Çin rekord həcmlərdə ucuz neft alıb
Çin neft qiymətlərin aşağı olmasından faydalanaraq, hazırda rekord həcmdə ucuz neft alır.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu həcmlərin böyük hissəsi aprel ayında, tarixdə ilk dəfə olaraq WTI markalı neftin may fyuçerslərinin sıfırın altına düşdüyü zaman alınıb.
Hazırda Çin limanları istiqamətində ümumilikdə 117 supertanker (VLCC) hərəkət edir ki, onların hər birinin tutumu təxminən 2 milyon, ümumilikdə isə 230 milyon barel təşkil edir. Bu tankerlər Çin sahillərinə may-avqust aylarında çatacaq.
Təxmin edilir ki, bu həcmlərin əksər hissəsi hökumət tərəfindən aprel ayında alınıb. Həmin dövrdə WTI markalı neftin may fyuçersləri tarixdə ilk dəfə olaraq istehsalın həddən artıq çox olması və saxlama yerlərinin çatışmazlığı səbəbindən sıfırın altına düşmüşdü.
Bu işə cəlb olunan tankerlərin sayı isə tarixdəki ən böyük saydır.
“Qara qızıl”ın Çinə tədarükünün artması ölkə iqtisadiyyatının tədricən yaxşılaşmasının siqnalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət