“Çelsi” azarkeşləri ikiqat ucuz marşrutla Bakıya gəlirlər
İngiltərənin “Çelsi” klubunun iki azarkeşi UEFA Avropa Liqasının final oyunu üçün ikiqat ucuz marşrutla Bakıya yollanıblar.
“Report” “Sportsmail”ə istinadən xəbər verir ki, Kevin Kobb və onun oğlu Ceyk Ralf Londonda “Thomas Cook Sport” şirkətinin hər bir şəxs üçün bilet qiymətinin daxil olmadığı 979 funt sterlinqlik səfər paketdən imtina edərək, özləri sərbəst şəkildə Azərbaycana üz tutublar.
Onlar Bakıya çatmaq üşün iki təyyarə, iki qatar və bir dəfə taksidən istifadə etməklə, təxminən, 5500 km məsafəni qət edəcəklər. Ata və oğul mayın 21-də Londondan İstanbula uçublar. Orada bir gün keçirəndən sonra yenidən təyyara ilə Ankaraya gediblər. Oradan isə qatarla Qarsa yollanıblar. Qarsdan isə Tbilisiyə gəliblər. “Çelsi” fanatları Gürcüstanın paytaxtından qatarla yola düşməyi və mayın 27-də Bakıda olmağı planlaşdırırlar.
Ceyk Ralf səfərlə bağlı təəssüratlarını bölüşərkən, “Çelsi”nin onları pis vəziyyətdə qoyduğunu söyləyib. O, Bakıya səfər üçün hərəyə, təxminən, 500 funt sterlinq xərclədiklərini deyib: “Bakıya birbaşa gediş-dönüş bileti real qiymətdən bahadır. Həm də biz unudulmaz səyahət etmək istəyirdik. Belə şeylər bir dəfə olur və ömürlük yadda qalır. “Thomas Cook Sport” şirkətinin təklif etdiyi paketlərin qiymətinin 1000 funt sterlinq civarında olması üzücüdür. Axı, hələ mayda növbəti mövsüm üçün abunə biletinin müddətini uzatmaq lazımdır. Klub bizi pis vəziyyətdə qoydu. Onlar sadəcə bu səfərlərdə pul qazanırlar. Belə vəziyyətdə ideyamız yarandı. Biz yaxşıca qənaət etdik. Hər birimiz səfər üçün təxminən 500 funt sterlinq xərcləyəcəyik. Bəziləri bizi dəli hesab etdilər, amma belə oyunlar həyatda bir dəfə olur. Bu, mənim mövümdəki 53-cü, ümumilikdə isə 677-ci oyunum olacaq. Deyəsən, atamda ikiqat çoxdur”.
Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçında Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət