Cəfər Cabbarlı - Əl götür
Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür!
Dəng eləmə cəmaəti, cəbrü əzadan əl götür!
Sən kimi çoxları gəlib, bənd eləyib cəmaəti,
Hamısının çərən-pərən, boş danışıqdır adəti.
Xalqa ziyan verib hamı, zaid edib şəqavəti;
Boş yerə yorma ağzını, dadü nəvadan əl götür,
Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür!
Bir kərə qan bu mətləbi xalqa ziyan verirsiniz,
Molla gedir yemək üçün, siz ona yan verirsiniz.
Biri bir iş görən kimi siz tez azan verirsiniz;
Bu gözəl iş deyil, balam, molla, yavadan əl götür,
Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür!
İş o deyil bacarmayır Fatma ev içrə xidməti,
Ondadır iş ki, Maryanın var bacısı, məlahəti,
Heç kəs anlamır işin var belə gizli hikməti;
Barı sən anla, ay Baba, bu ürəfadan əl götür,
Anladın indi mətləbi, cövrü cəfadan əl götür!
İntelligentlər hamısı qılmayır öz namazını,
Bilməyir öz şəriətin, tammayır da qazını
Xalqa nə var ki, ay Baba, yırtır o öz boğazını;
Bunlara bir nəsihət et, dadü nəvadan əl götür,
Canına yazığın gəlib cövrü cəfadan əl götür!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət