Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Şahnamə və yaxud Qacarnamə

Cəfər Cabbarlı - Şahnamə və yaxud Qacarnamə
Sakura

Cəfər Cabbarlı - Şahnamə və yaxud Qacarnamə

Ərrəhman... əlləməl-Quran, 
Xələqəl-insan... əlləməhül-bəyan. 
İndi ki, böylə oldu, sən də dayan,
Söyləyim mən də bir kiçik dastan, 
Bəlli olsun, sonunda yaxşı, yaman. 
Qatışıb çünki cin-vəl insan, 
Fəbiəyyi alayi rəbbiküma tükəzziban.

Vardı məşriq zəmində bir İran, 
Bir cədəlgah idi o xeyli zaman. 
Hər yerindən duran taxıb tacı, 
Keçirib kef içində bir dövran. 
Taxtına əyləşirdi peydərpey 
Hər səhər kim oyansa tez yuxudan. 
Bir zaman hökmranlıq etmişdir 
Əlli Sasaniyan, beş-altı kəyan. 
Sonra Əfşarilər, nələr, kimlər, 
Müxtəsər, dalbadal filan-filan, 
Fəbiəyyi alayi rübbiküma tükəzziban.

Hərəsi xalqa bir qapaz salmış, 
Şillə, yumruq, ağac, təpik, şalman. 
Neyləsin binəva, bacardığı bu, 
Edər ancaq bacardığın bacaran. 
Çoxu insafən iş də görmüşdür, 
Axıdıb məmləkətdə bir çox qan. 
Eyləmiş keyfü-mayəşasi üçün 
Neçə min xalqı bir heçə qurban. 
Əmr edib sonra bir qotur molla 
Oxusun hamısına şərikli azan, 
Fəbiəyyi alayi rəbbiküma tükəzziban.

İxtiraətə meyl edənlər var, 
Bu cəhətdən də boş deyil İran. 
Hazırlatdırıb bir qədər lüleyin, 
Etdirib valideyninə ehsan. 
Hələ bundan da yaxşı şeylər var: 
Nargilə, hoqqa, cürbəcür qəlyan. 
Ən nəhayət də, son nəticə budur: 
Halqa bir yük və bir gözəl palan.
Fəbiəyyi alayi rəbbiküma tükəzziban. 
Gəldi növbət, yetişdi Qacara, 
Dedilər hər nə varsa, yerdə qalan, 
Ölkəni sardi elməmaliklər, 
Dövlələr, bir yığın başında nişan. 
Hər ağacdan göyərdi yüz seyid, 
Hər kol altında əlli mərsiyəxan. 
Molladır hey çıxır deşiklərdən, 
Başlarında bütün qalaylı qazan. 
Hər çuxurda beş-altı şahzadə, 
Hər samanlıqda bir yığın yekə xan. 
Müxtəsər, ölkədə çəyirtkə kimi 
Hər addımda nişanlı bir xuliqan. 
İşi yoğunlaşdı, indi sən söylə: 
Nə çəkir rəncbər, yazıq dehqan? 
Hayana üz çevirsə, bir qamçı; 
Hayana üz çevirsə, ərrəhman. 
Fəbiəyyi alayi rəbbiküma tükəzziban.

Məmləkət oldu bir hərəmxanə, 
Harda vardırsa bir məhi-taban, 
Seçdilər birbəbir noxudvari, 
Tənbəlitlər çatıldı sanki saman. 
Qız, gəlin, dul bu tənbəlitlərdə, 
Marşrut bəllidir: Saray - Tehran. 
Gecə-gündüz, günorta, şam, axşam 
Oynayır qız, gəlin, çalır balaban. 
Bir zaman şah bununla əyləndi, 
Sonra bir gün yazıldı bir fərman. 
Hər nə var topladı ağır, yüngül, 
Hər nə etmişdi xəlqdən talan, 
Doldurub hamısını cibişdanə, 
İstiqamət: Paris - Firəngistan. 
Cib nə cib, hər biri beş-on batman, 
Hər nə qalmışdı yerdə yaxşı, yaman 
Ləlü yaqut, ləlövü mərcan. 
Fəbiəyyi alayi rəbbiküma tükəzziban.

Bunu kim bilməyir, Paris, nə Paris? 
Nə sayaq ölkədir Firəngistan? 
Açdı şah öz başın, soxuldu işə, 
Dalbadal oçertdə mamlı-matan. 
Gecə-gündüz canan çəkən, oxuyan, 
Qalmadı bir kababçı, bir şantan. 
Hansı rəqqasə bərk atır ayağın, 
Ona dərhal bir bu boyda nişan. 
Müxtəsər, hər yanında bir dilbər, 
Fil-behiştilə-hürü-vəlqilman, 
Fəbiəyyi alayi rəbbiküma tükəzziban.

Bu sayaq ilə keçdi xeyli zaman, 
Eyşi-işrət Parisdə qurşaqdan. 
Tökülür pul, saman kimi yayılır, 
Buna beş, o birinə otuz, doxsan. 
Hansı cib tab edər bu verhaverə, 
İstər olsun dəniz və ya ümman? 
Bir də şah saldı öz əlin cibinə, 
Gördü bomboş, nə qaş, nə daş, nə filan, 
Nə əba var, nə don, qalıb üryan, 
Vur tut əynində bir yamaqlı tuman. 
Axtarıb tapdı bir ucuzca duxan, 
Vurdu bir rumka nisyə, çıxdı piyan. 
Gəldi, mənzildə tapdı bir qəlyan, 
Azacıq fikrə getdi, tapdı haman, 
Dedi: "Ey sərsəm, ölməmiş İran, 
Uçdu hamam, yerindədir gülxan. 
Satıram hər nə var iş olsa yaman, 
Olmasın qoy İranda bir Həmədan. 
Kəndlilər işləyir dalında palan". 
Yazdı adres firəngcə doğru, yalan. 
Teleqram - Dan le-Pers, an Tehran; 
“Gəlirəm, ey əhaliyi-İran! 
Gör qalıbsa iranlılarda tuman, 
Köhnə pəncək, cilitgədən-zaddan, 
Göndərin, çünki qalmışam üryan. 
Çıxa bilməm, tumançağam, qapıdan.
Çünki vardır yanımda xeyli zənan. 
Hamı dilbər baxışlı mamlı-matan. 
Göndərin pəşivaza təxti-rəvan, 
Qarşı çıxsın böyük, kiçik əyan. 
Yoxsa İranı eylərəm viran". 
Hər görən söyləyir ki: Ey Iran, 
Fəbiəyyi alayi rəbbiküma tükəzziban.

Bu xəbər çün yayıldı hər tərəfə, 
İşi öyrəndi rəncbər, dehqan. 
Dedilər: “Şaha verməyin zəhmət". 
Qopdu hər yerdə bir böyük həyəcan. 
İlk əvvəl saldı səs Azərbaycan. 
Millət aldı ələ qılınc, qalxan. 
Dedi: “İranda qalmayıbdı tuman, 
Deyil İran da gördüyün İran. 
Yaxşısı, qal Parisdə, aç şantan. 
Bu da xanlar, bu da axund, molla, 
Hara istərsən al apar, tulla! 
Al bu şahzadə, bu hərəmxana, 
Bir də artıq qarışma İrana". 
Gördü əhvalı bəzmi məbusan 
Nəsli qacarə yazdı bir fərman. 
Oxudu altı-yeddi cüz Quran, 
Bircə yasin, beş altı ərrəhman; 
Fəbiəyyi alayi rəbbiküma tükəzziban.

Qurdu iranlılar böyük məclis, 
Verdilər şah üçün gözəl ehsan. 
Hər nə var künc-bucaqda şahzadə 
Yığdılar xeyli taxçadan-bacadan, 
Bəzisi tazə, bəzisi nimdaşt, 
Hər nə qacarı varsa əldə olan. 
Dedilər: “Fatehə Məssələvat!.. 
Həm İraqa, həmən çerez Həmədan,
Fəbiəyyi alayi rəbbiküma tükəzziban.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR