Slimfit
  1. MARAQLI

Cənubi Hindistanın ilan insanları

Cənubi Hindistanın ilan insanları
Sakura

Cənubi Hindistanın ilan insanları

Kobranın bu qədər heyranedici olduğunu bilmirdim.

Bir neçə il qabaq quru və tikanlı kollarla dolu Cənubi Hindistana səyahət edərkən yol qırağında bir nəfər ilanının başını yuxarıdan sallayaraq nümayiş etdirirdi.

O vaxt şəhər ətrafı boyunca uzanan yolda rahat və sərin maşında səyahət edirdim. Maşının sürəti və şəhər həyatına öyrəşən gözlərim həmin an ilanın gücünü beynimdə dolğun əks etdirə bilməmişdi.

İndi isə kobra ilə aramda 3 metrdən az məsafə var. Bizi yalnız qısa kərpic divar ayırır. Gözlərimi bu fısıldayan və hücuma hazır ilanlar kralından ayıra bilmirəm.

"Biz kənardakı ağacları budayırıq," Hindistanın ən zəhərli ilanlarından biri sayılan kobranı əli ilə sakitcə tutan Rajendran deyir. Onun əynində boş pambıq köynək və rəngi solmuş "lungi" (aşırma ətək və ya sarong) var.

O, kobranı ucunda hamar qarmağı olan uzun dəmir çubuqla gil qaba tərəf yönəldir.

"Budama maşının titrəməsi ilanı əsəbi edir."

Mən Rajendran ilə Çennai şəhərindən kənarda yerləşən Vadnemmeli adlı kiçik sahil kəndində görüşmüşdüm. Günəş şüaları Benqal körfəzinin sularını parıldayan gümüş lentlərə bənzədirdi. Rajendran bu mənzərəni seyr edərək mənə ilanlarla işindən bəhs edirdi.

Rajendran Hindistanın ən qədim yerli qəbilələrindən biri olan İruladandır. Bu qəbilə Tamil Nadu ştatının şimal-şərq sahilində yaşayır.

Onlar ilanlar haqqında qədim və dərin biliklərinə görə tanınırlar. Onların bu bacarıqları Hindistan səhiyyəsinin çox mühüm, ancaq demək olar ki, gözə görünməyən bir hissəsini formalaşdırır.

"İnsanların çoxu ilanlardan qorxur," regionun zəhərsiz ilanları qeyd olunan böyük lövhənin yanında dayanan Rajendran deyir.

"Amma unutmamalıyıq ki, ilanları yalnız sağ qalmaq maraqlandırır. Əgər biz təlaşlı şəkildə hərəkət etsək, ilan bunu təhlükə kimi qəbul edər və hücuma keçər. Ancaq sakit dayanan zaman ilan sürünüb gedər."

Biz, 1978-ci ildə Vadanemmeli-də yaradılmış və məqsədi ilanları tutub, zəhərlərini çıxarmaq olan İrula İlan Tutanlar Sənaye Kooperativ Cəmiyyətinin (Irula Snake Catchers Industrial Co-Operative Society) ofisində idik.

Hər il təxminin 50 min insan ilan vurmasından həyatını itirir və yeganə etibarlı müalicə antivenomun (zəhər əleyhinə vasitə) dərhal tətbiqidir.

Hər il Hindistan üzrə altı şirkət 1.5 milyon antivenom istehsal edir və bunun böyük hissəsi irulalılar tərəfindən çəkilən zəhərdən hazırlanır.

Rajendran bir hissədə yerləşən və alçaq kərpic divarla əhatələnən dərin quma tullanır və mənə kənarda dayanmağı tapşırır.

Ərazini Günəşdən hündür küləş tavan qoruyur və qumun ortasında kiçik qalxan platformada sadə qara lövhə yerləşir. Onun üzərində isə ilanların saxlandığını göstərən məlumatlar var. Bura zəhər çəkilən yerdir.

Rajendran "kannadi viriyan" və ya gürzə adlı ilanı qumun bir kənarında yerləşən qabdan çıxarır və platformaya yerləşdirir. Bu ilanın dərisindəki gözəl dairəvi naxışlar adətən insanlarda qorxu yaradır. Çünki onlar regionun ən aqressiv zəhərli ilanlarıdır.

"Hazırda çox ilan saxlamırıq," o, səliqə ilə düzülmüş içiboş gil qablara işarə ilə deyir.

Hər bir qaba iki ilan yerləşdirilir, amma əvvəlcə içi yarıya qədər qumla doldurulur. Qabın ağzı isə ehmallı şəkildə məsaməli pambıq parça və ya tənzif ilə kip örtülür.

Bu halda ilanlar çölə çıxa bilmirlər və kifayət qədər hava alırlar. Bu, çox mühüm təhlükəsizlik tədbiridir, xüsusilə də zəhərli ilanların sayı çox olduğu zamanlarda həm ilanların, həm də ərazidəki insanların təhlükəsizliyi üçün əhəmiyyətlidir.

İrula İlan Tutanlar Sənaye Kooperativ Cəmiyyəti 1978-ci ildə ilanları tutmaq və zəhərlərini çəkmək məqsədi ilə yaradılıb

Kooperativ eyni anda 800 ilan saxlamaq lisenziyasına sahibdir.

"Bir hər ilanı 21 gün saxlayırıq və həmin müddət ərzində dörd dəfə zəhər çəkirik," Rajendran deyir.

Sonra isə ilanlar vəhşi təbiətə buraxılır. Qarın nahiyələrinə vurulan kiçik işarə eyni ilanın ikinci dəfə tutulmasının qarşısını alır.

"Həmin işarə dəri bir neçə dəfə soyulduqdan sonra yoxa çıxır."

Rajendran-ın bu canlılarla işləmək bacarığı və anlayışı regionun meşələri və kolluqlarında keçən uşaqlığından qaynaqlanır. O uşaqlığından bəri yüzlərlə ilan görüb.

İrulalar adətən çox sakit işləyirlər. Hətta meşəyə bir neçə nəfərlik qrup şəklində gedərkən belə. Onlar torpaqdakı zəif işarələr əsasında ipucu axtarmaq gərəkib-gərəkmədiyini instinktiv olaraq anlayırlar.

Lakin onlar ilanlar haqqında malik olduqları bilikləri öyrətməkdə çətinlik çəkirlər. Həm adi insanlara, həm də sürünənləri öyrənən peşəkarlara.

Hər il Hindistanda təxminin 50 min insan ilan vurmasından həyatını itirir

İrula icmasının ilanlarla münasibətinin mənbəyi sirr olsa da, mifologiyalarında yerli animist ənənələri əsas dinin lüğəti ilə qarışıb.

Onların əsas tanrıları bakirə ilahə Kanniamma-dır. Kanniamma kobra ilə əlaqələndirlir. Bir çox rituallara rahibin trans vəziyyətə keçməsi və ilan kimi fısıldaması daxildir. Bu isə ilahənin ruhunu simvolizə edir.

İrulalılar həmçinin ilan dərisi ovu vasitəsilə pul qazanıblar. İlahələrinə pərəstiş əlaməti olaraq onlar ilan əti yemirlər.

Yerli dabbaqlar bir dəri üçün 10-15 rupi ödəyərmiş. Həmin dərilər sonra emal edilib, Avropa və ABŞ-a dəb sənayesində istifadə üçün göndərilərmiş.

Lakin 1972-ci ildə Vəhşi Təbiətin Qorunması Aktı Hindistanda ilanlar da daxil olmaqla, bir sıra heyvanların ovunu qadağan edib.

"Vəhşi Təbiətin Qorunması Aktı qüvvəyə mindikdən sonra, irulalılar pis vəziyyətdə qalırlar," təxminən 50 ildir ki, irulalılarla işləyən herpetoloq və təbiət mühafizəçisi Romulus Whitaker deyir.

Bir çox İrula ailəsi üçün ilan dərisi satmaqla qazanılan kiçik məbləğ onların aylıq gəlirlərinin böyük hissəsini təşkil edir.

"Deyərdim ki, onlar aclıq çəkirdilər," Whitaker əlavə edir.

Hər il irulalıar tərəfindən çəkilən zəhərdən Hindistan üzrə 1.5 milyon antivenom istehsal edilir

Kooperativ cəmiyyətin yaradılması mühüm dönüş nöqtəsi olur. İşə irulalıların (2011-ci siyahıyaalınmasına əsasən, 190 min nəfərdir) cəmi bir faizindən də az hissəsi götürülsə də, qurumun varlığı onların ənənəvi bacarıqları üçün bir növ legitimlik yaradır.

Ovçu-yığıcı kimi irulalılar yerli hakimiyyət üzvləri üçün brakonyer rolunu oynayırdılar.

Regiondakı başqa icmalar onlara şübhə ilə yanaşırdılar. Və onların ilanlarla işləməsi mənfi rəyi daha da gücləndirirdi.

İrualılı qadın Susila onların tez-tez üzləşdikləri ayrı-seçkilikdən söz açır.

"Kəndə gedəndə bizə alçaldıcı sözlərlə müraciət edirdilər," o deyir.

"Bizimlə yaxşı davranmırdılar və borca pul götürərkən tez-tez aldadılırdıq."

İrulaların əksəriyyəti təhsilsiz olduqlarına görə əziyyətli işləri görür, düyü dəyirmanlarında toxumun qabıqlarını soymaqla pul qazanırdılar. Susila-nın səsindəki qüruru hiss etməmək mümkün deyil.

"Biz zəhmətkeşik və ehtiyatla işləyirik. İş gününün sonunda bizim təmizlədiyimiz düyülərin heç birində qırıq görmək olmazdı."

İrulalıların ilanlarla əlaqəsinin mənbəyi sirdir

Lakin məhz ilanlarla münasibətdə qazandıqları bacarıqlar sayəsində Florida Balıq və Vəhşi Təbiətin Mühafizəsi Komissiyasından təklif alıblar.

Kollektivin iki üzvü, Masi və Vadivel, dünyanın yarısını aşaraq, Everglades Milli Parkındakı Burma pitonlarının geniş yayılması problemini həll etmək üçün təşkil olunan layihədə iştirak ediblər.

Bu nəhəng ilanların sayı Everglades-də kəskin şəkildə artdıqca milli parkdakı xırda məməlilər üçün təhlükəyə çevrilməyə başlayırlar.

Everglades-də keçirdikləri iki aylıq vaxt ərzində Masi və Vadivel 34 piton tuturlar. Təlim keçmiş itlər və amerikalı ovçular bu effekti əldə edə bilməmişdilər.

"İrulalılar bizim ən yaxşı tapıntımızdır," Florida Universitetinin vəhşi təbiət üzrə mütəxəssisi Joe Wasilewski deyir. O, nəsli kəsilməkdə olan növləri Burma pitonlardan qorumaq üçün irəli sürülən uzunmüddətli həll yolundan danışır.

İlanlarla işlərinə görə İrulalara regionun digər icmaları şübhə ilə yanaşıblar

Lakin irulalıların həyat tərzinə təzyiq hələ də davam edir. Rajendran urbanizasiyanın Vadanemmeli-yə yaxınlaşması və kommersiya müəssisələrinin vəhşi təbiətə ayaq açmasından narahatdır.

Çennaidə yeddi milyondan çox insan yaşayır və onlar hər tərəfə yayılırlar. Vadanemmeli böyüyən şəhər tərəfindən asta-asta zəbt olunur.

Kəndə gedən yol şüşəli mağazalar və böyük bağ evləri ilə zəngindir. Zəhər çıxarma ərazisinin yaxınlığında üzü körfəzə baxan lüks istirahət mərkəzlərini görmək mümkündür.

Bundan əlavə, Dünya Səhiyyə Təşkilatı (WHO) antivenomun saxlanılan ilanlardan çəkilməsini məsləhət bilir. Bu isə irulalıların bacarıqlarına olan tələbatın aşağı düşməsi deməkdir. Çünki onlar yalnız vəhşi təbiətdəki ilanlarla işləyirlər.

Masi, Vadivel və Rajendran sürünənləri bu qədər yaxından tanıyan sonuncu nəslin nümayəndələri ola bilərlər. Bir çox irulalı valideynlər övladlarının Hindistan cəmiyyətinə qaynayıb-qarışmasını istəyirlər. Uşaqlarını məktəblərə yazdıran insanların sayı artır və belə olduqda uşaqlar valideynləri ilə meşələrə getmirlər.

"Balaca uşaqların əksəriyyəti ilanlardan qorxur," Whitaker deyir.

İki irulalı kişinin Floridaya səyahəti nəticəsində Everglades-də Burma pitonları ilə bağlı yaşanan problem həll olunur

Bəziləri isə hələ də icmalarının ənənəvi bacarıqları ilə fəxr edirlər.

"Məhz ilanlarla işləmək bacarığımız bizi məşəqqətli günlərdən çıxarıb və çətin anlarda dadımıza çatıb," Susila gülümsəyərək deyir.

"Böyüklərimizdən öyrəndiklərimiz bizimlə itməməlidir."

Mən Vadanemmeli-ni bu sürünənlərə yeni yanaşma ilə tərk edirəm. Təbiətdə kobra ilə üz-üzə gəlsəm, Rajendran-ın məsləhətinə əməl edə bilərəmmi deyə düşünürəm. Onun sakitləşib, yanımdan uzaqlaşmasını gözləyəcək qədər səbir sahibi olduğuma şübhə edirəm.

Yəqin ki, Kanniamma-ya dua edərək onun getməsini diləyərəm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR