Dərc edildi: Baxış sayı: 775
Cəfər Cabbarlı - Gəlir
"Abdulla Cövdət" həzrətlərinə bənzətmə |
Zurnaçı toyda zurnasın çalsa,
Orda bir az da vodka da olsa,
Guşimə “Sonya"nın sədası gəlir.
Millətim xar olub əzildikcə,
Ac yetimlər nəvası gəldikcə,
Guşimə “Sonya"nın sədası gəlir.
Millətə qəm olursa rahnümun,
Hamısın birdən etsələr mədfun,
Guşimə “Sonya"nın sədası gəlir.
Asimanda “Çapellin" uçduqca,
Xalq qırğın salıb vuruşduqca,
Guşimə “Sonya"nın sədası gəlir.
Millətin başına kül olduqca,
Hamı qəri-məzarə dolduqca,
Guşimə “Sonya"nın sədası gəlir.
Bulvarı seyr edən adamlardan,
Ruhə ləzzət verən madamlardan
Guşimə “Sonya"nın sədası gəlir.
Zurnanın xunksar havasından,
Bakıda milyoner balasından
Guşimə “Sonya"nın sədası gəlir.
Millətin "aktyor" dəhanindən,
Şairindən, filan-filanindən
Guşimə “Sonya"nın sədası gəlir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət