Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Dilbər

Cəfər Cabbarlı - Dilbər
Sakura

Cəfər Cabbarlı - Dilbər

Hər gün bir dəqiqə dinc oturmayan və dinclik verməyən Dilbər, dərs başlar-başlamaz: "Müəllimə mən deyim, mən deyim", - deyə, barmağını göydə oynadan və gurultu ilə bütün sinifdə bir həvəs, bir dirilik oyadan Dilbər, bu gün birdən-birə susmuş, qanadı qırılmış quş kimi yerində büzüşüb oturmuşdu. Hamı heyrət edirdi. Müəllimə belə buna heyrət etməyə bilmədi.
- Dilbər, səndən nə əcəb belə dinc oturmuşsan, xəstə deyilsən ki?
Dilbər, yuxuda imiş kimi diksindi, başını qaldırdı, ancaq danışmadı, susdu qaldı. Müəllimə onu irəli çağırdı... Hər gün, sözləri qrammofon kimi bir-birinin ardına düzən Dilbər, bu gün qırıq makina kimi baş-ayaq vururdu. Onun fikri nə isə uzaq bir yerdə, tam başqa bir şeylə məşğul idi. Dərsdən sonra müəllimə Dilbəri müəllimlər otağına çağırdı.
- Dilbər, sənə nə olmuşdur? - deyə soruşdu.
Dilbər dalğın gözlərini yerə dikmiş, susurdu. Bu aralıq Dilbərin sinif yoldaşı Məryəm başını əyib:
- Müəllimə Dilbəri ərə verirlər, - dedi.
- Aha, ərə getmək istəyirsən? - deyə müəllimə gülümsəmək istərkən, Dilbərin kiçik bədəni titrədi, gözləri yaşardı və birdən:
- Yox, mən istəmirəm, atam verir, - deyə dizi üstə düşdü. Dərdli başını müəlliməsinin dizi üstə salıb, əsəbi bir hönkürtü ilə ağlamağa başladı.
Dilbər iki dərəcəli məktəbin üçüncü qrupunda idi. Atası Həsən kişi yoxsul bir kəndli idi. Dünya malından qaratikan bir qəlyan, övlad adına da bir qızı vardı. Ancaq savadsızlığın nə qədər böyük bir bəla olduğunu öz təcrübəsindən bilmiş və oğlu olmadığı üçün qızını da olsa, oxutmağı qərara almışdı.
Qışın uzun gecələrində Dilbər kitabını alır, ocaq yanında Həsən kişinin qabağında otururdu. Onun üçün Avropadan, Amerikadan, Afrikadan, adamyeyən insanlardan, bu dünyanın yaranışından oxuyur, Həsən kişi böyük bir zövqlə dinləyir, bunların hamısını eşitdiyi hadisələrlə tutuşdurur və bəzən qızının qəti bir adam olduğuna inanır, sevinirdi. Bir azdan sonra Həsən kişi axundun otağına gedir, Dilbər isə atası gəlincə, dərslərini hazirlamağa başlayırdı. Ara-sıra Dilbər atasının yoxsulluğunu xatırlayır, oxuyub doktor olacağını, ağ paltar geyib xəstələrə baxacağını, atasına kömək edəcəyini, qoca atasının başını ucaldacağını düşünür, düşünürdü... Daha bir çox şeylər düşünürdü... Yazıq ki, zavallı Dilbər onun üçün nələr hazırlandığını heç düşünmürdü. Axşamüstü Həsən kişinin evi dolu idi. Axunddan başlamış, kraxmallı oxumuşlara kimi hər biçimli adam vardı. Lap küncdə oturan gümüş qəlyanlı, tirmə qurşaqlı bir kişi danışırdı: - Ay Həsən kişi, daha köhnə kəndə təzə dəb qoymayacaqsan ki... Maşallah... Allah saxlasın, uşaq da yaşa-boya dolmuşdur... Qız xeylağını evdə çox saxlamaq da bir şey deyildir. Mirzə Kərim də, Allaha şükür, özgə deyil, özün yaxşı tanıyırsan... Allah xeyir versin...
Həsən kişi düşündüyünü deyə bilmirdi.
- Filani... o ki var, avam... mənim kimi heyvan, o heç... Bizim daha vaxtımız keçmişdir. Dünyaya heyvan gəlmişik, heyvan da gedəcəyik. Bundan sonra avam adam bir pula dəyməz. Mən əhd eləmişəm, günümə bir gün qalmış o uşağı oxudacağam. Pul bir şey deyildir. Adam gərək dünyada yaxşı ilə yamanı bilsin, - deyə Həsən kişi elmin faydasını anlatmaq istəyir, ancaq deyə bilmirdi.
Həsən kişi, doğrudan da, pulu o qədər əhəmiyyətli bilmirdi. Ancaq bu dəfə özü əl-ayağının sarılı olduğunu hiss edirdi. Bu vaxtadək gələn elçilərə: "qızım oxuyur, vermərəm", - deyirdi. Ancaq bu dəfə bir az dili dolaşırdı...
Mirzə Kərim mədrəsədə oxumuş bir tələbə idi. Anası mərsiyəxan, atası da pirdə şeyx idi. Ancaq son zamanlar tələbəlik çox da işə keçmədiyi üçün, Kərim yekə ilmək papağı dəyişib, ikiüzlü bir papaq qoymuş, ləbbadəni yarıya kimi kəsib, pencək qayırmış, nəleyin yerinə məst geymiş, nəhayət, iyirmi ikinci ildə üçaylıq kurslara girmiş, Molla Kərim əvəzinə, Mirzə Kərim olub çıxmışdı. Kənd məktəbində dərs deyirdi. Fikrən də Mirzə Kərim ziyalılaşmışdı. Hər gün qəzetin ilk səhifəsindəki tarix və nömrəsindən başlayıb, son səhifəsindəki elanlara və sifarişlərə kimi oxuyurdu. Danışığında: “İslam millətinin cəhalətdə qalmasından, xaricilərin mədəniyyəti islamdan aldıqlarından və Quranda bütün elmlərə işarə olduğundan" uzun-uzadıya bəhs edirdi. Mirzə Kərim pis adam deyildi. Kasiblara əl tutandı. Həsən kişinin özünə az yaxşılıq etməmişdi. Hələ bildir Həsən kişinin xırı yandıqdan sonra, Mirzə Kərim yeddi yüz manat verib, onun üçün bir at-araba almışdı. Həsən kişi yarılığa işlədir və xırda-xırda pulunu Mirzə Kərimə doldururdu. Ancaq, nədənsə, bir neçə ay bundan əvvəl at qançır olub ölmüş, altı yüz manatı indi də Həsən kişinin üstündə qalmışdı. Mirzə Kərim isə, insafən, pul üçün Həsən kişini tələsdirmirdi; hətta yeni at alacağını söyləmişdi. Hələ son zamanlar Həsən kişini tez-tez çay içməyə çağırırdı. İnsafən, Mirzə Kərim yaxşı adamdı. Gözüaçıq adamdı.
Ancaq Dilbəri ərə vermək Həsən kişinin bütün arzularını qırırdı. O da öz qızını böyük adam görmək, onunla fəxr etmək, hələ bəzilərinə acıq vermək istəyirdi...
- Filani... Mirzə Kərim yaxşı adamdır. Ancaq mənim qızım oxuyur. İndiki vaxtda... avam insan ki var... heyvan kimi bir şeydir. Məsələn, mən. Mən əhd eləmişəm ki, qızım dərsini başa vurmayınca...
Burada kraxmallı bir kişi sözə qarışdı:
- Bəli, Həsən dayı. Yaxşı buyurursunuz, elmsiz insan heç bir şeyə dəyməz. Allaha şükür, Mirzə Kərim də hamımızın məlumudur, hələ elm adamıdır, yaxşı dərsi də var. O ki qaldı qızın oxumasına, mən özüylə danışmışam. Mirzə Kərim özü deyir ki, Həsən kişidən çox xoşum gəlir, çünki gözüaçıqdır; mən öz külfətimi oxudacağam. Ancaq bir adı üstündə olacaq, sonra yenə də oxusun. Mirzə Kərim onu səndən yaxşı oxutdura bilər. Orasını özü söz verir. - Bəli, bəli, orasma arxAyın ol, Həsən dayı, - deyə o biri də sözə qanşdi. Damşiq uzun sürdü. Həsən kişi çox düşündü. Hətta haradansà ölmüş ati və altı yüz manatı da yadına düşdü.
- Filani... sözüm yoxdur... Bir qızım var, elindir. Ancaq bir şərtim var: qızım gərək dərsini oxusun, İnsan ki, var...
- Bəli, bəli arxayın ol... - Axund salavat çevirdi: "Allah xeyir versin!”
Axşam Dilbər çörək yemir, mütəmadi ağlayırdi. Masqurada bir az pendir, bir az da doşab vardı. Həsən kişi çörəyi ocağın üstünə qoyub düşünürdü. Dilbərin ac olduğunu bilirdi.
- Ağlama, qızım! Mirzə Kərim elm sahibidir. Yaman adam deyil. Mən camaatın yanında onun üçün şərt qoymuşam. Sən gərək axıra kimi oxuyasan.
Dilbər, Mirzə Kərimin yarımləbbadəsini, ikiüzlü papağını nə isə çəkə bilmirdi. Atasının vəziyyətini bilirdi. Lakin bu dəqiqədə hər şeyi unudub, atasının qucağma sıxıaraq, göz yaşları arasından:
- Ata, mən ona getmək istəmirəm. Mən oxumaq istəyirəm, - deyə ağladı.
O gecə Həsən kişi də çörək yemədi. Ata-bala hər ikisi ayrılıqda düşünür və hər ikisi düşüncələrini Dilbərin dərsini davam etdirəcəyi ümidilə başlayır və nədənsə, Həsən kişinin ölmüş atı və altı yüz manat borcu ilə bitirdi... Ancaq Dilbər bunların hamısından başqa, daha bir şeylər düşünür və gizli ağlayırdı.
İş uzun sürmədi. Nişan gəldi: Dilbər üçün təzə paltar, üzük, qolbaq, hətta Həsən kişi üçün də atlas arxalıq gətirildi.
Bir neçə gündən sonra "adamımızı verin" məsələsi qalxdı. "Məktəbə evimizdən də gedə bilər", - dedilər.
Qızın yaşı dekret yaşına çatmamışdı. Zaqs üçün o yandan-bu yandan kağız düzəldi. Axund kəbin kəsdi. Dilbər atası ilə, bacısı ilə və dilsiz-ağızsız anası ilə vidalaşıb ər evinə getdi. Günlər gəlib keçirdi. Dilbər məktəb sözünü qaldırmağa belə cəsarət etmirdi. Zatən, dərsdən də qalmamışdı; Mirzə Kərimin anası Molla Gülsüm ona Qurandan dərs verir, müqabiləyə oturdur, yasin əzbərlədirdi. Ara-sıra təzə çıxmış mərsiyələrdən də öyrədirdi. Dilbərin günü payminbər öyrənmək və cümə axşamları yasin, üçaylıqda isə Quran oxumaqla keçirdi. Paltar-palaz yumaq, qab-qaşıq yumaq, xörək hazırlamaq və bu kimi işlər də ağır bir yük kimi Dilbərin üzərinə düşmüş, göz açmasına imkan vermirdi. Hələ hər gün Mirzə Kərimin yarımləb¬badəsini, şişkin, sallaq dodaqlarını, ciyər kimi qırmızı üzünü görmək Dilbər üçün çəkilməz bir əzab idi. Lakin çarə yox idi. Hər gün Mirzə Kərimi görüncə, bir köynək ət tökür, ürəyi döyünür, bədəni əsim-əsim əsirdi. Gözlərini yummaq, qaçmaq, bir bucağa sıxılmaq, gizlənmək istəyirdi. Ancaq mümkün deyildi. O, ərinin qabağına çıxmalı, nəzakət və rəsmiyyətlə onu qəbul etməli, gülümsəməli, gülməli idi. Yoxsa yumruqlar, təpiklər qaçılmaz və amansız şeylərdi. Lakin hər gün yalandan başqa bir rəngə girmək, başqa cür görünmək, ağlamaq istərkən, gülmək də dadlı bir şey deyildi. Nə etmək...
qapılar bağlı, qaranlıq məzar kimi... dalğın, susqun bir ev. Bir yana gedə bilmir, kimsəni görə bilmir, dərdlərini söyləyə bilmirdi. Atasının evinə belə getməyə haqqı yoxdu.
Dilbər, diri ikən qara bir məzara gömülmüşdü. Ən yaxşı günü, - döyülərkən, gözünün altı göyərmiş bir halda bir bucağa sıxılıb ağladığı və xəstələnib ərinə yanaşmadığı vaxtlar idi. Zatən, Dilbər son zamanlar tez-tez xəstələnirdi. Oynaq, çevik bədəni büzülmüş, şuxluğunu itirmiş, gözəl gözləri dərinə enmiş, al yanaqları saralmış, uçmuş, daim gülümsər dodaqları solmuş, qurumuş, əsəbi bir titrəklik almışdı. Ara-sıra Quran oxurkən fikri dolaşır, düşünür, keçmişlərini, uşaqlığını, şən və oynaq gəncliyini, məktəb yoldaşlarını, bütün ümidlərini xatırlayır, bütün varlığı sarsılırdı. Nə etmək, tale belə imiş...
Günlər keçir, Dilbərin mühiti getdikcə qaralır, ağır bir daş kimi qa¬ranlıq bir quyunun dibinə enir kimi, getdikcə daha artıq qatı bir qaranlığa batir, ilişir, qalırdı. Ara-sıra bir şeylər düşünür, lakin yenə də bütün düşüncələri, nədənsə, atasının ölmüş atı və altı yüz manat borcu ilə bitirdi.

Bir gün Molla Gülsüm irəlidə, Dilbər də qoltuğunda Molla Gülsümün topladığı nəzir boğçası ilə qayıdırdılar. Qızlı, oğlanlı bir dəstə Dilbərin diqqətini özündə saxladı. Bunların arasında bir çoxu keçmiş məktəb yoldaşlarından idi. Dilbərin ürəkciyi yerindən oynadı, dərin bir ah qopardi. Vəziyyətindən utandığı üçün, tanınmasın deyə, çadrasını üzünə çəkdi və eyni zamanda keçmiş xatirat onu sardı. Çox dalğın idi. Bir aralıq incə bir əl onun çiyninə endi; eyni zamanda şux bir gülüş qopdu. Dilbər diksindi. Qorxmuş gözlərini geriyə çevirdi. Üç duyğu - qorxu, sevinc və utancaqlıq üçü də birdən ona hücum etdi. Yanaqları qızardı. Şaşırdı. Qarşısında duran qız - Dilbərin məktəb bacılığı Məryəm idi. Bir saniyə üçün keçmiş uşaq oynaqlığı ilə onun üzərinə atılmaq, onu qucmaq, öpmək istədi, amma dayandı. Susdu. Məryəm indi oxumuş, irəliləmiş bir cəmiyyət qızı idi. O isə... zavallı bir mərsiyəxan şagirdi. Məryəm onun boynunu qucub, sözlərini, sorğularını bir-bir peyvənd edərək dedi:
- Ay qız, haradasan, görünmürsən? Bu nədir? Rəngin uçmuş. Xəstəmisən? Səni çoxdan axtarıram, vacib sözüm var. Nədən bu günə düşmüsən?
Məryəmin dəstəsi onlara yaxınlaşırdı. Dilbərin ürəyi döyünür. Molla Gülsümün bağıracağından qorxub:
- Yaxşı, yaxşı, Məryəm, sonra, sonra... - deyə yaxa qurtarıb, qaçmağa can atırdı. Məryəm isə ona möhkəm yapışmışdı, buraxmırdı. Qızlar və oğlanlar gəlib yetişmişdilər. - Aha, Dilbər, Dilbər necə də dəyişmiş, arıqlamış, solmuş! - deyə qızlar onu bürümüşdülər. Dilbər özünü büsbütün itirmişdi. Bu aralıq Molla Gülsüm gurultuya döndü və Dilbərin ən çox qorxduğu şey, doğrudan da, oldu. Molla Gülsüm başıaçıq qızları və əli kitablı oğlanları Dilbərin dövrəsində görüncə, qudurmuşcasma bağırdı:
- Bu nədir? Hələ bu qalmışdır? Əgər axşam ərin itoğlu evə gələr, mən onunla bir neçə kəlmə danışaram. Onlar qızmış, özündən sərxoş ləvəndlərdir. Onlar ərsiz arvad, yüyənsiz atdılar. Sən də onlara qoşulmusan...
Oğlanlar tez uzaqlaşdılar. Qızlar şaşırdılar. Dilbər, bütün bədəni titrəyərək, qıpqırmızı kəsilmiş və heç düşünmədən əlini Məryəmin əlindən çıxarıb qaçmaq istəyirdi. Bu aralıq Məryəm onun qulağına əyilib, yavaşdan:
- Sənə bir məktub gəlmişdir, məndədir. Bacıngilə verərəm, - dedi. Dilbər heç düşünməyərək: - Yaxşı, yaxşı, - deyə əlini dartdı və qaçaraq uzaqlaşdı...
Axşam Molla Gülsüm nəzərləri yerbəyer edir. Dilbər isə oturub Quran oxuyurdu. Ev qaranlıq idi. Ortanı bir məzar sükutu bürümüşdü. Ancaq divardakı saat yorucu bir yekrəngliklə "tıq-tıq" vururdu.
Dilbərin fikri uzaq-uzaq yerlərdə idi. Bugünkü hadisə onun bütün varlığını sarsıtmışdı. Düşündükcə, ürəyi döyünür və saatın taqqıltısına "tıq-tıq", - deyə cavab verirdi. Xatirat ona dinclik vermir, bütün uşaq ruhunu əzirdi. Məktəb, uşaqlıq, qayğısızlıq...
Dilbər, gözlərindən əlinin üstünə düşən damlalardan ayılmış kimi, başını qaldırdı. Molla Gülsüm evdə yox idi. Dilbər qalxdı. Taxçadan bir bağlama götürüb açdı, baxdı. Əsəbi bir maraq və həyəcanla baxdı, baxdı... Bütün keçmiş günləri bir dəqiqədə canlanmış kimi, zehnindən keçdi və birdən üzü üstə, bağlama üzərinə enib, dəhşətli bir hönkürtü ilə ağlamağa başladı. Bu, Dilbərin köhnə kitabları idi. Dilbər onları bağrına basıb, dərin kədər ilə için-için ağlayırdı.

Gecədən çox keçmişdi. Mirzə Kərim axundun otağından qayıtmamışdı. Ancaq qayıtmasına az qalmışdı. Dilbər qalxdı, qapını açdı, bayıra baxdı. Bulaşıq bir gecə idi. Külək bəzən şiddətlə çırpınır, damların bacalarını taqqıldadır, bəzən heç yoxmuş kimi susurdu. Göydə ay buludlarla toqquşurmuş kimi örtülür və yer üzünü qaranlıqlarda boğur, gah da yavaş-yavaş buluddan çıxıb, bir neçə saniyə üçün yer üzünə xəstə, sari, ölgün bir işıq atırdı.
Dilbər bayıra çıxdı. Yavaşca həyətdən keçdi, küçə qapısını açdı, baxındı. Kimsə yox idi. Bir qədər düşünüb də qayıdıb, açıq qalmış ev qapısına baxdı. Qaranlıq içərisində, pəncərə ilə qapı, lampanın sarı işığında vərəmli iki göz kimi baxırdı. Dilbərin ürəyi sıxıldı və birdən başıaçıq küçəyə atılıb, dustaqdan qaçırmış kimi, bir həyəcan içində qaçmağa başladı.
Hara?
Özü də bilmirdi...
O ancaq qaçmaq, bu dirilər məzarından uzaqlaşmaq istəyirdi. Bu aralıq Dilbər döndü, baxdı. Qapıya bir qaraltı yanaşırdı... Bu, şübhəsiz, Mirzə Kərim idi. Dilbər bir qırpım dayandı. Qorxudan bədəni titrəyirdi. Külək uğuldayır, sanki bir səs ona: "Qayıt, qayıt", - deyirdi. Lakin Dilbər küləyi dinləyəcək bir halda deyildi. Yaylığının uclarını yaxalamış, əsəbi addımlarla irəli atılmış, qaçır, mütəmadi qaçırdı. Artıq ev uzaqda qalmışdı. Külək qarşıdan Dilbərin üzünə çırpır, qulaqlarında uğuldayır, yerişini yavaşladırdı. Paltarları bir neçə dəfə daşa ilişmiş, yıxılmış, əlləri, dizləri əzilmişdi. Lakin Dilbər bunların fərqinə varmadan qalxır, yenidən yüyürürdü. Harada olduğunu bilmir və bəlkə də düşünmürdü. Ancaq acıqlı dalğaların yalçın qayalara çarpıb bir gurultu qoparması sahildə olduğunu xatırladırdı. Ay bulud altına keçmiş, bütün kainat qaranlığa bürünmüşdü. Ətrafda kimsə yox idi. Hər tərəfdən vəhşi bir təbiət, qatı bir qaranlıq Dilbəri bürümüşdü. Gecənin qaranlığı içərisində yalnız küləyin qorxunc gurultusu Dilbərin qulaqla¬rında uğuldayır, qarşıda Kaspinin yırtıcı dalğaları hiddətlə qayalara çarpır, döyüşür, bağırır, yalçın qayaları, sərt daşları qoparmaq, yıxmaq, öz ağuşuna alıb udmaq istəyirdi. Dilbər isə heç bir şey görmədən, düşünmədən bu kimsəsiz təbiətin ortasında yürüyür, getdikcə evdən uzaqlaşır və qatı bir qaranlığa batırdı.
Haraya? Nə üçün? Burasını Dilbər özü də bilmirdi.
Artıq sahildə gecənin qaranlığından başqa bir şey görünmür, küləyin uğultusundan və dalğaların acıqlı bağırtısından başqa bir şey eşidilmirdi. Dilbər qaranlığa qatışmış... gecə Dilbəri udmuşdu...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR