Cəfər Cabbarlı - Göyə çıxdı
Axırda dünən səhnədə Sənan göyə çıxdı,
Talan olunub din ilə iman, göyə çıxdı.
Meraca qədəm qoydu Xumar ilə bərabər,
Birləşdi o dəm can ilə canan, göyə çıxdı.
Gördüm neçəsin zalda gedən dəmdə özündən,
Bir dəstə "cayıl", gözləri giryan göyə çıxdı.
Məclisdə yaxarkən evini Şeyx Kəbirin,
“Qalyorka"da bir dəstə müsəlman göyə çıxdı.
Saldıqda xaçı boynuna ol şeyxi-müqəddəs,
Dal cərgədə çarşaflı Tükəzban göyə çıxdı.
Dərd anbarı Sənan - Şərifzadə uçarkən,
Düşdü zala "nırçıltı" və Əfqan göyə çıxdı.
Verdikcə xodu ləhceyi-davuduna “Bülbül",
Qaçdı yuxusu, Kəlbə Miraslan göyə çıxdı.
Güldürdü doyunca barı məxluqu “Şaraplı",
Bir dəstə çocuq, xeyli xuraman göyə çıxdı.
Meraci-Nəbinin özüm əfsanə sanırkən,
Bildim bu tamaşada ki hardan göyə çıxdı.
Gər səhnədə Sənan göyə çıxdıysa, yəqinən
Düzdür deyilir təxti- Süleyman göyə çıxdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət