Çin bir gündə orbitə 6 peyk çıxarıb
Noyabrın 13-də Çin orbitə məsafədən idarə olunan 6 peyk göndərib.
AZƏRTAC xəbər verir ki, 5 peykin “Long March-6” raketdaşıyıcısı ilə buraxılışı yerli vaxtla 14:35-də ölkənin şimalında yerləşən Şansi əyalətindəki Tayyuan kosmodromundan həyata keçirilib. “Ningxia-1” adlı peyklər “Ningxia Jingui Information Technology” şirkətinin kommersiya layihəsinin tərkib hissəsidir və əsasən məsafədən zondlama üçün istifadə olunacaq.
Peykləri və raketdaşıyıcını “DFH Satellite” şirkətinin və Şanxay Kosmos Uçuşları Texnologiyaları Akademiyasının mütəxəssisləri hazırlayıblar. Bu, “Long March” seriyasından 318-ci raketin buraxılışı olub.
Bu gün Çinin şimal-qərbindəki Ciuçuan kosmodromundan Yerin məsafədən yüksək görüntü ilə zondlanması üzrə başqa bir peyk orbitə çıxarılıb. “Jilin-1 Gaofen 02A” adlı peyki orbitə “Kuaizhou-1A” raketdaşıyıcısı aparıb. Çin Kosmos Elmləri və Sənayesi Korporasiyasının mütəxəssislərinin hazırladıqları peyk kənd təsərrüfatı, meşəçilik, ətraf mühitin mühafizəsi sahəsində xidmətlər üçün istifadə olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət