Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Hürriyəti-Nisvançılara protesto

Cəfər Cabbarlı - Hürriyəti-Nisvançılara protesto
Sakura

Cəfər Cabbarlı - Hürriyəti-Nisvançılara protesto

Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini, 
Yığılıb boykot edirlər Ufa alimlərini.

Qafqaz alimləri on beş gün ediblər şura, 
Çox götür-qoy eləyib söhbət edəndən sonra, 
Ufa alimlərini kafir ediblər zora.
Barəkallah belə bir xeyir işə ura, ura!...
Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini,
Yığışıb boykot edirlər Ufa alimlərini.

Buna kim yol verəcəkdir ki, qız olsun muxtar, 
Kişilər eyləsin insan kimi qızla rəftar? 
Sonra on yaşlı qızı altmışillik kaftar 
Ala bilməz, a canım, boşdu bütün bu koftar. 
Budu vadar eləyibdir Quba alimlərini, 
Yığışıb boykot edirlər Ufa alimlərini.

Qıza layiq deyil aləmdə hüququn alsın, 
Qız gərək güşeyi-zillətdə müdamən qalsın.
Gündə on dəfə onu ər ağac altda salsın, 
Şərimiz böylədi, lazımdı bu cür də qalsın. 
Budu vadar eləyibdir Quba alimlərini, 
Yığışıb baykot edirlər Ufa alimlərini.

Qızlar aldı bu hüququ belə bir fərz edərik, 
Qeyzə gəldikdə ev içrə kimi sonra deyərik? 
Döyərik, öldürərik, zülm edərik, incidərik?! 
Biz qələt eyləyərik böylə işə hə deyərik! 
Biz də təhsil edirik bu Quba alimlərini, 
Çox gözəl boykot edirlər Ufa alimlərini.

Qıza lazımdır otursun ev içində keşiyə, 
Bu nədir, qız oxusun, sonra da çıxsın eşiyə. 
Qız gərək bozbaşa baxsın, ətə baxsın, pişiyə; 
Ərini görcəyin atsın özünü bir deşiyə. 
Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini, 
Yığışıb boykot edirlər Ufa alimlərini.

Bu zərərdir hələ lap mollaların özlərinə, 
Hürr qızlar, oxumuşlar baxamaz üzlərinə, 
Sahib olmazlar dəxi xalqın uşaq qızlarına. 
Öz əlilə kim vurar baltanı öz dizlərinə? 
Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini, 
Yığışıb boykot edirlər Ufa alimlərini.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR