Çin səfiri xanım Qo Min: 'Naxçıvanda əlverişli biznes mühiti var'
"Naxçıvanda əlverişli biznes mühiti var. Ümidvaram ki, gələcəkdə digər Çin şirkətləri də burada investisiya layihələri həyata keçirəcək".
"Report" xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min Naxçıvan Muxtar Respublikasına səfəri zamanı bildirib.
Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi ilk səfərini Naxçıvana etdiyini deyən diplomat qədim diyarla tanışlığın onda böyük təəssürat yaratdığını vurğulayıb.
"Hazırda bir neçə Çin şirkəti Naxçıvanla əməkdaşlıq əlaqələri qurub. Bunlardan "Huawei" və "Chongqing Lifan İndustry" şirkətlərini göstərmək olar. "Huawei" şirkətinin hələ yenicə fəaliyyətə başladığı dövrlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun etimadını qazandığı üçün muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm", - deyə səfir bildirib.
O, iki ölkə arasındakı əlaqələrin mövcud vəziyyətindən məmnunluğunu ifadə edib: "Bizim təhsil, mədəniyyət, turizm, ticarət və iqtisadi sahələrdə yaxşı əlaqələrimiz var və bu əlaqələrin gələcək inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri gələcəkdə daha da genişlənəcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət