Dərc edildi: Baxış sayı: 1377
Cəfər Cabbarlı - Qara gözlər
O gündən beş ildir tamam,
Oruc tutmam, namaz qılmam
Səhər-axşam var bir duam:
Gözlər, gözlər, qara gözlər!
Göylərə etməm etibar,
Beş ildir könlüm intizar
Tanıdığım, bir Tanrı var:
Gözlər, gözlər, qara gözlər!
Diləklərim erkən soldu,
Könlüm fəryaddan yoruldu,
Nə istərdim... nələr oldu
Gözlər, gözlər, qara gözlər!
Siz bir gözəllik Tanrısı.
Mənsə bir tale ayrısı,
Könlümün ilham pərisi
Gözlər, gözlər, qara gözlər!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət