan “üzən xəstəxana” bir həftə ərzində burada minlərlə xəstəni pulsuz müalicə edəcək.
“Seanews.az” xəbər verir ki, qarşılanma mərasiminə qatılan Venesuela Müdafiə naziri Vladimir Padrino Lopez bildirib ki, gəminin ölkələrinə göndərilməsi barədə razılığa ötən həftə prezident Nikolas Maduronun Pekinə rəsmi səfəri zamanı gəlinib. O, Çinə təşəkkür edərək bunun iki ölkənin səmimi dostluq əlaqələrindən xəbər verdiyini və ortaq maraqlara xidmət etdiyini bildirib.
Qeyd edək ki, Venesuelada hökm sürən iqtisadi böhrana görə ərzaq və dərman çatışmazlığı başlayıb.
“Cənubi Amerikanın mirvarisi” adlandırılan bu ölkə hazırda özünün ən çətin günlərini yaşayır. 2014-2015-ci illərdə neftin dünya bazar qiymətinin düşməsi ilə başlanan hərtərəfli böhran getdikcə daha da dərinləşməkdə, ölkədə siyasi-iqtisadi proseslərin kəskinləşməsinə gətirməkdədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət