Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Qız qalası (II hissə)

Cəfər Cabbarlı - Qız qalası (II hissə)
Sakura

Cəfər Cabbarlı - Qız qalası (II hissə)

11

Baxıyor Qantemir, həzin baxıyor; 
Yaş gözündən dayanmadan axıyor. 
Baxıyor Qantemir qəmin, məhzun.
Çıldırır, bax, deyilmi bir məcnun?
Baxıyor, bir zavallı tək baxıyor, 
Bu gözəllik sinirlərin yaxıyor. 
Gülüyor hər tərəf: dəniz, su, hava, 
Bircə tutqun bu qızcığaz, bu ata. 
Yarpaqaltı işıqlar oynaşıyor; 
Qıza Məcnun ata yaxınlaşıyor, 
Gözlərində alovlu bir sevda; 
Sərt, fəqət pək boğuq səsiylə ona:
- Durna! - Qız diksinib, həzin, süzgün
Baxıyor, qarşısında san düşkün,
Pək və şaşqın, yazıq ata, duruyor.
- Yenə gəldinmi? - Of, - deyib soruyor.
- Bu qədər qayğı, bunca işgəncə 
Sanıyorsan ki, azmı bir gəncə? 
Məni, onsuz düşüncələr bürümüş; 
Fikrimi onsuz da qayğılar yormuş. 
Mənə onsuz bu eşq tüğyanı 
Veriyor bir əzabi-ruhani. 
Yaxıyor qəlbimi bu eşqin ya,
Ox, zavallı, aman, zavallı ata!
- Durna! Sus! Sus! Nədən bu danladığın?
Bilirəm, yox ki, eşqi anladığın,
Bilirəm sən nədən bu cür dalğın,
Bilirəm, ax, bu sevgi pək şaşqın.
Haqlısan sözlərində, pək haqlı,
Duyğum üstün ki, susdurub ağlı.
Durna! Duyğum Xəzər kimi daşqın;
Nə edim? Əmr edir bu cür şaşqın. 
Yox, bu şaşqın deyil, deyil, əsla! 
Məndə bu sevgi doğru bir sevda. 
Kim olursan sən, ol da, yox xəbərim, 
Mən fəqət bu gözəlliyi sevərim. 
Bu gözəllik, bu incəlik, bu, əvət, 
Aldığın bu ilahi vəziyyət, 
Mən deyil, hər kəs olsa bənd eləyər, 
Atan hərgah peyğəmbər olsa, sevər. 
Baxıyor qızcığaz inildəyərək, 
Ata həm ağlayır sözün deyərək:
- Sən nəsən? Çünki bir sevilməli gül.
Ağlayırsanmı? Durna, sus! Gül, gül!
Ağlamaqdansa, al məni öldür.
Gül, bu məcnun ürəyimi güldür! 
Səni ağlar görəndə handa mənim 
Çatlayır, partlayır bütün bədənim!
Durna! Səndən çocuq kimi dilərəm: 
Ağlama, yoxsa indicə ölərəm. 
Gülüyor qızcığaz heç istəmədən:
- Ata, ah, söylə, söylə, nədən
Böylə şaşqın bir eşqə verdin dil,
Nə deyər tanrı, ya nə söylər el?
Vurdu meh, keçdi bir ilıq ruzgar,
Güldü san incə bir gülüşlə bahar.
Gəldi bir an tərənnümə güllər,
Yenə susdu əvvəlki tək yellər.
Yenə ölgün sükuta batdı açun,
Qantemir indi büsbütün məcnun.
Çal bığlarla örtülən ağzı
Hər sözündən sonra köpüklənərək, 
San ürəkdən tutub çəkir sözünü. 
Sözü gah yüksəlib də, gah enərək, 
Söyləyir: - Durna! Anlamam səni mən, 
Bu qədər qorxu, ya sıxıntı nədən? 
Mən özüm indi kimsəni tanımam, 
Kim nə istər desin, mən aldanmam. 
Mənə indi mələk və ya insan, 
El, peyğəmbər, kitab, din, Quran, 
Məmləkət, hökmdarlıq, xanlıq, 
Qüssə, qayğı və ya firavanlıq, 
Hamı bir heç, hamı mənə röya! 
Bircə sən, sən, aman, aman, Durna!.. 
O baxışlar ki, sevgi tək qəmgin, 
O yanaqlar ki, gül kimi rəngin, 
O dodaqlar ki, ağlayır gülərək, 
Gülüyor sanki dərdimi bilərək, 
Ax, o kirpik ki, indicə qurumuş, 
O qızıl saç ki, boynunu bürümüş, 
Ax, o gözlər ki, andırır xülya,
Çırpınır varlığında bir sevda, 
Bu gözəllik, bu incəlik, bu gülüş, 
Bu xəyali, ilahi bir görünüş 
Mən deyil, Tanrıya vurar düzgü. 
Bax, özün Durna, bax, aman, güzgü 
Yox ki... yar qəlbimi var onda hamı. 
Canlı bir Durna, yox ki, tək rəsmi. 
Bu gözəllik ki, səndə var, Durna, 
Tanrı, sevsəm, yəqin darılmaz ona. 
Haqsızam sevməyə gözəlliyi mən? 
Kəndisi Məryəmə vuruldu nədən? 
Sevdi kəndi yaratdığın kəndi, 
Mən sevərsəm, mənə nə der indi?! 
İstəyirsə ki, sevməyim səni mən. 
Səni böylə gözəl yaratdı nədən?

12

Qantemir məmləkətdə bir dahi, 
Əski qalxan-qılıncın Allahı. 
Qantemir qəhrəmanlar öldürmüş, 
Diriliklər qılıncı soldurmuş, 
Ona tabe alovlu bir ölkə, 
İndi durmuş nasıl ki, bir kölgə; 
Heç duyulmaz ki, işləyir nəfəsi; 
Arabir inləyir qırıntı səsi: 
— Durna! Yavrum, darılma, olma məlul. 
Sevmə bir başqasın, aman, mənim ol! 
Varlığın çeynər odlu bir qayğu, 
Ata bəklər maraqla qaytarğu. 
İndi sahildə səs-səmir əsla 
Eşidilməz, açun yatıb guya, 
Tərpənişsiz bütün hava durmuş, 
Batqıya doğru bir az yürümüş. 
Seçilir göydə güclə ulduzlar, 
Uyumuş həp dəminki gənc qızlar 
Dinməz öz boynunu əyib güllər, 
Sanki bir şey maraqla pək dinlər. 
Bu sükutu yarar fəqət arabir
İlbiz oymaqları yaşıl təpələr; 
Öndə parlaq sularda incə, xəfif 
Bir şırıltıyla oynaşan ləpələr. 
Baxıyor Durna, sanki bir heykəl, 
Çeynəyir varlığın dəmir bir əl. 
Baxıyor kainata hiddətlə, 
Qocanı, həm kəmali-diqqətlə 
Süzüyor, kəndi bilmədən səbəbin; 
Yenə dalğın, haman yenə dalğın... 
Qantemir indi canlı bir heycan, 
İldiırım, od, alovlu bir vulkan. 
İnləyir tapdağında guya yer, 
Parlayır gözlərində şimşəklər. 
Bu gözəllik sinirlərin yaxıyor; 
Sanki ac qurd şikar üçün baxıyor. 
Baxıyor Durnanın bu heyətinə, 
Mütərəddid gözəl qiyafətinə, 
Söyləyir: - Durna! Nazlı yavrum, bax, 
Məni məhv etmə, bu sükuta burax! 
Mən həyatımda dürlü gün gördüm, 
Əymədim baş açunda bir nəfərə, 
Bir nəfər yox, bütün bəni-bəşərə. 
Oda girdim, ölümlə çarpışdım. 
İçmədim su, həmişə qan içdim 
Məni gördükdə handa bir əsgər, 
Qəhrəmanlar, igid-igid ərlər 
Titrəyirlərdi sanki bir yarpaq, 
Oynaşım qan, dəmir, çəlik, mizraq!.. 
İxtiyarəm deyib də, aldanma. 
Hələ pək güclüyəm, inan, Durna! 
Mənə odlar, sular, biyabanlar, 
Vəhşilər, arslanlar, insanlar –
 Həpsi bir heç! Önümdə bir kölgə... 
Bax özün, iştə odlu bir ölkə, 
Bir böyük kütlənin həyatı bütün 
Bir oyuncaq kimi əlimdə zəbun 
İstəsəm, həpsini əzib, didərəm, 
Tapdaram həp həyatı məhv edərəm. 
Tikərəm bir hasar bu ləşlərdən,
Yaparam bir minarə başlardan.
Orda bir şən çiçəkli bağ salaram.
Həp bu qanlarla torpağın sularam.
Mənə dünyada qarşı qüvvət yox,
İstəyim verməyən şəriət yox.
“İstəyin yapma!” söyləyən bir din
Mənə lazım deyil də, məhv olsun...
Ulu tanrım, bu süngü, bu qalxan
Turk üçün həp budur böyük yaradan.
Çünki varkən əlimdə bu mizraq,
Nə dilərsəm, o mütləqa olacaq!
Nə ararsam əlimdədir, taparam,
Hökmranam, nə istəsəm yaparam!
Bircə sən... ox, zavallı yavrum, sən,
Sən böyüksən və güclüsən məndən!
Eşqi yıxmaq ki, qeyri-mümkündür,
O ki, hər hökmdarə üstündür.
Hər kim olsan da tapdaram, ayamam,
Bircə ancaq bu eşqi zorlayamam,
Çünki sənsən mənim də bir əməlim,
Dön, gözəl yavru, tanrım ol da mənim!
Diləyin varsa, söylə, rədd etməm,
Sənə qarşı, satqın, güc işlətməm
Al, ölümlər saçan bu mizraqlar,
Bu geniş anlı-şanlı torpaqlar,
Qüvvətim, dövlətim, yerim, yurdum,
Təxtü tacım, mənliyim, bu qəddim,
Sərt, bükülməz qolum önündə bükük;
Bax, bu mizraq, bu mən götür əz, tök!
Qüvvətim, varlığım, dəmirli əlim.
İştə bir eşq ilahəsinə təslim.
Sən bu gün hökmdarsan, mən qul,
Durna... yavrum! Fəqət... aman... mənim ol!
Qantemir, Qantemir igid bir ər,
O ki, yıxmış böyük vilayətlər;
O ki, mehrabə, çox baş əyməzdi,
Pürvüqar alnı möhrə dəyməzdi;
Onu qorxutmayırdı atəşgah,
Onu tapdarmayırdı bir Allah;
O, əvət o, bax, iştə diz çökmüş, 
Tanrı bulmuş da, həp boyun əymiş. 
Əlli ildir bükülməyən dizlər 
Bükülüb indi yaş çubuqlar tək. 
Ağlamaq bilməyən bu sərt gözlər 
Ağlayır, ağlayır çocuqlar tək! 
Yenə ruhunda bir təkəbbür var, 
Onda guya dəniz, sular, dağlar 
Söyləyir: - Qantemir, utan, doğrul, 
Sən ki, ərdin, tapınma, qalx da, ər ol! 
Bu qədər yalvarış nədir bu qıza... 
Baxıyor Durna bu kədərli üzə, 
Çeynəyir ruhun odlu bir dəhşət, 
Gülüyor heyətində bir əzəmət; 
İnliyor gözlərində yorğunluq, 
Qaplamış kainatı susqunluq.

13

Göydə ay ağ buluddan ayrıldı, 
Qara varlıq ziyaya qərq oldu. 
Göylərin boşluğunda pək müdhiş, 
Sanki pək laübali bir sərxoş 
Gəzərək kainatın hər yerini, 
Sərpərək öz ziyalı tellərini. 
Durnanın etdi üzcüyün tənvir. 
Gəl də, şair, bacarsan, et təsvir! 
Çalma, rəssam, fırçaya çəngə; 
Giriyor, bax, nəfəsdə yüz rəngə. 
Həp qızarmış bu gül yanaqlar, bax, 
Al dodaq, sanki indi qan axacaq. 
Qara qaşlar çatıldı quş qanadı, 
Qara gözlərdə titrəyir sevgi; 
Nəfəsin çəkdi bir tərəddüdlə, 
Sanki vardır pək incə bir diləyi. 
İstəyir söyləsin... yumruq ağzın 
Pək zərif bir şaqaq tək açdı. 
Dinməyir... ağlayır... tərəddüd edir. 
Gül dodaqdan, bax, iştə qan açdı.
Susdu, guya ki, pək ağırdı sözü, 
Rəngi qaçdı, saraldı bət-bənizi. 
İstədi söyləsin, fəqət susdu. 
Küsdü, bilməm nədənsə, pək küsdü. 
Daldı bax, pək dərin xəyalə yenə, 
Düşüyor, kəsdirir o bilməm nə? 
Titrəyir, bax yenə qızardı üzü, 
İstəyir söyləsin dəminki sözü. 
Yenə susdu, baxışları süzülür, 
Daldı, bilməm nədənsə pək üzülür. 
Yenə küsdü, yaşardı həm də üzü, 
Baxıyor, sanki seyr edir dənizi.

(III hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR