Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Qız qalası (I hissə)

Cəfər Cabbarlı - Qız qalası (I hissə)
Sakura

Cəfər Cabbarlı - Qız qalası (I hissə)

1

Quzğunun sahilində pək qocaman 
Bir yapı, əski sirlər yuvası, 
Sanki dalmış dərin düşüncələrə, 
Duruyor sakitanə Qız qalası. 
Bu yaxın keçmişin gözəl gəlini, 
Baxıyor, sanki qəm büküb belini, 
Qocalar tək həyatdan doymuş, 
Baxıyor dövrəyə yarımuyumuş. 
Hər yan altın bəzəkli şən yapılar, 
Dirilik dörd yanında qaynamada. 
Arxada bir gurultu, bir yenilik. 
Öndə çapqın vaporlar oynamada. 
Qara, yüksək, şubay buruqlardan 
Neft atılqanları nöyüt sərpər. 
Həp yarım milyon işçinin çəkici 
Öylə çarpar ki, yer əsib titrər. 
Gecə sahil boyunda seyr edəsən, 
Gəzişirlər yığın-yığın qızlar; 
Günəşin istiqanlı yavruları 
Hərə bir canlı gül seçib izlər; 
Oxşayıb güldürər, gülər, dinlər, 
Söyləyər, yalvarar, deyər, inlər. 
Hər tərəf başqa dürlü bir yenilik; 
Hər tərəf sevgi, hər tərəf şənlik; 
Dirilik tam gurultusilə özün 
Göstərir sahilində bir dənizin.

2

O, fəqət bunlara qoyurmu məhəl? 
Yox, yox, o iştirakə pək tənbəl. 
Görkəmindən düşündüyün sonsuz 
Andırar sanki dərdli bir öksüz. 
Unudulmuşmudur, ona darılar? 
Əski elxanlılar çağınmı anar?
Kim bilir, söyləməz, qonuşmaz ki, 
Qaynayan dirliyə uyuşmaz ki. 
Dalmış o pək dərin xəyalə, durur, 
Nələr, Allah, bu əski ev düşünür?!

3

Burası örtülü bütün eldən... 
Pək dərin keçmişin, fəqət dildən - 
Dilə vardırdığı dumanlı xəbər 
Xalq içində maraqla söylənilər 
Ki, bizim paytaxtımız xanının
Qızını Abşeron xanı görmüş, 
Oğluna almaq istəyib sormuş. 
Xan da bu batqın ölkə xalqından 
Qorxaraq, indiki bu dik qalayı 
Xəzərin göy suyunda tikdirərək, 
Qızını, bir də bir qoruq alayı 
Abşeron çapqınından aldırmış, 
Göylərə, bu binayə qaldırmış.

4

Söylənir bu... fəqət mənə bir gün, 
Qoca, düşkün qiyafəli bir pir 
Pək gözəl, şairanə sözlərlə, 
Etdi bir qəmli macəra təsvir.

5

Altı yüz il qədər əvvəllərdə, 
Bu binaya yaxın duran yerdə 
Bakının sahilüstü bir küçəsi, 
Can sevən bir gözəl mayıs gecəsi... 
Tam göyün ortasından ay durmuş, 
Dörd yanın dövrə bir işıq bürümüş. 
Altı-yeddi sarımtıraq ulduz 
Pək uzaqlarda titrəşir fərsiz; 
Sakitanə dəniz cumub parlar,
Sıçraşıb xırda damcılar oynar; 
Uyuyur qumlar üstə ilbizlər; 
Orda gizlənqaç oynayır qızlar. 
Mey vurunca hava xəfifanə, 
İnlədikcə dəniz xəfifanə, 
Yerə aydan işıq saçıldıqca. 
Görünüşdən ürək açıldıqca, 
O mələk gözlərində bir sevda, 
Baxıyor, sanki seyr edir röya.

6

Ruhu onsuz da oxşayan bu gecə, 
Dayanıb bağda bir yaşıl ağaca, 
Saçların dağınıq arxaya tökərək, 
Gözlərin ta uzaqlara dikərək, 
Baxıyor bir xəyalə dalmış qız, 
Baxıyor kainata qırpımsız. 
Göydən ay öz şəfəqlərin səpiyor, 
O qızın ağ gümüş döşün öpüyor.
Bir xəyali kaman tək inləyərək, 
Şəvə tək saçların öpər yellər. 
Oxşadıqca ilıq hava bədənin, 
Qucuyor boynunu uzun teller. 
O fəqət... dinləməz bu aləmi bir, 
Baxıyor düz, düşüncəli, dilgir; 
Sanki bir başqa kainat arayır. 
Arabir diksinib için çəkiyor, 
Ağaca doğru başcığın əkiyor, 
Yenə dinməz, baxır fəzaya qəmin,
Yenə tutqun, haman yenə dalğın, 
Qara gözlər haman yenə süzülür, 
Al dodaqlar ara-sıra büzülür, 
Gülüyor, ağlıyor, deyil, bəlli, 
İnliyor, dinliyor çətin həlli! 
İri, süzgün, qara kömür gözlər 
Bu üfüqlərdə, ax, nələr gözlər?! 
Keçmişin bu işıqlı ulduzunun, 
Allah, Allah, bu gündoğuş qızının
Nələr etmiş xəyalını məğşuş, 
O ayıqdırmı, yoxsa bir bihuş?! 
Bu gözəllik, bu incəliklə məgər 
Görən olsa, ona deyərmi bəşər? 
Yox, saqın, heç bu od ona gəlməz, 
Onu kim görsə, canlı zənn edəməz; 
Deyəcəkdir, yəqin ona röya, 
Pək dərin, şairanə bir xülya.

7

Göydə bir parça ağ bulud yürüdü, 
Pərdəvarı Ayın üzün bürüdü. 
Bir dəqiqə hava qaraldı bütün, 
Yenə durmuş bu qızcığaz məhzun. 
Yenə əvvəlki tək deməz, dinməz 
Yenə əvvəlki tək susar, gülməz 
Bulud ötdü, yenə açıldı hava; 
Yenə dalğın bu müztərib sima. 
Demək olmaz ki, mütləqa qəmli, 
Demək olmaz sevinməsin də vəli. 
Doğrudan qayğımı çəkir bu mələk? 
Yoxsa sevdalıdır bu qönçə çiçək? 
Bağlıdırmı bir odlu eşqə bu qız? 
Kimə aşiq bu parlayan ulduz? 
Kimdir o taleyi bu cür gülüyor 
Ki, onunçun bu al çiçək soluyor? 
Onu yoxsa sevirmi bir sevici, 
Gülüyor qız, bu eşqə pünhanı? 
Yoxsa mümkünmü saymayır, eşqin? 
O da bu sevginin pərişanı. 
Böylə orta, bilinməyən bir hal. 
Kəsdirib, bilmək həp bu halı mahal. 
Ağ buludcuq Ayın yanında gəzir, 
Bir qayıq ta uzaq dənizdə üzür. 
Yel ipək kömləyin qızın oxşar, 
Saçların telbətel öpər, oynar. 
Gecə ölgün sükut ilə yürüyor, 
Qız da əvvəlki hal ilə duruyor.

8

İki yandan sümükləri çıxmış, 
Qırışıq sərt üzündə bir iffət; 
Boz qalın qaşlarilə örtülmüş 
Xırda dik gözlərində bir şəfqət. 
Gülüyor, hər addımda bir duraraq, 
Gəliyor, çiyninə başın buraraq, 
Gəliyor, san, nə isə dinləyərək, 
Gəliyor hər addımda inləyərək, 
Gəliyor o Qantemir pərişan hal. 
Gəliyor xəstələr kimi bihal, 
Gəliyor söyləsin öz eşqini ta, 
Seviyor öz qızın zavallı ata... 
Seviyor, həm deyil ki, bu ata tək, 
Onu etmiş əsir o canlı çiçək, 
Seviyor həm nasıl ki, gənc gənci; 
Seviyor həm nasıl ki, bir sevici. 
Yürüyor ixtiyarsiz, ölgün; 
Yürüyor kəndi-kəndinə küskün. 
Qorxuyor o, zəhərli dillərdən, 
Sanacaq xalq onu rəzillərdən; 
Adına nəslinin ləkə sürüyor, 
Ox, nə müdhiş bu!.. Bir qədər duruyor, 
Qorxuyor tutduğu şəriətdən, 
Qorxuyor tanrıdan, qiyamətdən; 
Ad, san, el, tanrıdan olur məhrum. 
Görüyor qarşısında bir uçurum. 
Ölüyor, partlıyor, yenə seviyor. 
Yürüyor, inliyor, yenə yürüyor. 
İstəyir getməsin, ürək sürüyor; 
İstəyir sevməsin, könül seviyor!

9

Doğru bir sevginin hüdudumu var? 
Yox, yox, ancaq sevən bunu anlar! 
Sevgi bir şey ki, çəkdirir zillət, 
Həp əzabından aldırır ləzzət.
Sevgi bir od ki, yandırır ürəyi; 
Sevgi bir göz ki, yox onun bəbəyi. 
Kim ki sevdi, kim olduğun sormaz. 
Sevdiyindən o, başqa şey görməz, 
Eyləyir sevgi əqli tez fani, 
Veriyor bir həyati ruhani. 
Onu dünya yığılsa qandırmaz, 
Ya mələklər gələ ovundurmaz. 
Ona bir fərqi yox düyün, matəm, 
Sevəcəkdir dağılsa da aləm. 
Qorxmaz o, tanrıdan, şəriətdən, 
Alır onsuz da zövq zillətdən. 
Onda yox artıq hissi-heyvani, 
Arar ancaq ki, zövqi ruhani.

10

Yürüyor Qantemir yenə irəli, 
Qorxduğu şeylərin yox heç əsəri; 
Yürüyor sevgi, başqa təkcə məal... 
Duruyor qız önündə sanki xəyal. 
İndi ay ağ buludcuğu devirib, 
İşığın sanki büsbütün çevirib, 
Töküyor sahilə gülümsəyərək, 
Sanki cənnət yaratmaq istəyərək, 
Qızı guya mələkliyə sınayır. 
Şəfəqilə qızıl saçın yıqayır. 
Mən əminəm ki, göydən ensə mələk, 
Yenə üstün gələr bu nazlı çiçək. 
Bu gecə etiraf olunsun, əvət, 
Tanrıya bir rəqib olub xilqət. 
Artırınca gözəlliyin yaranış, 
Alıyor qız ilahi bir görünüş.

 

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR