Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Olsun qoy

Cəfər Cabbarlı - Olsun qoy
Sakura

Cəfər Cabbarlı - Olsun qoy

Həyata gəldiyim gündən bəlayə çarpıldım, 
Alışdı qəmlərə könlüm, o, yarım olsun qoy! 
Sənin ki, eşqinə ruhum pərəstiş eylər idi, 
Fəqət, dedin, dəli ruhun şikarım olsun qoy! 

Vəfalısan, dedim, eşqin könüldə bərkitdim, 
Könül, ürək, nə var aldın da, məhv olub bitdim; 
Səninçin hər şeyi, həp kainatı tərk etdim, 
Bu göz yaşında fəqət ixtiyarım olsun qoy! 

Yalançı bir görünüş: ay, günəş, bu ulduzlar, 
Yabançı həp bu baxışlar, bu nazənin gözlər, 
Yalan bu eşq, bu sevda, bu atəşin sözlər, 
Bu sonda, bari, həqiqət şüarım olsun qoy! 

Neçin bu cür mənə, tanrım, bəlalı gün verdin? 
Bu nazlı afətə vurğun cahana göndərdin? 
Bahari-eşqimi, yavrum, xəzanə döndərdin; 
Bu dərdli günlərim artıq baharım olsun qoy! 

Nigari-xilqətə sordum: - Nədir bu mənalar, 
Bu eşq, nalə, bu hicran, bu dadlı xülyalar, 
Nədir həyata gülən bu dərin müəmmalar? 
Götür bu pərdəni, bir aşikarım olsun qoy! 

Dedi: - Həyat özü bir ayrılıq, kədər, bir qəm. 
Nə çarpır orda gözə, həpsi bir yığın matəm; 
Bu göz yaşında boğulmaqsa taleyi-aləm, 
Mənim də göz yaşı, hicran məzarım olsun qoy! 

Bəşər həyata tapınmış, o, bir yığın torpaq, 
Vücudu, varlığı yüz min bəlaya bir oynaq; 
Bu gün varlıq da, yarın kim bilir, nələr olacaq? 
Fəqət bu bir neçə söz yadigarım olsun qoy!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR