Slimfit
  1. ƏDƏBİYYAT

Cəlil Məmmədquluzadə - Qurbanəli bəy (II hissə)

Cəlil Məmmədquluzadə - Qurbanəli bəy (II hissə)
Sakura

Cəlil Məmmədquluzadə - Qurbanəli bəy (II hissə)

Kərbəlayı Qasım başladı yalvarmağa:

- Ay ağa, sən bilirsən ki, mən içmənəm. Aman günüdü, məni çövür balovun başına, mən içə bilmənəm.

Bəy bir qədər də nökərini yaxalayıb gördü ki, içmir və çaxırın bir azını tökdü Kərbəlayı Qasımın üstünə və bir azını da özü içdi.

Ağalar və xanımlar məşğul oldular çay içməyə. Qurbanəli bəy də gedib bir tərəfdə oturdu və üzünü naçalnikə tutub dedi:

- Mənim nökərim Kərbəlayı Qasım lap biqeyrətdi. Mən indiyə ki­mi nə qədər eləmişəm ona bir qətrə çaxır içirdə bilməmişəm. Deyirəm ki, axı, ay axmaq, sən ki, üzümü yeyirsən, axı bu nədi ki? Üzüm suyu deyil məgər? Nə qədər eləyirəm, içmir.

Naçalnik Qurbanəli bəyə cavab verdi ki, Kərbəlayı Qasım qanmır, avamdı. Qurbanəli bəy qəh-qəh çəkdi və dedi:

- Necə qanmır? Çox yaxşı qanır. О məgər qanmır ki, çaxır üzümdən qayrılır? Çox əcəb qanır. Ancaq biqeyrətdi, onun üçün içmir.

 Yarım saata kimi ağalar və xanımlar çay içməyə və söhbətə məşğul oldular. Kəndlilər də yallı gedirdilər. Xanımlarm biri hərdənbir əllərini basırdı qulaqlarına və ərinə şikayət edirdi ki, "zurnanın səsindən az qalır qulaqlarım tutulsun". Pristav xanımın gileyini başa düşəndən sonra toyçulara çığırdı ki, daha çalmasınlar. Toyçular sakit oldular.

Toyum səsi kəsilcək Qurbanəli bəy üzünü toyçulara çöndərib çığırdı.

- Ədə, çalm, namərdlər!

Pristav bəyə dedi ki, toyun səsi xanımlara xoş gəlmir, qoy çalmasınlar. Qurbanəli bəy durdu ayağa, pristava dedi:

- Mən ölüm qoy çalsınlar, mən istəyirəm oynayam. Pristavın cavabını gözləməyib Qurbanəli bəy toyçulara çığırdı:

- Ədə, çalın! "Uzun dərə" çalın/

Toyçular hazırlaşırdılar çalmağa. Naçalnik durdu ayağa və börkünü başına qoyub bəyə dedi:

- Bəy, hələ sonra oynarsan. Göndər nökərini sizin atınızı çəkib gətirsin, mən istəyirəm ata baxam.

Qurbanəli bəy sağ əlini qoydu gözünün üstünə və dedi:

- Naçalnik, qurbandı sənə mənim atım! Bu sözlərdən sonra bəy nökərini çağırdı:

- Kərbəlayı Qasım, tez get atı çək gətir, naçalnik baxsın. Kərbəlayı Qasım qaçdı və tövlədən atı çıxartdı eşiyə. Naçalnik,

pristav, Qurbanəli bəy, pristavların biri və xanımların biri getdilər atın yanına. Qurbanəli bəy ata yavıqlaşıb başladı atın alnını tumarlamağa. Naçalnik keçdi atın dalına, sonra keçdi qabağına və istədi ağzını açıb dişlərinə baxsın. Ал başını göyə qalxızıb çəkildi bir tərəfə.. Qurbanəli bəy çığırdı ata:

- Tərpənmə, axmaq!

Naçalnik genə çəkildi atın dal tərəfinə. Qurbanəli bəy yapışdı atın dodağından və ağzının bir tərəfini açdı və naçalnikə dedi:

- Naçalnik, buyur bax. Həyə inanmırsan, buyur bax bu il dördünə ayaq qoyur.

Naçalnik yavığa gəlib əyildi və başını uzatdı atın ağzına. At genə başını qovzadı göyə. Qurbanəli bəy hirslənib istədi atın ağzından bir yumruq vursun. At qabaq əllərini qaldırdı göyə və az qaldı noxtanı Kərbəlayı Qasımın əlindən qoparsın. Kərbəlayı Qasım asıldı noxtadan və çığırdı:

Buna bax, ha!

Sonra naçalnik Kərbəlayı Qasıma dedi ki, bir az atı dolandırsın. Kərbəlayı Qasım atı yavaş-yavaş çəkdi bir tərəfə. Heyvan Kərbəlayı Qasımın dalınca gedə-gedə hərdən alnını sürtürdü Kərbəlayı Qasımın kürəyinə və hərdənbir о tərəfə-bu tərəfə baxıb kişnəyirdi.

Naçalnik Qurbanəli bəydən yenə atın qaçmağını soruşdu. Qurbanəli bəy baxdı naçalnikin üzünə və bir söz deməyib Kərbəlayı Qasımı çağırdı. Kərbəlayı Qasım atı çəkdi yavığa və Qurbanəli bəy tez qalxdı atın üstünə və heyvanı təpiklədi. At durduğu yerdə bir neçə arşın fasiləni sıçrayıb, üz qoydu yola tərəf qaçmağa və yarım dəqiqənin içində gözdən itdi. Yarım dəqiqədən sonra Qurbanəli bəy çaparaq qayıdıb gəldi və atı sürüb az qaldı soxulsun qonaqlar oturduğu məclisə. Xanımlar çığırışıb qaçışdılar bir tərəfə və Qurbanəli bəy tez atı saxlayıb özünü tulladı yerə və durdu naçalnikin qabağında. Naçalnik bəyə dedi:

- Moladets - və bəy cavab verdi:

- Naçalnik, bu nədi ki! Hələ sən mənim о biri atımı görməmisən. Bəlkə onu görəsən! Bu nədi ki, onun yanında.

Kərbəlayı Qasım atı çəkib apardı.

Hava qaraldıqdan sonra pristavın otaqlarında çıraqları yandırdılar və qonaqlar məşğul oldular kart oynamağa. Saat on birdə qonaqları genə dəvət elədilər xörək otağına və genə ağalar və xanımlar xörək stolunun ətrafına düzülüb başladılar şam eləməyə. Naçalnik cücənin ətindən bir-iki tikə yeyəndən sonra götürdü çaxır butulkasını və başladı əvvəl öz stəkanını, sonra qonşularının stəkanını doldurmağa və sonra ayağa durub stəkanı uzatdı pristavın arvadına tərəf və dedi:

- Bu gün bizim buraya yığışıb belə ləzzətlə vaxt keçirməyimizə siz səbəb olubsunuz. Buna cəhət mən bu stəkanı içirəm sizin sağlığınıza.

Bu sözləri deyib, naçalnik stəkanı vurdu xanımın stəkanına və çaxırı içib oturdu. Yavuqda oturan qonaqlar da stəkanlarını uzadıb xanımın stəkanı ilə çıqqıldatdılar və içdilər. Qurbanəli bəy də yerindən qalxıb, dolu stəkanını götürüb vurdu xanımın stəkanına və xanımın başının üstündə durub dedi:

- Mən özümü bu gün xoşbəxt hesab eləyirəm ki, bu məclisdə varam. Allah sənin ərin Mixail Pavloviçi bizim mahaldan uzaq eləməsin. Ondan ötrü ki, çünki nə qədər ki, Mixail Pavloviç bizim mahalda deyildi, bizim kəndlilər də bədbəxt idilər, mən də bədbəxt idim. Ondan ötrü ki, bilmirəm nədəndirsə keçən pristavları mən о qədər istəməzdim ki, Mixail Pavloviçi istəyirəm. Amma beş-on il bundan irəli burda bir pristav vardı; çox lotu oğlan idi. Mənə bir tula bağışlamışdı. Allah onu da sağ eləsin, səni də sağ eləsin, hamımızı sağ eləsin. İçirəm mən sənin sağlığına, a xanım,urra!

Bu sözləri deyəndən sonra Qurbanəli bəy çaxırı çəkdi başına və içəndən sonra stəkanı çöndərib ağzı yerə tərəf tutdu ki, görsünlər stəkanda bir qətrə də çaxır qalmayıb və keçib oturdu yerində. Bir qədər keçəndən sonra pristavın arvadı götürdü çaxırı və naçalnikin stəkanını, öz fincanını və qonşularının stəkanlarını doldurub üzünü naçalnikə tutdu və dedi:

- Mən özümü borclu hesab edirəm sizdən razılıq eləməyə ki, bu uzun yolu zəhmətlə buraya gəlib məni sərəfraz buyurubsunuz.

Sözlərini deyəndən sonra xanım fincanını tutdu dodaqlarının qabağına. Qonaqlar da stəkanlarını uzadıb vurdular naçalnikin stəkanına. Qurbanəli bəy yerindən qalxıb, əlində dolu stəkan gəlib durdu naçalnikin yanında və dedi:

- Naçalnik ağa, içirəm mən bu stəkanı sizin sağlığınıza. Allah da buna şahiddir ki, nə qədər bizim vilayətə naçalniklər gəlib - gedib, mən onların heç birini о qədər istəməmişəm. Naçalnik ağa, sən bizim başımızın sahibisən. Nə qədər ki, bizim mahalda camaat var, onlar hamısı sənin yolunda başlarından keçərlər. Mən özüm sənin yolunda oda girərəm. Qurban sənə mənim canım. Nə qədər ki, mən sağam nökərəm sənə. İçirəm mən bu stəkanı naçalnik ağanın sağlığına. Urra!

Bu sözləri deyən kimi Qurbanəli bəy stəkanı çəkdi başına, stəkanın ağzını çöndərdi yerə, guya bir qətrə də qalmadı; sonra gedib oturdu yerində. Qonaqlar genə məşğul oldular yeməyə.

Bir qədər keçəndən sonra xanımın əri pristav götürdü çaxır şüşəsini, əvvəl öz stəkanını doldurdu, sonra qonşularının stəkanını doldurdu və sonra ayağa durub dedi:

- Ağalar və xanımlar! Məlumdur ki, bir düşmən istəyə bizim üstümüzə hücum çəkə, bizi saxlayan qoşunlarımız olacaq. Buna cəhət mən içirəm bu stəkanı bizim qoşunlanmızın əfsəri Nikolay Vasilyeviçin və onun xanımı Anna İvanovnanın sağlığına.

Pristav bu sözləri deyib stəkanı uzatdı bir əfsərə və onun yanında oturan arvada tərəf. Qonaqlar da habelə stəkanlarını çıqqıldadıb içdilər. Qurbanəli bəy də ayağa durub dolu stəkanını uzatdı əfsərə və arvadına tərəf dedi:4

- Ay əfsər ağa, ay xanım, mən içirəm sizin sağlığınıza. Allah sizin kölgənizi bizim başımızın üstündən əskik eləməsin. Allah düşmən qabağında sizin qılıncınızı kəskin eləsin. Yəni mən bu sözləri ondan ötrü demirəm ki, düşməndən qorxuram. Hansı düşmən cürət eləyib mənim qabağıma çıxa bilər?! Bu xəncəli mən soxaram onun qarnına! Mən heç düşməndən qorxmuram. Sizin dövlətinizdən mən heç bir kəsdən qorxmuram. Nə qədər canım sağdır, mən nökərəm sənin xanımına. Sağ olsun Anna xanım, urra!

Bəy çaxırı çəkdi başına.

Bu qayda ilə ağaların və xanımların bir-bir sağlığına içdilər. Hər dəfə Qurbanəli bəy dururdu ayağa, hərənin barəsində bir nitq söyləyir, bir dolu stəkan içirdi və otururdu. Yavaş-yavaş çaxırın buxan qalxdı bəyin başına və lap axırda bəy bərk kefləndi.

Qonaqların hamısının sağlığına içəndən sonra qonaqlar başladılar Qurbanəli bəyin sağlığına içməyə. Xanımlar bir-bir stəkanlarını uzadıb vurdular bəyin stəkanına. Qurbanəli bəy şadlığından az qaldı özündən getsin. Qonaqların hamısı bəyin sağlığına içəndən sonra bəy stəkanı yuxan qalxızıb dedi:

- Ağalar və xanımlar! Siz ki, mənim sağlığıma içdiniz, qurban olsun sizə mənim canım. Mən ölənə kimi bu günü yadımdan çıxarmanam. Amma, ağalar, mənim sizdən bir xahişim var. Mən ölüm, mənim sözümü yerə salmayın. Mən sizin hamınızı sabah öz evimə qonaq təklif eləyirəm. Vallah, billah, atamın goru haqqı, mən bilmirəm necə sizin xəcalətinizdən çıxım?! Mən lap əriyib yerə girirəm ki, bu qədər xanım mənim sağlığıma içsin. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığıma içsin? Mən bu xanımların ayağınm torpağı da ola bilmənəm. Vallah, billah, atamın goru haqqı sabah bizə qonaq gəlməsəniz, mən özümü öldürərəm. Mən istəyirəm sizə qulluq eləyim. Mən istəyirəm sizə nökərçilik eləyim. Sabah bizə gəlməsəniz, mən bu xəncəli soxaram qarnıma. Cənab naçalnik, səndən də çox təvəqqə eləyirəm, ay xanım, səndən də təvəqqə eləyirəm. Əfsər ağadan da eləyirəm. Anna İvanovna, qurban olsun sənə mənim canım, səndən də təvəqqə eləyirəm. Ağalar, xanımlar! Hamınızdan təvəqqə eləyirəm. Hər kəs gəlməsə, namərddi. Aman günüdü, özümü öldürərəm! Qurban olsun sizə mənim canım. Sağ olsun xanımlar. Urra! Urra!

Bəy stəkanı çəkdi başına. Naçalnik siğarı damağına salıb, üzünü tutdu pristavın xanımına və dedi:

- Gələsən sabah qonaqlığa gedək, Qurbanəli bəyə qonaq olaq? - Xanım baxdı ərinin üzünə və dedi:

- Mən çox xoşhallıqla gedərəm. Yaxşı olar. Bəyin arvadını da görərəm. Görərəm necə paltar geyir.

Əfsər də arvadından soruşdu:

- Gedərsənmi? - Arvadı dedi:

- Gedərəm.

Qonaqların biri də dedi ki:

- Əgər bəy bizə bir yaxşı müsəlman plovu versə, gedərəm. Qurbanəli bəy plov sözünü eşitcək tez qalxdı ayağa və çığırdı:

- Necə plov? Necə plov? Atamın goru haqqı, sizə elə bir plov verərəm ki, ömrünüzdə yeməmiş olarsınız. Mənim aşpazım bişirən plovu kim bişirə bilər? İnanmırsınızsa Kəblə Qasımdan soruşunuz. Hanı Kəblə Qasım? Kəblə Qasım, Kəblə Qasım!

Qurbanəli bəy başladı ucadan Kərbəlayı Qasımı çağırmağa; guya ki, Kərbəlayı Qasım buradadır. Pristavın nökərlərindən biri içəri girib dedi ki, burada Kərbəlayı Qasım yoxdur. Bəy hirslənib nökərə dedi ki:

- Çağırın о axmaq oğlunu gəlsin.

Nökər çıxdı getdi və bəy özü də qapıya tərəf yeridi. Pristavın arvadı bəyə dedi ki:

- Sən zəhmət çəkmə, nökərlər çağırarlar gələr. Bəy genə başladı plovu tərifləməyə.

- Mən siznən mərc gələrəm. Həyə bir yanda elə plov yemiş olsanız, tüpürün mənim üzümə.

Qonaqlar güldülər. Naçalnik də gülə-gülə dedi:

- A bəy, söz yox ki, evdəki tərifli atını da bizə görsədərsən. Qurbanəli bəy naçalnikə yaxınlaşıb hər iki əllərini qoydu gözünün

üstə və dedi:

- Bu gözlərim üstə, hansını bəyənsən, peşkəşdi. Lotu lotuyana deyirəm, mən təzvir-məzvir bilmənəm. Hansını xoşlasan, atamın goru haqqı peşkəşdi sənə.

Nökər girdi içəri və dedi ki, Kərbəlayı Qasım yatıb. Bəy nökərin üzünə baxıb əvvəl dinmədi və sonra xəncərinin dəstəsindən yapışıb dedi:

- Get, о haramzada oğlu haramzadaya de ki, bu saat durub bura gəlməsə, bu xəncəli gedib soxaram onun qarnına!

Nökər çıxdı eşiyə. Pristavın arvadı bəyə üzünü tutub dedi:

- Niyə biçarə kişini oyadırsan? Nəyə lazımdır? Bəy cavab verdi:

- Ay xanım, başına dolanım, necə nəyə lazımdır? Ağzı nədi bu tezlikdə yatsın. Qoy gəlsin görək kimin hünəri var mənim aşpazım bişirən plovu bişirsin?!

Qonaqlar genə gülüşdülər.

Kərbəlayı Qasım şişmiş gözlərini bərəldib, girdi içəri. Ağası genə əlini xəncərin dəstəsinə aparıb dedi:

- Kəblə Qasım, mən səni öldürərəm! Qonaqlar genə gülüşdülər.

Kərbəlayı Qasım əllərini döşünə qoyub, alçaq səslə dedi:

- Niyə, başına dönüm, ağa? Bəy hirsli və uca səslə:

- Hələ soruşursan da niyə? Gəl gör bu ağalar nə deyirlər. Mən ha deyirəm ki, bizim Əli bişirən plovu heç kəs bişirə bilməz, bunlar inanmırlar.

Kərbəlayı Qasım alçaq səslə cavab verdi:

- Bəli, ağa, Əli yaxşı plov bişirir.

Qurbanəli bəy üzünü qonaqlara tutub sevincək və ucadan dedi:

- Di, gördünüz? Di, gördünüz? İndi sözünüz nədi? Qonaqların çoxusu cavab verdi:

- Doğrudu, doğrudu, inanırıq.

 

(III hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR