Slimfit
  1. ƏDƏBİYYAT

Cəlil Məmmədquluzadə - Anamın kitabı/Üçüncü məclis

Cəlil Məmmədquluzadə - Anamın kitabı/Üçüncü məclis
Sakura

Cəlil Məmmədquluzadə - Anamın kitabı/Üçüncü məclis

Rüstәm bәyin kabineti. Zәhra bәyim vә Gülbahar oturublar öz yerlәrindә. Qapıda durublar Qәnbәr, Qurban vә Zaman.

Q ә n b ә r. Xanımlar, biz mәәttәl qaldıq, bilmәdik bu mal hәkimindәn qoyunlara dava olacaq, ya yox?!

G ü l b a h a r. Niyә gedib soruşmursan?

Q ә n bә r. Xanımcan, bilmirәm harda olur.

G ü l b a h a r. Rüstәm dadaşım bilәr. Niyә tәlәsirsiniz, gözlәyin gәlsin, soruşun.

Q u r b a n. Xanımcan, qoyunlardan nigaranıq.

G ü l b a h a r. Qәnbәr, dünәn sәn mal hәkiminnәn danışanda mәn qulaq asırdım; qoyunların adı çox mәzәli idi. Necә, necә? Qumral qaragöz? (Gülür).

Çobanlar utanırlar vә başlarını aşağı salırlar.

Q ә n b ә r. Xanımcan, bizim sürüdә yüz әlli qoyun var, hamısının әlahiddә adı var; necә ki, bir mәclisdә yüz әlli adam ola, hәrәsinin dә ayrı-ayrı adı ola. (Gülbahar gülür. Zәhra bәyim qulaq asır). Bu adları qoyunlara biz ondan ötrü qoyuruq ki, qoyunlar hәmişә nәzәrimizdә olsun vә onların birisi sürüdәn çıxmış olsa, o dәqiqә bilәk vә dalıyca olaq. İndi, mәsәlәn, mәnim qoyunlarımı gәtirәlәr mәnim gözümün qabağına vә imtahan üçün sürüdәn bir qoyun çıxardalar; mәn sürüyә bir belәcә baxan kimi (gözünü dolandırır o tәrәf-bu tәrәfә) bilәcәyәm ki, mәsәlәn, çal әbrәş qoyun sürüdәn çıxıb: ya oğurlayıblar, ya canavar dağıdıb.

G ü l b a h a r (Qәnbәrә yavıqlaşır). Dayan, dayan. Qәnbәr, sәn allah bir mәni başa sal. Çox әcәb, indi, mәsәlәn, tutaq ki, bir saatlığa sürünü gәtiriblәr bura, sәn dә baxırsan. Axır bu üç qoyun deyil, beş qoyun deyil. Özün deyirsәn yüz әlli qoyundu; özü dә canlı heyvandı, bir yerdә duran deyil; qarışqa kimi qaynaşır bir-birinә. Sәn nә tövr bilәcәksәn ki, bunun içindәn hansı qoyun yoxdu. Hamısı da bir-birinә oxşayır. Sәn allah, Qәnbәr, nağıl elә.

Çobanlar gülüşür.

Q ә n b ә r. Xanımcan, bax, mәsәlәn, Qurban gedir durur qoyunların bir tәrәfindә, Zaman da gedir durur bir tәrәfindә--ki, qoyunlar dağılmasın.--Alıram ağacı әlimә (Qurbanın әlindәn çomağı alır) vә başlayıram qoyunları yoxlamağı: qara kәrә, tayın görmәk gәrәk; qumral kәrә, tayın görmәk gәrәk; sarı kürә, tayın görmәk gәrәk, qumral kürә, tayın görmәk gәrәk; bәnöyüş kәrә, tayın görmәk gәrәk; qumral әbrәş, tayın görmәk gәrәk; ağ qaraüz, tayın görmәk gәrәk; bәnöyüş әbrәş kürә, tayın görmәk gәrәk; sarı kәrә, qara kәrә, çal kәrә, ağ kәrә, boz qumral kәrә, hanı boz qumral kәrә? Әdә, Qurban, hanı boz qumral kәrә? Әdә, Zaman, yoxdu boz qumral kәrә; Zaman, Qurban, Salman, boz qumral kәrә yoxdu. (Bayatı havası ilә oxuyur). Çal kәrә, maral kәrә, haradasan boz qumral kәrә, boz qumral kәrә, boz qumral kәrә ... ey vay ... ey....

(Çobanlar gülür, Gülbahar da heyran-heyran baxır vә dәsmalı ilә gözünün yaşını silir).

G ü l b a h a r. Qәnbәr, indi sәn bildin boz qumral kәrә yoxdu?

Q ә n b ә r. Bәs necә bilmәdim? Bildim ki, boz qumral kәrә yoxdu.

G ü l b a h a r. İndi nә elәyәcәksәn? Qoyun sürüdәn yox olanda nә elәyirsiniz?

Q ә n b ә r. Xanımcan, bizim qoyunçuluq bir tәrәfdәn gözәl peşәdi. Hәmişә gәzdiyimiz vә yaşadığımız yerlәr, çәmәnlәr, lalәli vә çiçәkli dağlar, daşlar; içdiyimiz nәdir? Bulaq suları vә pak qoyun südü. Amma bu heyvanın yox olmağı, üzdәniraq, elә bir dәrddir ki, elә bil, bir külfәtdәn bir övlad yox olub.

G ü l b a h a r. Yәni çoxmu dәrd elәyirsiniz?

Q ә n b ә r. Xanımcan, elә olur ki, ağlayırıq da; çünki söz bir qoyunun qiymәtindә deyil ki, üç, ya beş manatdı. Amma deyәndә ki, boz qumral kәrә yoxdu, elә bilirik bu boz qumral kәrә bizim qardaşımız idi, yainki bir әziz yoldaşımız idi. Xanımcan, and olsun allaha, keçәn ay sarı әbrәş kәrәni canavar dağıdanda Zaman bir gün axşama kimi tütәk çaldı, mәn axşama kimi bayatı deyib ağladım.

(Qolu ilә gözünün yaşını silir).

Gülbahar dәsmalını basır gözünә, girir içәri otağa. Rüstәm bәy çöldәn girir içәri. Zәhra bәyim dә gedir içәri otağa.

R ü s t ә m b ә y (Qәnbәrә). Qәnbәr, hәlә buradasınız?

Q ә n b ә r. A bәy, elә davadan ötrü qaldıq, bilmәdik mal hәkiminnәn qoyunlara dava olacaq, ya olmayacaq?

R ü s t ә m b ә y. Niyә gedib soruşmursan? Mal hәkiminin evi bazar başında, karvansaranın yanında, Hacı Qasım bәyin evindәdir. Get hambaldan-zaddan soruş, tap. Mәәttәl olmuyun, gedin.

Qәnbәr vә çobanlar çıxırlar. Rüstәm bәy yazıya mәşğul olur. Çöl qapıdan girir içәri M i r z ә M ә h ә m m ә d ә l i, dalınca bir h a m b a l. Mirzә Mәhәmmәdәli gedir kitablarını yığışdırır sandığa ki, versin hambala. Z ә h r a b ә y i m, qorxa-qorxa başını qapıdan uzadır içәri vә Mirzә Mәhәmmәdәlinin yığşmağını görәndә, gәlib durur onun yanında.

Z ә h r a b ә y i m. Bala, bunu hara yığışdırırsan? (Mirzә Mәhәmmәdәli cavab vermir vә kitablarını yığışdırır). Olmaz, olmaz! Deyәsәn buradan köçmәk istәyirsәn? Qoymanam, qoymanam, özümü öldürrәm! (Qoltuğunu eşәlәyir, bayazını çıxardır). Olmaz, köçmәk olmaz! Siz burda hamınız bir yerdә yazılmısınız, ayrıla bilmәzsiniz; yoxsa vallah bağrım çatlar! (Üzünü çöndәrir Rüstәm bәyә)). Rüstәm, bala, qoyma getsin. Burada hamınız bir yerdә yazılmısınız, qoymanam ayrılasınız.

Çöl qapıdan S ә m ә d V a h i d, dalınca bir hambal girirlәr içәri; Sәmәd Vahid dә gәlir, kitablarını yığışdırır.

Z ә h r a b ә y i m (Sәmәd Vahidә). Sәmәd, bala, sәn nә qayırırsan? Niyә bunları yığışdırırsan? Yoxsa sәn dә köçmәk istәyirsәn? Buy, evim yıxıldı! Aman allah, mәnim başıma kül әlәnsin! Allah, mәni öldür, öldür, öldür! (Ağlaya-ağlaya girir içәri).

Mirzә Mәhәmmәdәli vә Sәmәd Vahid Zәhra bәyimә qulaq vermәyib yığışmaqdadırlar. Bu heyndә çöl qapıdan girir içәri S e n z o r M i r z ә C ә f ә r b ә y, yanında bir nәfәr p o l i s m ә m u r u vә i k i n ә f ә r p o l i s f ә r r a ş ı. Üç qardaş çәkilib dururlar öz yerlәrindә, hamballar çәkilir kәnara. İçәri otaqdan, qapının arasından G ü l b a h a r baxır vә çöl qapıdan

Q ә n b ә r baxır.

S e n z o r. Hәzәrat, hökumәtin qәrardadı mocibincә biz tәyin olunmuşuq ki, burada üç qardaşın, yәni (papkasından bir kağız çıxarıb baxır) Rüstәm bәy, Mirzә Mәhәmmәdәli vә Sәmәd Vahidin mәnzilini axtaraq, kitabxanalarını müayinә edәk, siyahiyә götürәk, mәzmunlarını bilәk vә hökumәtә çatan bәzi şayiatı tәftiş vә tәhqiq edib, bu barәdә bәratülqovl yazaq vә hökumәtin baş senzorxanasına pişnәhad edib, bizә mühәvvәl olunan mәmuriyyәti sәdaqәtlә yerinә yetirәk. Burada olan әşxasdan xahiş olunur ki, nә bir yerә tәrpәnsinlәr vә nә dә buraya sair bir adam qoysunlar.

R ü s t ә m b ә y. Bәli, nә sözümüz ola bilәr.

M i r z ә M ә h ә m m ә d ә l i. İxtiyar sahibisiniz.

S ә m ә d V a h i d. Şayәd belә icab edәr.

S e n z o r. Cәnab Rüstәm bәy, Mirzә Mәhәmmәdәli vә Sәmәd Vahid.... (kağıza baxa-baxa) xahiş edirәm familiyanızı da buyurasınız.

R ü s t ә m b ә y. Rüstәm bәy Әbdülәzimof.

M i r z ә M ә h ә m m ә d ә l i. Mirzә Mәhәmmәdәli xәlәfi-mәrhum Ağa Әbdülәzim.

S ә m ә d V a h i d. Әbdülәzimzadeyi Sәmәd Vahid.

S e n z o r. Xub, sizdәn gәrәk pünhan olmaya ki, sizin bir para bәdxahlarınız hökumәt nәzәrindә sizi belә qәlәmә veriblәr ki, siz üç qardaş söz bir vә hәmfikir olmusunuz ki, әvvәla, Rusiya islamlarını Türkiyә dövlәtinә tәrәf çәkib, ittihadi-müslimin cәmiyyәtinә iştirak edәsiniz. Saniyәn, axır zamanlarda Azәrbaycanda әmәlә gәlәn Hübbi-vәtәn vә Әdәmi-mәrkәziyyәt firqәsinin amalı yolunda çalışmaqdasınız ki, bir tәrәfdәn Qafqaz Azәrbaycanını, digәr tәrәfdәn İran Azәrbaycanını--ki, ibarәt olsun Tәbriz, Tehran, Gilan, Osmanlı vә İran Kürdüstanı, Urmu vә qeyrilәrә--bu vilayәtlәri bir-birinә ilhaq edib, müstәqil Azәrbaycan hökumәti әmәlә gәtirәsiniz vә salisәn bu fikirdәn dә uzaq deyilsiz ki, müsavat vә hürriyyәt әsaslarını kәndli vә әhli-kәsәbә içindә müntәşir edirsiniz ki, min il yuxuda olan camaat hökumәtin әsarәt zәncirini qırıb, özlәri üçün bir nicat yolu tapsınlar vә hәmin niyyәtlәrinizi әmәlә gәtirmәk yolunda lazımi mәtbuat cәm elәyib, qәlәm ilә çalışmaqdasınız. Mәhz bu sәbәbdәn siz üç qardaşın cәmi kitablarını bu saat gәrәk tәftiş edәk. Cәnab Rüstәm bәy, әvvәl siz öz kitablarınızı nişan veriniz.

Rüstәm bәy öz kitablarını nişan verir. Senzor bir-bir kitabları çıxardır, açıb baxır vә polis mәmuru oturub, senzor baxdığı kitabları siyahı edir.

S e n z o r (rusca da, müsәlmanca da oxuyur):

Slovar russkoqo yazıka--Rus dili lüğәti, bir cild.

Slovar russkoqo yazıka Dalya, 3 toma--rus lüğәti.

Bolşaya ensiklopediya, 2 toma--Rus dilindә böyük qamus, iki cild.

Slovar inostrannıx slov v russkom yazıke--Rus dilindә әcnәbi lüğәt.

Slovar velikorusskoqo yazıka--Genә rus lüğәti.

Malaya ensiklopediya--Rus dilindә kiçik qamus.

Russko-slavyanskiy slovar--Rus vә slavyan lüğәti.

Slavyano-russkiy slovar--Slavyan-rus lüğәti.

Sokraşennıy ruskiy slovar Nikitina--Genә rus lüğәti.

Tolkovaniye serbskix slov, voşedşix v russkiy yazık--Serb vә rus lüğәti.

Mirzә Mәhәmmәdәli başını bulamaq ilә narazılığını bildirir.

Malorossiyskiy slovar--Genә rus lüğәti.

Sravnitelnoye tolkovaniye bolqarskix slov--Rus-bolqar lüğәti.

Russko-bolqarskiy slovar--Rus-bolqar lüğәti.

Moldavo-russko-çeşskiy slovar--Genә rus lüğәti.

Medisinskiy slovar--Rus dilindә müalicә lüğәti.

Yujno-velikorusskiy slovar--Velikorus lüğәti.

Russko-rumınskiy slovar--Rus-rumın lüğәti.

Texniçeskiy slovar--Rus dilindә sәnәt lüğәti.

Filosofskiy slovar--Filosofiya lüğәti.

Polnıy slovotolkovatel Zimina--Zimin lüğәti.

İssledovaniye drevnix russkix slov po letopisi Nestora--Nestorun lüğәti.

Yenә Mirzә Mәhәmmәdәli narazılığını büruzә verib, başını bulayır.

Slovar Solovyeva--Solovyovun lüğәti.

Vostoçno-russkiy slovar--Şәrqi-rus lüğәti.

Zapadno-russkiy slovar--Qәrbi rus lüğәti.

Akademiçeskiy slovar--Akademiya lüğәti.

Drevnerusskiy slovar--Qәdim rus lüğәti.

Rüstәm bәyin kitabları qurtarır.

S e n z o r. Buradakı kitablar tamam oldu. Dәxi bundan savayı bir yanda kitabınız varsa, nişan veriniz.

R ü s t ә m b ә y. Xeyr, dәxi bundan savayı mәnim kitabım yoxdur.

S e n z o r. Xub, bunlar cәmisi rus lüğәtlәridir. Bunlardan bizim üçün bir mәtlәb hasil olmadı. Bunları yığışdırın qoyun yerinә. Pәs sizin müsәlman kitabınız mәgәr yoxdur?

R ü s t ә m b ә y. Xeyr, yoxdur.

S e n z o r. Heç biri dә?

R ü s t ә m bәy. Heç yarısı da.

S e n z o r. Sәbәb nәdir? Hә, Hә, bağışlayınız, yәqin ki, siz darülfünun qurtarmısınız!

R ü s t ә m b ә y. Bәli, ağa.

S e n z o r. Xub, pәs siz nә işә mәşğulsunuz?

R ü s t ә m b ә y. Mәn lüğәt yazıram.

S e n z o r (Mirzә Mәhәmmәdәliyә). Cәnab Mirzә Mәhәmmәdәli, şayәd siz ittihadi-müslimin mәşqinә düşübsünüz ki, İran vә Rusiya azәrbaycanlılarından bir müstәqil hökumәt әmәlә gәtirәsiniz vә bu qәsd ilә qardaşlarınız ilә bir ittihad bağlamısınız. Xahiş edirәm, siz dә öz kitablarınızı nişan verәsiniz.

M i r z ә M ә h ә m m ә d ә l i (Hәr iki әli ilә kitab sandığını nişan verir). Ağa, buyura bilәrsiniz, bu da mәnim kitablarım.

S e n z o r (bir-bir kitabları alır әlinә, baxır). Xub, bu nәdir? Bәli, Kitab dәr bәyani-küsufi-külli, yәni günün tamam tutulmağının duaları (polis mәmuru yazır). Kitab dәr bәyani-әhvәlati-küsufi-cüzi, yәni günün yarımçıq tutulmağının әhvalatı (polis mәmuru yazır). Keyfiyyәti-xüsuf vә küsuf; ayın vә günün tutulmağı (polis mәmuru yazır, senzor o biri kitabı oxuyur). Mütәvәssit şüdәni-afitabi-miyani-övci-qәmәr vә mәrkәzi-tәdviri-u vә bәyani-tәfsilati-xüsuf vә küsuf (polis mәmuru yazır, senzor o biri kitabı götürür). Giriftәciyi qәndili-İsa, yәni afitabi-alәmtab, yәni günün tutulmağının duaları, (polis mәmura yazır, senzor o biri kitabı götürür). Kitab dәr bәyani-әhvali-ki, zәmin miyani-mah vә afitab hayil şәvәd, yәni bәyani-hali-xüsuf vә onun hökmlәrindәn danışır ki, xudavәndi-alәm tәrәfindәn bәndәlәrә tövsiyә olunubdur (polis mәmuru yazır, senzor o biri kitabı götürür). Keyfiyyәti-küsuf vә övzai-on nisbәt bәbiladi-müxtәlifә; demәk, bu da günün tutulmağından danışır (polis mәmuru yazır, senzor o biri kitabı götürür). Övzai-kәvakib dәr mәqami-ittifaq şüdәni-küsuf vә xüsuf vә tәklifi ki, bebәndәgai mühәvvәl şüdә әst; demәk, bu da ayın vә günün tutulmağından vә onun ibadәtlәrindәn danışır (o biri kitab), Nәqşeyi-xüsufi-külli, yәni ayın tamam tutulmağının nәqşәsi (o biri kitab), Xәtti-xüsufi-cüz dәr afaqi-mәrkәzi; xülasә, bu da ayın tutulmağından danışır. Vәssәlam, dәxi kitabınız yoxdu?

M i r z ә M ә h ә m m ә d ә l i. Xeyr, ağacan, dәxi bunlardan savayı kitabım yoxdur.

S e n z o r. Bağışlayasınız, sizin sәnәtiniz nәdir?

M i r z ә M ә h ә m m ә d ә l i. Bәndә xüsuf vә küsuf duası yazıram, özüm dә cәmiyyәti-xeyriyyәdә elmi-ilahi müәllimiyәm.

S e n z o r. Cәnab Rüstәm bәy vә Mirzә Mәhәmmәdәli, hökumәti-әliyyәnin politikasına xәtәr yetirәn mәtlәblәr sizin ikinizin dә kitablarından tapılmadı. Yәqin ki, olsa Sәmәd Vahid cәnablarında olacaq. (Sәmәd Vahidә). Yәqin ki, sizin kitablarınız bunlardır?

S ә m ә d V a h i d. Bәli, ağa.

S e n z o r (bir kitabı götürub oxuyur).

Zavallının işi çoqdur zaman bulub gәlәmәz,

Gedib dә söylәmәmişsә, nә haldasan bilәmәz.

M i r z ә M ә h ә m m ә d ә l i (öz-özünә). Pәh-pәh, lәzzәt apardıq.

S e n z o r. Demәk, bu hamısı şerdir?

S ә m ә d V a h i d. Әvәt, hәpsi әşardır.

S e n z o r (o biri kitabı götürüb oxuyur).

Köksündәn qalqar, topuqdan salqar,

Kәndini içә saqın, iç çәngәlә taqar.

Güc ilә әgәr Misri,

Varmı bu pәhlәvanların qüsuri.

S e n z o r. Bunlar da deyәsәn hamısı şerdi.

S ә m ә d V a h i d. Әvәt.

S e n z o r (bir kitabı da götürüb, yaxşı oxuya bilmir, verir Sәmәd Vahidә). Deyәsәn bu da hamısı şerdi. Buyur buradan oxu görüm.

S ә m ә d V a h i d (şairanә oxuyur, әl-qolunu ata-ata).

Fәrda sәnin, sәnin bu tәcәddüd, bu inqilab. Hәr şey sәnin deyilmi ki, zatәn sәn, ey şәbab?! Ey çöhreyi-bәhici-ümid, iştә mәkәsin, Qarşında bir sәmayi-sәhәr safü bisәhab.

Mirzә Mәhәmmәdәli başını bulayır.

S e n z o r. Mәn, doğrusu, bunu başa düşmәdim. Pәs bu qalan kitablar nә kitablarıdır?

S ә m ә d V a h i d. Hәpsi Türkiyә әşarıdır.

S e n z o r (bir kitab da götürüb baxır). Mürәbbelәr.

Tәthiri-mәcaz hәml eqaq, Bir eyşi-hәziz nar xәndir. Bir hiz visal töhfәdәndir, Aşüftә nihan xaki-müştaq.

(Bu kitabı qoyur, o biri kitabı götürüb oxuyur).

Failatün, failatün, failatün, failat, Şölәyabi, xaki-paki, inkişaki-tәntәraq,

(Bu kitabı qoyur, o birini götürür, oxuyur).

Elmi-vәzi hamısı şerdir. Bu kitab da üsuli-qafiyәdәn danışır. Hamısı şerdir. Bu kitab sәrbәst nәzm şerlәridir. Bu kitab da müxәmmәs şerlәridir. Bu da tәxmisdir. Hamısı şerdir. Bu kitab qәsidәlәrdir; yәni hamısı şerdi. Bu da saqinamә şerlәridi. Bu da mәsnәvi. Bu da qәzәllәr. Bu nәdir? Tәrcibәnd. Bu da tәrkib-bәnd. Genә hamısı şerdir.

Mirzә Mәhәmmәdәli başını bulayır.

S e n z o r. Görüm dәxi nә var? Bu kitab görüm nәdәn danışır? Bu da sәnәti-süxәndәn danışır. Bu da şerdir. Bu da müsәddәs şerlәridir. Ba-ba-ba! Cәnab Sәmәd Vahid, bunlar ki, cümlәsi şer kitablarıdır, özlәri dә hamısı İstambul çapıdır. Pәs sәbәb nәdir ki, Osmanlıdan gәlәn kitablar hamısı şerdir?

S ә m ә d V a h i d. Sәbәb budur ki, Osmanlıda cәmi qәlәm sahiblәri şairdi; cәmi doktorlar, mühәndislәr, diplomatlar, hәtta ministrlәr dә şairdi, hәpsi şairdi.

S e n z o r. Bağışlayasınız, pәs sizin sәnәtiniz nәdir?

S ә m ә d V a h i d. Mәn özüm dә şairәm. Kәndim dә cәmiyyәti-xeyriyyә mәktәbindә elmi-qafiyә dәrsi diyorum.

M i r z ә M ә h ә m m ә d ә l i (öz-özünә). Allah bәrәkәt versin.

S e n z o r (üzünü polis mәmuruna vә fәrraşlara tutub). Xub, biz getmәli olduq. (Üç qardaşa) hәzәrat, bәndә bir saat bundan әqdәm sizin üçünüzün dә barәsindә bir özgә xәyalda idim. Amma kitablarınızı görәndәn sonra, dәxi indi fikrimi bilmәrrә dәyişdim. İndi nә fikirdәyәm, o da qalsın mәnim öz yanımda; lakin özümә fәrz bilirәm hökumәtә әrzi-hal edib sizi ümәnayi-dövlәt yanında әn sәlamәt vә zәrәrsiz bәndәlәr cümlәsindә hesab edәm. Mәni әfv buyurasınız vә sәlamәt qalasınız.

(Senzor, polis mәmuru vә fәrraşlar çıxıb gedirlәr).

R ü s t ә m b ә y, M i r z ә M ә h ә m m ә d ә l i v ә S ә m ә d V a h i d (birdәn). Xoş gәldiniz.

(Qardaşlar başlayırlar kitablarını yığışdırmağa. Rüstәm bәy kitablarını şkafa düzdüyü yerdә birdәn üzünü çöndәrir qardaşlarına vә qah-qah çәkib başlayır gülmәyә. Mirzә Mәhәmmәdәli vә Sәmәd Vahid tәәccüblü baxırlar Rüstәm bәyә. Bir dәfә dә uğunub cülәndәn sonra Rüstәm bәy qardaşlarına deyir):

R ü s t ә m b ә y. Hәlә indiyә kimi xalq bir şeyi başa düşmürdü. İndiyә kimi xalq deyirdi: mәrhәba-Әbdülәzimin oğlanlarına! Maşallah, biri Peterburqda elm tәhsil edib, biri İstambulda, biri Nәcәfül-әşrәfdә. Üçü dә, maşallah, oxuyub alim olub. Amma bundan sonra ağızlarda söylәnәcәk ki, haman üç alimlәrin biri (Mirzә Mәhәmmәdәliyә işarә edir) xüsüf-küsuf duası yazır; biri (Sәmәd Vahidә baxır) mәfailün fәilatün; biri dә ... (özünә baxır), vallah, mәn özüm dә heç başa düşmürәm ki, mәn nәçiyәm. Qah-qah-qah! (Qah-qah çәkir).

M i r z ә M ә h ә m m ә d ә l i (Rüstәm bәyә). Cәnab Rüstәm bәy! Әksәr ülәma vә füzәladan mütәvatir rәvayәtdir ki, "әl-qәhqәhәtü minәşşeytan"--yәni bilirsәn bunun mәnası nәdir? (Bir az dayanır). Bilmirsәn tәfsir edim. Bunun mәnası budur ki, qah-qah çәkib gülmәk şeytan sәnәtidir (mәşğul olur kitablarını yığışdırmağa).

R ü s t ә m b ә y (çığırır). Biәdәb!

M i r z ә M ә h ә m m ә d ә l i (çığırır). Biәdәb özünsәn!

R ü s t ә m b ә y (çığırır). Sәnsәn!

M i r z ә M ә h ә m m ә d ә l i (çığırır). Sәnsәn.

S ә m ә d V a h i d (çığırır). Bәradәrlәrim, nә qovğa?

Z ә h r a b ә y i m girir içәri vә qoltuğundan bayazını çıxarıb tutur gah Rüstәm bәyin qabağına, gah Mirzә Mәhәmmәdәlinin qabağına. Bunlar da Zәhra bәyimi itәlәyib deyirlәr: "Sәn dә cәhәnnәm ol başımızdan!" İkisi dә övrәtin kitabını

tullayırlar, vәrәqlәri dağılır. G ü l b a h a r vә Q ә n b ә r ç o b a n l a r ilә tökülürlәr içәri. Mirzә Mәhәmmәdәli "sәnsәn!" deyә-deyә çıxıb gedir. Sәmәd Vahid "nә qovğadır!" deyә-deyә çıxıb gedir. Z i v ә r x a n ı m gәlib yapışır Rüstәm bәyin qolundan, çәkib aparır. Zәhra bәyim yıxılıb bihuş olur. Gülbahar özünü salır arvadın yanına. Qәnbәr dә yavuq gәlib, mәәttәl qalır.

P ә r d ә s a l ı n ı r.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR