Cəmiyyətdə polis veteranlarına, onların təcrübələrinə böyük ehtiyac var
Qazax Rayon Polis Şöbəsində polis veteranları ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev ölkəmizdə polis veteranlarının təcrübəsindən, onların bilik və bacarıqlarından istifadə edilməsindən danışıb. Bildirib ki, polis veteranlarının ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətləri güclənib.
Qeyd edilib ki, bu gün cəmiyyətimizdə polis veteranlarına, onların təcrübələrinə böyük ehtiyac var. Bir sıra xarici qüvvələrin pozuculuq fəaliyyətinin, xüsusilə müxtəlif dini cərəyanların yeniyetmə və gənclər arasında təbliğinin qarşısının alınmasında, narkomaniyaya qarşı mübarizədə onların yardımı əvəzolunmazdır.
Görüşdə çıxış edən rayon polis veteranları şurasının sədri Ramiz Xəlilov, hər zaman olduğu kimi, bu gün də Azərbaycanda cinayətkarlığa qarşı barışmaz və kəskin mübarizə aparıldığını deyib.
Vurğulanıb ki, son dövrlər ölkəmizdə daxili işlər orqanları tərəfindən həyata keçirilən operativ əməliyyat və profilaktik tədbirlər nəticəsində cinayətlərin açılma faizi çoxalıb, respublika üzrə kriminogen vəziyyət xeyli sabitləşib. Sevindirici haldır ki, hazırda polis orqanları müasir tələblərə uyğun inzibati binalar, maşınlar və digər lazımi avadanlıqlarla təmin olunub.
Gənc polis əməkdaşları adından çıxış edən Qazax RPŞ-nin kadrlar qrupunun baş inspektoru Vüsal Hüseynov bildirib ki, veteran həmkarlarla mütəmadi görüş gənc polislərə stimul verməklə yanaşı, onların bilik və bacarıqlarına da müsbət təsir edir. Belə ki, nəzəri biliklərlə yanaşı, praktiki təcrübə tələb edən polis peşəsində veteranların təcrübəsi hər zaman köməyə çatır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət