Slimfit
  1. AZƏRBAYCAN

Cəlal İsayev: “Ölkədə epidemioloji vəziyyət vətəndaşlardan asılıdır” - ŞƏRH

Cəlal İsayev: “Ölkədə epidemioloji vəziyyət vətəndaşlardan asılıdır” - ŞƏRH
Sakura

Cəlal İsayev: “Ölkədə epidemioloji vəziyyət vətəndaşlardan asılıdır” - ŞƏRH

Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.

Yeri gəlmişkən, avtobus və taksi sürücüləri də karantin tələblərinə məhəl qoymur. Bəli, qoruyucu maskaların və əlcəklərin olmamasına görə heç kim cərimələnmir, ancaq hər birimiz öz sağlamlığımıza diqqət yetirməliyik. Üstəlik, bu gün apteklərdə maska, əlcək və dezinfeksiyaedici vasitələrin çatışmazlığı yoxdur.

“Bu, bizi çox narahat edir. İnsanların izdihamlı avtobuslarda, özü də maska olmadan hərəkət etdikləri barədə məlumatlar gəlir. Bu yolverilməzdir”, - deyə, Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü, Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Media.az-a bildirib.

Onun sözlərinə görə, vətəndaşlar bir çoxlarında xəstəliyin simptomsuz getdiyini anlamalıdırlar:

“Eyni zamanda, insan infeksiya daşıyıcısı ola bilər. Müvafiq icazəsi varsa, o, ictimai nəqliyyatdan istifadə edə, dükanlara baş çəkə, işə gedə bilər. İnfeksiya daşıyıcısının nə qədər insanı yoluxdura biləcəyini təsəvvür edin…”

“Maska taxmayan vətəndaşlar cərimə olunmalıdırmı?” sualına cavab olaraq, infeksionist bildirib ki, bu mövzuya tam məsuliyyətlə yanaşmaq lazımdır, bəlkə də cərimə tətbiq olunmalıdır.

Qeyd etmək lazımdır ki, Asiya ölkələrində tibbi maska istifadəsi COVID-19 koronavirusunun yayılmasına qarşı mübarizədə əsas tədbirlərdən biri hesab olunur. Belə ki, maska taxmaq Çin və Cənubi Koreyada koronavirusla mübarizə qaydalarının əsas məqamlarından biri idi və belə də qalır. Honkonq, Yaponiya və Tailandda insanlar hər kəsin, hətta zahirən sağlam olanların belə virus daşıyıcısı ola biləcəyini başa düşürlər. Buna görə də, həmin ölkələrin vətəndaşları könüllü olaraq maska taxaraq, başqalarını potensial infeksiyadan qoruyurlar. Nəticələr də göz qabağındadır... Bir vaxtlar kütləvi yoluxmaların qeydə alındığı ölkələrin siyahısına başçılıq edən Çin, Cənubi Koreya və Yaponiya Avropa ölkələrini, Rusiya, İran və s. dövlətləri siyahıda özündən qabağa buraxıb.

Anlamaq lazımdır ki, ölkədə epidemioloji vəziyyət kəskin şəkildə dəyişə və epidemiyanın ikinci dalğası başlaya bilər. Ancaq elementar qaydalara riayət etməklə bunun qarşısını almaq olar. Sadəcə, əlləri yaxşı-yaxşı yumaq, sosial məsafə saxlamaq, maska və əlcək geymək lazımdır.

“Nədənsə insanlar karantin rejimini yumşaltmağın nə demək olduğunu tam başa düşmədilər. İctimaiyyət bunu epidemiyanın son tarixinin elanı kimi qəbul etdi. Lakin epidemiya davam edir. Üstəlik, son bir həftə ərzində yoluxanların sayının sağalanların sayından çox olduğu günlər var. Epidemioloji vəziyyətin pisləşməsinə yol verilməməlidir, əks halda, bütün səylərimiz və tədbirlərimiz boşa gedəcək. Təkrar edirəm, sadəcə xəstəliyin yeni dalğasının şahidi olacağıq”, -deyə C.İsayev vurğulayıb.

O, bütün vətəndaşların Nazirlər Kabinetinin yanında operativ qərargahın səsləndirdiyi və qəbul etdiyi qaydalara əməl etməli olduqlarını vurğulayıb. C.İsayevin sözlərinə görə, sanitar-epidemioloji şəraitdən asılı olaraq xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlər tədricən yumşaldılacaq. Lakin vəziyyət pisləşərsə, işlərdə kəskin artım qeydə alınarsa, karantin rejimi yenidən sərtləşdiriləcək:

“Hər kəsdən bunu başa düşməsini xahiş edirik. Həmişə olduğu kimi, yay mövsümündən zövq almaq istəyiriksə, bu gün, sadəcə, təhlükəsizlik tədbirlərinə əməl etmək lazımdır. Hazırda ölkədə epidemioloji vəziyyət dövlətdən deyil, vətəndaşların özlərindən asılıdır. Ümid edirəm ki, soydaşlarımızın əksəriyyəti bunu başa düşür və yalnız müəyyən bir hissəsi naməlum səbəblərə görə bütün çağırışlarımıza məhəl qoymur”.

Baş infeksionist ilk növbədə yaşlı insanların risk altında olduğunu xatırlatdı.

“Hələ ki, yaşı 65-dən yuxarı insanlara evlərini tərk etməyə icazə verilməməlidir. Onlara bir az daha səbirli olmağı məsləhət görürəm. Artıq uzun yol qət etmişik, yaxşı nəticələr əldə olunub. Bütün lazımi tədbirlərə riayət olunacağı təqdirdə may ayının sonuna qədər epidemiyanın bitməsi barədə danışmaq mümkün olacaq. Bir daha təkrar edirəm, bu vəziyyətdə çox şey özümüzdən asılıdır”, - deyə C.İsayev bildirib.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR