Slimfit
  1. ƏDƏBİYYAT

Cəlil Məmmədquluzadə - Hamballar

Cəlil Məmmədquluzadə - Hamballar
Sakura

Cəlil Məmmədquluzadə - Hamballar

Tarixi-miladinin 1921-ci ilindә,-- ki bolşevik inqilabının Bakıda ikinci ili idi,--tәzә Kommunist hökumәti var qüvvәtini vә hәvәsini mәmlәkәti düzәltmәyә sәrf etmәkdә idi,--mәn dә qohumlarımızın birinin evindә yaşayırdım. Qabaqca mәnzil tapmaq fikrinә düşdüm. Rәfiqlәrimin kömәkliyi ilә vә idarәlәrin sayәsindә mәnzil dә tapdıq; ancaq mәnә verilәn üç otağın nә bir stol-kürsüsü vardı ki, üstündә oturub yazı yazasan, nә dә bir qeyri avadanlıq vardı. Haradan da tapmaq olar? Nә dükan-bazar var ki, gedib pul verib alasan, nә dә çoxluca pul var ki, dәllal vasitәsilә artıq qiymәt verib hәr bir şeyi gәtirdәsәn.

Xülasә.

Stol-kürsü qeydindәn dә mәni qurtaran genә, mәnә tanış idarәnin birisi oldu; belә ki, bir kağız verdilәr әlimә ki, gedim Bolşoy Morskoy küçәdә 13 nömrәli hökumәt anbarından bu şeylәri alım aparım (söz yox, pulsuz): iki şkaf (kitab şkafı vә çörәk şkafı), iki kürsü (böyük vә kiçik), dörd dәnә sandalya (üstә oturmağa), iki dәnә kravat (biri dәmir, biri taxta), bir dәnә çaydan (samavar әvәzi) vә bir dәnә rus qazanı (bozbaş bişirmәyә).

Amma bunu da lazım bilirәm burada qeyd edәm ki, bu kağızı mәnim әlimә verәn mәmur kağızı verәndә dedi ki:

"Anbarın müdirinә bu kağızı göstәr vә söylәginәn ki, xırda-mırda şey vermәsin ... yaxşısını versin!"

Hәrçәnd bu sözlәr mәni bir az fikrә saldı, mәn "Baş üstә" deyib getdim vә Bolşoy Morskoy küçәdә haman anbarı tapdım. Anbarın müdiri sarısaqqal kişi idi. Kağızı nişan verdim. Müdir kağızı aldı vә başını bulaya-bulaya oxudu vә bir söz demәyib qәlәmi götürdü, haman kağızın üstünә bir şey yazdı vә axırda mәnә verib dedi:

"Yoxdu."

Mәn çıxdım küçәyә vә kağıza baxıb gördüm ki, qırmızı mürәkkәblә yazılıb: "Anbardan daha şeylәr qurtarıb". Gәtirdim kağızı verdim haman mәnә kağız verәn idarәnin katibinә, o da kağızı oxudu vә gülә-gülә dedi:

"Bijlik elәyir."--Vә haman kağıza bu da qırmızı mürәkkәblә bir şey yazdı, verdi mәnә vә dedi:

"Bu kağızı apar ver vә şeylәri götür apar!"--Mәn dedim:

"Axı müdir burda yazır ki, şey yoxdu."

Katib genә gülümsündü vә dedi:

"Bijlik elәyir."--Mәn dedim:

"Yaxşı, bәs nә elәmәk, çarә nә?"

Katib bir az fikirlәşdi vә mәnim üzümә baxıb dedi:

"Әgәr müdir dirәnsә vә vermәk istәmәsә, onda sәn dә de ki, gedib anbarın hәr yerini axtaracağam."

Küçәyә çıxdım vә çox acmışdım, gәldim mәnzilә, bir tikә pendir-çörәk yedim vә oğlumun anası ilә bahәm getdik Bolşoy Morskoy küçәyә. Bu dәfә dә müdir kağıza baxıb, genә başını buladı, amma bir az dayanıb dedi:

“Yaxşı, hәr nә tapılsa verәrәm; amma bu şeylәrin çoxusu burda yoxdu.”

Müdir karandaşla siyahidә yazılan şeylәrdәn bir qazanın üstünә cızıq çәkdi vә dedi: "Yoxdur", şkafın birinin üstә cızıq çәkdi vә bir az üzümә baxdı, bir dә kağıza baxdı. Belә oxşayırdı ki, anbar müdirinin bizә yazığı gәldi vә durdu ayağa vә dedi:

“Gedәk.”

Qabaq otaqdan keçdim dal otağa, oradan o birisinә vә genә üçüncü otağa; müdir dә, biz dә sağa-sola göz gәzdirә-gәzdirә getdik vә mәnim siyahimdә yazılan şeylәrin birini dә burada görmәdik. Burada lazım olan şeylәrin birini dә tapa bilmәyib, müdir bizi apardı dördüncü otağa vә mәnә dedi:

“Bax, mәn görürәm ki, sәn bir abırlı qoca kişisәn, daha gәlib getmәkdәn yoruldun. Burdakı şeylәri xәzinәdarın müavini dünәn sayıb qoyub burda vә mәnә tapşırıb ki, bir kәsә vermәyim. Mәn cürәt edib bu şeylәri sizә verә bilәrәm: bax, bu şkafı, bu stolu, bax sandalyaları. Sonra, bax, istәyirsiniz bu stolu da aparınız; hәmi sandalyadır, hәmi dә taxtdır, üstә fәrş salıb oturmaq olar. Bax çaydan әvәzinә bu beş-altı tarelkanı da sizә verә bilәrәm.”

Sövdәmizi qurtardıq vә qәt olundu ki, hambal çağıraq şeylәri aparsın.

Uşağın anası ilә çıxdıq vә küçәdә duran hambalların birini çağırdıq ki, gәlsin danışaq.

Biz üzümüzü bir hambala tutduq, amma haman dәqiqә bir hambal әvәzinә bir dәstә hambal bizi bürüdü. Bunlar hamısı İrәvan kürdlәri idi. Biz istәdik qabaqca şeylәri nişan verәk vә danışaq ki, aparsınlar, amma tәqribәn on beş-iyirmi hambal şeylәri görüb, daha qulaq asmadılar vә başladılar haman şeylәri kömәklәşib küçәyә daşımağa. Uzaqda duran hamballar da hәmçinin buraya cәm oldular vә başladılar bizim şeylәri hәrә özünә yük elәmәyә. Amma çünki hәr hambala bir şey düşmürdü, onun üçün, mәsәlәn, bir şkafın hәr ayağından vә qapısından bir hambal yapışmışdı. Biz bilmirdik bunlar nә qayırırlar. Niyә belә elәyirlәr vә bu şeylәri hara aparmaq istәyirlәr? Mәlum ki, bizim bunlarla zarafatımız yoxdu vә әgәr sövdәlәşmәmiş bunlar şeylәri mәnzilimizә aparsaydılar, biz bilmirdik ki, bunlar bizdәn nә qәdәr pul tәlәb edәcәklәr; onun üçün dә lazım idi qabaqcadan danışsınlar, sonra şeylәri götürsünlәr. Amma gördüm ki, mәnә etina elәyәn yoxdu vә şeylәrin bir neçәsi daha hambalların çiynindә idi; yerdә qalan şeylәrin dә üstünә qalan hamballar düşüb elә kәşakәş vә elә bir qır-vır salmışdılar ki, mәnә daha qulaq verәn yoxdu.

Gәldim anbar müdirinә dedim ki, bu nә mәrәkәdir vә nә sәbәbә buranın hambalları xalqa әziyyәt verirlәr? Gördüm ki, müdir özü dә çiyinlәrini ata-ata mәәttәl qalıb; bir qәrar ilә ki, acizdir.

Şeylәri dallarına yüklәyәn hamballar gәlib bizә ariz oldular ki, biz düşәk qabağa vә bunlara yol göstәrәk. Mәn labüd qaldım bunlara deyim ki, bir surәtdә ki, bunlar bizә qulaq asmırlar, bizә bunların xidmәti heç lazım deyil. Mәn bu sözü ağzımdan qaçıran kimi hambalların bir neçәsi xoruzlana-xoruzlana üstümüzә hücum elәdilәr vә bağıra-bağıra bizә bu sözlәri dedilәr:

“Ey xozeyinlәr! Bizlә zarafat yoxdu. Bizi daha әlә sala bilmәzsiniz. Biz sizә nökәr deyilik, biz hambalıq. Sizin ixtiyarınız yoxdu bizi müftә işlәdәsiniz. Düşün qabağa, bizi incitmәyin. Yoxsa sizin üçün pis keçәr!”

Lap әngәlә düşdük. Әtrafa göz gәzdirdik, bәlkә milisdәn, mәmurdan bir adam görәk, heç kәs yoxdu. Yazıq arvad da istәdi bunları dilә tutsun vә başa salsın ki, axı burada beş tikә şeyimiz var, bu beş tikә şeyi iyirmi beş hambal aparsa, axı biz gәrәk indidәn bunu bilәkmi ki, iyirmi beş nәfәr hambal şeylәri aparıb çıxardandan sonra bizdәn istәyәcәklәri pulu biz tapa bilәrik bunlara verәk, ya yox?!..

Xeyir, bu allahın bәndәlәrinә bu dәlilli vә isbatlı sözlәrin heç biri kar elәmәdi; hәtta mәn lap çığıra-çığıra bunlara belәcә yalvardım:

“Yoldaşlar, vallah, bax, bu şeylәrdәn biz lap әl çәkdik. Şeylәri aparın öz evinizә.”

Qardaş bunun cavabında genә bu allahın insanlarından bir nәrә bir küy-kәlәk çıxdı ki, Bolşoy Morskoy küçә ilә keçәnlәrin hamısı dayandı bizә tamaşa elәmәyә.

Qardaş bu nә müsübәt idi, başımıza gәldi? Yavaşca arvada dedim:

“Gedәk.”

Düşdük hambalların, qabağına. Torqovi küçәnin dönәcәyindә rastımıza bir neçә avtomobil çıxdı: daldan da avtomobil sәsi gәlirdi. Küçәnin ortasında bir dәstә әsgәr oxuya-oxuya addımlayırdılar. Sәki ilә gәlib-gedәn camaat o qәdәr idi ki, hambalların bir-ikisini görürdük, qalanını görmürdük. Krasnovodski küçәnin dönәcәyindә yavaşca yapışdım arvadın әlindәn vә xәlvәtcә soxulduq sol tәrәfdә bir darvazaya. Hәyәtdә üç-dörd uşaq oynayırdı. Biri bizdәn soruşdu:

“Kimi axtarırsınız?”

Mәn hәyәt gözәtçisini soruşdum. Bir rus arvadı da kәnardan sәslәndi:

“Nә istәyirsiniz?”--Dedim:

“Doktor Vasilyev burdamı olur?”--Arvad cavab verdi ki:

“Bu hәyәtdә heç hәkim olmur.”--Dedim.

“Bәs buranı bizә nişan veriblәr.”--Dedi:

“Hansı nömrәni nişan veriblәr?”--Dedim:

“Otuz iki nömrәni!”--Dedi:

“Bu ev qırx beş nömrәdi, siz gәrәk, bax, o tәrәfә gedәsiniz.”

Söz yox bunlar hamısı kәlәk idi ki, hamballar rәdd olsunlar.

Bir bәhanә ilә beş-on dәqiqә burada lәng olub, oğru adam kimi yavaşca çıxdıq darvazaya tәrәf. Küçә genә camaatla dolu idi. Yavaşca özümüzü sol tәrәfә verdik vә dәryanı tuşlayıb gәldik çıxdıq bulvara. Burada yarım saat әylәşdik vә dәryanın mәnzәrәsinin tәsiri altında söz yox, dincәldik vә daha ağır-arxayın gәldik çıxdıq mәnzilimizә.

Bizә lazım olan şeylәri düşdükcә ondan-bundan vә bir parasını pulla Quba meydanından aldıq; amma sonralar çox vaxt küçәdә hambal görәndә mәn bir növ ehtiyat elәyirdim.

İndi daha bu ehtiyat götürülübdür; çünki vaqeәn dünyada hәr bir kәsdәn qorxmaq lazım gәlsә, allahın aciz olan hambal tayfasından qorxmağa heç bir qorxaq adamın haqqı yoxdur vә gәrәk dә olmasın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR