Cəfər Cabbarlı - Qız qalası (III hissə)
14
Nədir, Allah, bu yavruda bu məlal!
Bu tərəddüd, bu qəm, bu küskün hal!
Aman Allah, nədir onun diləyi?
İlk baharın bu nazənin çiçəyi
Yenə susmuş neçin tərəddüd edir?
Kim bilir, o, həp nələr düşünür?
Atasın istəyirmi qandırsın?
Sevdiyinmi bir az yubandırsın?
Atasın "yox!” deyib, yox etsinmi?
Demədən sevdiyilə getsinmi?
Yoxsa, atsın bütün, bütün eşqin,
Olaraq keçmişin pərişanı,
Sevsin ancaq yazıq qoca atasın,
Çəkərək bir əzabi-vicdanı?
Keçmişin, sevdiyin, özün, ürəyin,
Gələcək günlərin, adın, diləyin.
Həpsin, həpsin atıb, onu tutsun?
Bilərək kəndisin fəda etsin,
Duyğunu, ağlı, hissi dondursun,
Bu yazıq aşiqin ovundursun?..
Bu da pək güc, onun ümidləri bəs?
Boğulur, san, yazıq çəkincə nəfəs.
Hələ fikrində bir yığın heycan,
Hələ qəlbində odlu bir vulkan.
Hələ titrək dodaqlarında yaxar,
Dünkü bir öpkünün bu gün yeri var.
Həm də şahid bu ay, bu ulduzlar.
Allah, Allah! O verdiyi sözlər...
Bəs o? Bəs o? Onu unutdumu, dur,
Seviyor, ox nasıl onu unudur?
Səndə təsvirə güc bulunsaydı,
Çöhrəsindən görərdiniz indi
Ki, bütün bunları xatırlayaraq,
Keçirir bir rəsm kimi gözdən.
Yeri gəldikcə inləyir, saralır,
Bəllidir, həpsi, həpsi də üzdən;
Qızarır həp, yenə dönüb ağarır,
Hər nəfəs başqa bir qiyafət alır.
Göylərin boşluğunda ay qoşuyor,
Ağ buludlarla sanki oynaşıyor.
Ta uzaqlarda parlayan suları
Ufacıq bir qayıq yarıb üzüyor;
Qızcığaz həp əvvəlki tək dalğın,
Onu, guya, düşünmədən süzüyor.
Bax, çatıldı yenə hilal qaşlar,
Qəti bir halda gəldi, doğruldu,
Sanki bulmuş kimi o, istədiyin,
Sərt, çevik tərpənişlə döndü dedi:
- Ata, artıq mənim deyilsən atam,
Mən sənə, anladınmı, indi yadam.
Mən Xəzər sahilində bir durna,
Sən də bir ovçu kimi vuruldun ona.
Yetər artıq, üzülmə, ağlama, gül!
Al, sənin indi sevdiyin bir gül,
Çeynə, did, parçala, gəmir, məhv et!
Nə bilirsən də et, muradına yet!
Qoy eşitsin bütün cahan, bilsin!
Həpsi dildən-dilə deyib gülsün
Ki, rəzil bir ata, rəzil bir qız
Yaşayıb öldülər də ismətsiz.
- Durna! Yavrum, bu halətin dəhşət,
Haqsızam mən, fəqət düşün, əfv et!
- Keçmiş artıq, nə olsa, qoy olsun,
Sənə həp son məzarım eşq olsun!
Qoy desinlər, yalandır, aldanmam,
Dinlə, zövcüm, mənim dünənki atam!
Qoy desinlər: o bir rəzil qocadır;
Məncə eşqin sənin fəqət ucadır.
Sən özün heç, sözün də biməna,
Eşqin ancaq böyük, vuruldum ona...
Söyləyir Durna bilmədən özünü,
Söyləyir kəlmə-kəlmə hər sözünü...
İşlədikcə çapıq-çapıq nəfəsi,
Eşidildikcə incə, dadlı səsi,
Zənn edirsən ki, incə bir dilbər
Sararaq bir kəmanı əllərini,
Başdaki sevginin xəyalilə
İnlədir aşiqanə tellərini.
Söyləyir Durna - Qantemir, dinlə!
Yaşamaq istəyirmisən mənlə!
Seviyorsun yəqin ki, var xəbərim,
Verərəm söz ki, mən də həp sevərəm.
Sənin olsun ki, varlığım, ürəyim,
Var fəqət səndən incə bir diləyim:
Doğrudan sən məni sevirsənsə,
Yapacaqsan nə sevdiyin diləsə.
Görüyorsunuzmu, bax, bu ağ dənizi,
Şüşə tək parlayır nasıl da üzü,
Mənə tikdir bu göy sularda bir ev,
Qaldır əvvəl bu yüksəyə, sonra sev.
İstəyirsənmi boynunu qucayım,
Mənə imkan ver, ilk əvvəl uçayım,
Uçayım pək uzaq bu yerlərdən,
Uçayım pək uzaq bəşərlərdən...
Burda qalsam, mənim üzüm gülməz.
Məni bir kimsə anlamaz, bilməz;
Gələr hər kəs dilində yəzdani,
Anlamaz kimsə zövqi-ruhani.
Öylə olsun evim uca və böyük,
Övzülün Kaspi öpsün, üstün göy.
Bu bina sevgililərlə qoy dolsun,
Dörd yanım, həp mühitim eşq olsun;
Mənzilim olsun eşqlər yuvası,
Adı olsun sevimli Qız qalası.
Durma, get, haydı, çırpınır ürəyim;
Get, fəqət bulmalı yerin diləyim.
Ondan əvvəl mənə görünmə, saqın.
Qantemir açmadan dilin, dodağın.
Sanki gənc çağların bu gün yaşıyor,
Sərt addımlarla həp uzaqlaşıyor,
Yenə dik gözlərində bir şiddət,
Yenə fikrində bir yığın dəhşət.
15
Yel bir az da sərinləşib əsiyor,
Baxışı sərt işıqla Ay kəsiyor,
Mey vurunca xəfif-xəfif yellər,
Qız daha müztərib durur, inlər.
Sahilə bir ufaq qayıq yanaşır,
Süslü bir gənc onun içindən aşır.
Durnaya doğru durmadan qoşaraq,
Ona doğru haman yaxınlaşaraq,
Söyləyir: - Pək gecikmişəm, Durna!
Ağlayırsan, aman, darıldın ona!
Bilmədim, sevdiyim, bağışla məni...
Durnanm titrəyib bütün bədəni,
Baxıyor pək sürəkli, pək sakit:
- Son, bütün son, səfalı günlərə son!
Son, bütün keçmişə, keçənlərə son!
Məni bundan sonra düşünmə...
- Aman!
- Bilirəm pək bəlalıdır hicran,
Duyğusuz, uyğusuz yetim gecələr,
Süslü dünya cəhənnəm olsa əgər,
Yenə qarşımda başqa yox tədbir,
İki yol var, fəqət, nəhayət bil,
Həp ölümdür, ölüm, ölümdür, ölüm!
İştə, yavrum, bu son səfalı yolum...
Məni səndən ayırdı bir tufan,
Çarə yox, böylə istəmiş yaradan...
Durna bir gül ki, açmadan soldu;
O səninçin həmişəlik öldü.
Eşq üçün ayrılıq gözəl bir yol,
Get, gülüm, get, fəqət üzülmə, ər ol!
Baxaraq bir də son nəfəsdə ona,
Evə doğru uzaqlaşır Durna.
Yenə ağlar gözündə bir sevda,
Yenə dalğın üzündə bir xülya.
16
Ay dolanmış da, həftələr ötmüş,
Suda pək süslü bir bina bitmiş.
Qucuyor övzülün dəniz, quru yer,
Öpüyor yüksək alnını göylər.
Üstü görsənməyir durnanlarda,
Sanki itmişdir asimanlarda;
İlk gülən, son ölən şüası bütün
Həp onundur doğan, batan günəşin.
O gözəldir, o bir gəlin kimi şən,
Baxıyor bir vüqar ilə gendən.
Qarşıda daxmalar hörümlü, açıq,
Komalar həp qırıq, tökük, dağınıq;
Çevrəsində nə varsa, həp əski,
Bir rəqib axtarır da, bulmaz ki.
Suda öz kölgəsin görüncə gülər,
Öz şubay görkəmilə fəxr eylər.
Sanki bir güzgüdə boyun dümdüz
Görərək, çevrilir gülər bir qız.
Birləşib pək uzaq dənizlərlə,
Baxıyor sahilə gülümsəyərək,
Eşqə vurğun kədərli gözlərlə
Sanki öz saçlarilə fəxr edərək.
İştə son zirvəsində göylərdə
Duruyor, pək uzaq bəşərlər ona;
Duruyor sanki bir sular pərisi,
Duruyor bir vüqar ilə Durna.
Baxıyor sanki bir mələk göydən,
Bir mələk görkəmində gerçəkdən.
Saçları arxaya səpinmiş açıq,
Baxıyor sanki fikri pək dağınıq.
Baxıyor, san, gözəllərin şahı,
Baxıyor, san, gözəllik Allahı.
Baxıyor sanki göydə bir ulduz,
Baxıyor bir xəyali dilbər qız...
Tac taxınmış çiçəkdən, otlardan,
Sanki doğmuş bu, ağ buludlardan.
Onu guya ki, bəsləmiş göylər,
Bir çiçəkdir, toxunsalar, tökülər.
Onu guya ki, şeirdən hörmüş
Bir çəmənzar içində bülbüllər.
Onu guya ki, nəğmədən toxumuş
Nazlı bir qız, ziyalı bir dilbər.
Onu guya ki, süsləmiş, bəzəmiş
Göylərin incə mənəviyyatı.
Onu guya ki, sevgidən yaradıb
İlk baharın gülümsəyən səhəri.
Onu guya ki, bilmədən doğurub
Gülüşündən görünməyən Tanrı.
Yox, burax, tanrı-manrı bilməm mən
O, qadındır, gözəldir hər şeydən.
Sadə bir qız, sevimli bir dilbər;
Ona tapqın dəniz, hava, quru, yer.
Nədir əyləndirən həyatı, pəki?
Bir gözəllik deyilsə bilməm ki,
Həp yarınçın sürüklənirkən sən,
Umduğun şey nədir yarınlardan!
Gələcəkçin nədir bu qayğı, bu hal?
Həp gözəllik deyilmi bir ideal?
İştə hər kəscə etiraf edilir
Ki, qadın canlı bir gözəllikdir.
Həp təbiət edir pərəstiş ona,
Hamısından gözəl, fəqət, Durna.
Həp çiçəklər onun gülüşləridir,
Həp çəmənlər onunla süslənilir,
Boş fəzalarda seyr edib uçuşan
Bu mələklər xəyalı, kölgəsidir.
Qəlblər, ruhlar, könüllər həp,
Eşqə təslim olan bir ölkəsidir.
Şairin, serin həp ilahəsi o,
Şeirlər, nəğmələr onundur hamı.
Hər kəsin şərt-ilahi tapmasıdır.
Əsl Allah bu, o biri yapmasıdır.
17
Üzüyor Qantemir düşündüyü bu,
İnləyir sərt küləklərindən su.
Bir qayıqla yaxınlaşıb yapıya,
Bir buruq ip ilişdirib qapıya,
Dirmanıb Qantemir, girir içəri.
Dinmədən bircə-bircə pillələri
Çıxıyor çox çapıq nəfəs çəkərək,
Hər gördükdə bir azca əylənərək.
Bir baxış... sanki seyr edir suları
Yenə qalxır çapıq-çapıq yuxarı.
Çal bığlar, çəkincə iç titrər,
Enli alnından axmada tərlər.
Qarışıq çöhrədə sevinc parlar;
Parlayan gözlərində eşq oynar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət