Slimfit
  1. ƏDƏBİYYAT

Cəfər Cabbarlı - Çocuq

Cəfər Cabbarlı - Çocuq
Sakura

Cəfər Cabbarlı - Çocuq

22-23 yaşlarında olan bu gənc çocuq vur-tut iki il idi ki, məktəbi bitirmiş, müəllimliyə başlamışdı. Bütün günləri-gecələri fikri, zehni özü ilə məşğul olduğundan bir yerə çıxmamış, kimsə tərəfindən tanınmamışdı. Ona görədir ki, bu gün böyük bir izdihama qarşı söz başlarkən ilk əldə qan beyninə vurdu. Arıq, solğun çöhrəsini xəfif bir qızartı örtdü. Yaşadığı həyəcanın şiddətindən ürəyi çırpınır, bunun da nəticəsi olaraq səsi titrəyir, hətta tez-tez dili çalpaşıq vururdu.
Bunun üzərinə yazıq çocuq özünü itirməsin deyə, onu həvəsləndirmək və cəsarətləndirmək üçün sanki "doğru deyirsən", "yaxşı deyirsən", “qorxma", "tez bitir", deyə sözlərini başi ilə təsdiq edirdi. Fəqət ilk əldə qorxan və indi-indi dili dolaşır kimi görünən bu gənc getdikcə sakitləşir, demək olursa, özünü öz əlinə alırdı. Çox keçmədən üzünün qızartısı itmiş, onsuz da sarımtraq çöhrəsinə xəfif bir solğunluq enmişdi. Ara-sıra dodaqlarında və səsində duyulan yüngül bir titrəyiş hələ də dərin bir həyəcan yaşadığını anladırdı. Fəqət hər halda bu gənc artıq acınacaq bir görkəm ərz edən həminki qorxaq çocuq deyildi. Qırpımdan-qırpıma kəndisini doğruldur, sözdən-sözə öz qüvvət və mənliyini bütün qurultaya hiss etdirirdi.
Nəhayət, bütün qurultayı anlaşılmaz bir heyrət sarmışdı. Sözlərin düzülüşündə duyulan incə bir ahəng və tənasüb, sözlərin deyilişində hiss edilən qətiyyət və inam, ifadə etdiyi fikirlərdə çırpınan ciddiyyət və qüvvət salonu o qədər cəzb etmişdi ki, dinləyənlər nəfəslərini belə çəkməyə tənbəllik edirdilər. Ara-sıra: "Bu çocuq kimdir? Kimdir? Kimdir?” - deyə hər kəs bir-birinə tələsik sorğular verir və cavab bəkləmədən yenə dinləməyə başlayirdi. Zatən kimsə cavab da vermirdi. Çocuğu kimsə tanımadığından yalnız umuzlar atılır, yenə salon dərin bir sükuta dalırdı.
Çocuq arıq, bükük vücudunu dikəltmiş, qaşlarını çatmiş, iri, sərt bir baxışlı gözləri ilə salonu süzərək danışırdı. Ara-sıra baxışları salonun ta uzaq bir bucağında oturmuş ağ ipək köynəkli gənc bir qadında saxlanır, sanki onun salonda olub-olmadığını, dinləyib-dinləmədiyini yoxlamaq, sözlərinin təsirini, vəziyyətini necə olduğunu onun gözlərində oxumaq, onun hərəkətlərindən anlamaq istəyirdi. Bir qirpim çəkmədən yenə gözlərini qaçinr, sözündə davam edirdi. Doğrudan da, gənc qız bütün varlığiı ilə bir diqqət kəsilmişdi - saralır, qızanr, natiqin sözündən bir iztirab, hər kəlməsindən bir vəziyyət alır, bir sözlə, natiqin həyəcanları ilə yaşayırdı. Bir qız natiqin öz çıxışına nə qədər əhəmiyyət verdiyini gözəl bilirdi. Məktəbə girdiyi ilk gündən etibarən öz işini öyrənməyə, axtarışlar, təcrübələr yapmağa, yeni yollar, üsullar aramağa başlamışdı. Təcrübələrdən bir yeni nəticələr çıxarmış gənc olduğundan və yürütdüyü fikirlər bir taqım böyük və tanınmış alimlərin fikirlərinə müxalif olduğundan kimsə onunla hesablaşmır, sözlərini dinləmək istəmirdi. Nəhayət, ümid bu qurultaya bağlanmışdı.
Burada öz sözlərini deyəcək, anladacaq və qurultaydan alacağı tədbir vasitəsilə öz doğruluğunu, onunla hesablaşmaq istəməyən əski müəllimlərə anladacaqdı. Ara-sıra özü istəmədən bir taqım fikirlər də başından keçirdi. Bu çıxış onu hər kəsə tanıdacaq, onu cəmiyyətə çıxaracaq, hər kəsə bəyəndirəcəkdi. Ağ köynəkli gənc qadının da salonda olması və onu, bəlkə də onun müvəffəqiyyətlərini görməsi əhəmiyyətsiz və bunu arzu etməsi də mənasız deyildi. 
Qoca müəllimin bu çıxışdan sevinəcəyini və təqdir edəcəyini, ya başqa müəllimin buna etiraz edəcəyini, daha bir çox başqa şeylər düşünmüş idi. Fəqət əsl məqsədi yenə də öz doğru fikirlərini keçirmək idi.
Zavallı xüsusilə son həftəni büsbütün uyumamış, gecə-gündüz çıxışına hazırlaşmışdı. Bir-bir fikirlərini yoxlamış, ölçmüş, biçmiş, ediləcək etirazları təsəvvür etmiş, cavablar hazırlamış, kim bilir daha nələr düşünmüş, təsvir etmişdi. Gecənin qaranlıq dərinlikləri arasında gah özünü gurultulu alqışlarla, munis, gülər çöhrələrlə qarşılanmış təs¬vir edirdi, daha da salonda qopacaq: "Bəsdir, sarsaq, mənasız sözlərlə vaxt itirməyə dəyməz!” - deyə eşidilə biləcək sözləri təsəvvür edir, ürəyi döyünür, qan beyninə vururdu. Təklifi üçün qaldırılacaq barmaqları xəyalınmda sayır, keçdi, keçmədi, alqışlar, "bəsdirlər", qoca müəllimin təqdiri, müxtəlif müəllimlərin etirazı, ağ köynəkli qızın deyəcəkləri... Kim bilir, bir dəqiqədən sonra o, salondan necə çıxacaq, ya hər kəs barmağı ilə onu göstərərək, bir nəvazişlə üzünə gülümsəyərək, yaxud gülünc bir çocuq kimi yorğun, narazı baxışlar onu yerinə ötürəcəkdi. Artıq söz başlanmış, nə olursa olsun, hər şey keçmişdi, salondakı dərin sükut və diqqət natiq tərəfindən söylənən sözlərin bir o qədər də bayağı olmadığını, xüsusilə maarif komissarlığı nümayəndəsinin öz səndəlini irəli çəkib, böyük bir diqqətlə dinləməsi, hətta tez-tez öz dəftərinə qeydlər götürməsi, sədrin, bütün rəyasət heyətinin və bütün salonun ufacıq bir çıqqıltıya qarşı bir əsəbiyyətlə: "Sus, sus!” - deyə diqqət cəlb etmələri natiq tərəfindən söylənən fikirlərin ciddi olduğunu anladirdi.
- Biz başqaları tərəfindən hazır qanunlar bəkləməyə heç də haqlı deyilik. Biz öz mühitimizi aramalı, öz məktəblilərimizi, öz çocuqlarımızı öyrənməli, dərslərimizi onların ümumi vəziyyətinə uyğun xüsusi üsullar düzəltməliyik. Xatırlamadığım bir nəfərin dediyi kimi, bu gün Avropada bir nəzəriyyə halmda irəli sürülən fikirlər bizdə bir qanun kimi qəbul edilir. Halbuki...
- Biz bilmədik bu kimdir? -deyə üçüncü sirada oturan birisi yanındakından soruşdu.
- Mənim mütəəllimimdir. Mənim, mənim. Zəki bir çocuq idi. Onu mən tərbiyə etmişəm. Yoxsul idilər, atası da yox idi, xərcinin çoxunu... Bu, mənim əməyimin nəticəsidir, - deyə üç stul ötədə oturan üzü qırışıqlı bir ixtiyar böyük bir sevinc və gizlənməz bir vüqarla cavab verdi.
- Adı nədir, adı, adı?
- ...
- Adamın gərək özündə də bir zəkavət olsun. Bax gör, bülbül kimi danışır, bülbül kimi!.. Bərəkallah! Qabil uşaqdır, çalışqandır, çox kamildir, mənim mütəəllimimdir...
İxtiyar müəllim sevincindən özünü unutmuşdu, bərkdən natiqi mədh edirdi. Ancaq sədrin ikinci zəngi ixtiyar müəllimi bir qədər susdura bildi.
30 illik ömrünü, cavanlıq və bacarığını müəllimliyə sərf etmiş və zavallı ixtiyar bu gün öz əməyinin nəticəsini, ufacıq yaxası qırtıq mini-mini bir çocuqdan bu gün belə mübariz bir qüvvət yetişdirdiyini görüncə, sevincindən atılıb-düşmək, ara-sıra: “Bu, mənim şagirdimdir", - deyə bərkdən bütün salona bağırmaq istəyirdi: “Doğrudur, doğrudur, bərəkallah, əhsən, afərin!.. Bülbül kimi danışır...” Zavallı ixti¬yar sakit olmurdu.
- Əfv edərsiniz, -deyə birdən sədr zəngi çalıb qalxdı. “Bəsdir, bəsdir", - sözləri bir ildırım kimi zavallı natiqin başmdan fırlayıb, bir qırpımda meyit kimi saraldı.
- Vaxtım bitdimi, bu saat bitirirəm, - deyə tez sədri qabaqladı.
- Yoldaşlar! Natiq vaxtından da 15 dəqiqə artıq danışmışdır. Fəqət söylədiyi fikirlər və qaldırdığı məsələlər olduqca mühüm olduğundan divani-rəyasət natiqə sözünü bitirmək üçün vaxt verilməsini təklif edir.
- Danışsın, danışsın, - deyə alqışlayan salondan: - Əlbəttə, danışsın, yaxşı danışır, doğru deyir: Danışsın! - deyə bağıran müəllimin səsi guruldayırdı.
- Bizdə daima çocuqlarda oxudana qarşı dinməz bir itaət yaradılmasına, oxudanların oxuyanlarda kamil, yenilməz bir qüvvət görülməsinə, çocuqlarda müəllimə qarşı bir acizlik duyğusu vücuda gətirilməsinə, bir çox müəllimlərimizin təbirincə deyəcək olursaq, müəllimə qarşı çocuqda bir etimad yaradılmasma çalışır. Bu, doğru bir üsul deyildir: çocuğun mənliyi əzilməməli, onda bir mütəşəbbüslük yaradılmalı, hər şeyə qarşı bir arayıçılıq, bir şübhə, bir tənqid istedadı vücuda gətirilməlidir. Çocuq daima öz müəllimini bir rəqib kimi görməli, onda müəllimindən daha artıq bilmək, bilməyə çalışmaq həvəsi oyatmalıdır. Bu hal, bu qətiyyət oxuyanda ta çocuqluqdan tərbiyə edilməlidir. 
- Doğrudur, doğru deyir, bərəkallah! Çocuq gördü ki, müəllim bir şey bilmir, müəllimin evi yıxıldı, hörmətdən düşdü, ondan sonra artıq sinifdə dayanmaz. Bərəkallah, doğru deyir, doğrudur ...- deyə ixtiyar müəllim sözün fərqinə varmadan mədh və təsdiq edirdi.
İxtiyarın yanında oturmuş təxminən 50 yaşlarında parlaq bürünc düyməli, itigözlü başqa birisi də natiqə baxır və tam başqa bir şeylər düşündüyü üzündən görünürdü. Bu da gənc natiqin müəllimi idi. Fəqət öz mütəəlliminin çıxışı ona tam başqa dürlü bir təsir bağışlamışdı. O, dünənki yaxası yırtıq bu çocuğun bu gün belə bir cəsarətlə çıxışda bulunmasını, bütün dünyada hökmran sanılan fikirləri alt-üst, hakim sanılan filosofları belə tənqid etməsini bir dürlü təsəvvür edə bilmirdi. Öz vicdanına qarşı natiqin bir çox sözlərinin haqlı olduğunu görürdü. Fəqət bir dürlü inana bilmirdi. O, bu çocuğu daima öz sözlərinə tabe görməyə, onun üzərində fikri hökmranlıq sürməyə alışmışdı. Bu gün onun öz müəllimindən daha dərin düşünə biləcəyini qəbul etmək istəmirdi. Bəzən özünü məğlub olmuş kimi hiss edir, darılır, hətta: "Artıq bəsdir, başqasına söz verin", - deyə səslənmək istəyir, fəqət natiqin sonuncu sözünün çox maraqlı olduğunu görüncə, cümlə bitənədək qəsdini təxirə salır və beləliklə, istər-istəməz susub qalırdı. Bu adam öz mütəəlliminin doğrudan da, çox irəli getdiyini, özündən çox bildiyini və daha dərin düşündüyünü hiss edir, fəqət yenə özünün məğlub olmasına inanmir, daha doğrusu, inanmaq istəmirdi.
Nəhayət, natiq gurultulu alqışlar altında sözünü bitirdi. Çənəsindən damcı-damcı tər tökülürdü, alqışlayanların bir çoxu natiqin təklifləri ilə razı deyildi. Fəqət hər kəs ondakı cəsarəti, qüvvəti və qətiyyəti istər-istəməz alqışlayırdı. Xüsusilə ixtiyar müəllim salonu dağıdırdı. "Bərəkallah, əhsən, afərin! Mənim mütəəllimimdir, çox kamildir, çox, çox", - deyə sağa-sola mədh edirdi. "Çocuq" sözlərini bitirdikdən sonra nəfəsini dərmək üçün çıxdı. Gördüklərinin üzünə baxır, çöhrələrindən, danışıqlarından nə kimi bir münasibətdə olduqlarını, təqdir etdiklərini, ya bəyənmədiklərini anlamaq istəyirdi. Fəqət hər kəs bir maraqla çocuğa baxır, kimsə bir söz demirdi. Çocuq gözlər ilə tanış bir adam tapmaq, nə damşdığını soruşmaq, daha doğrusu, bir təqdir etmək istəyirdi. Olduqca yorğun və əzgin olduğunu ancaq indi hiss edirdi. Bu aralıq bir nəfər böyük bir gurultu ilə adamları yanb gənc müəllimin boynuna sarıldı. "Bərəkallah, əhsən, afərin, yaxşı danışdın, əməklərimi hədərə vermədin, başımı ucaltdın", - deyə arası kəsilmədən saymağa başladı. Bu, bayaqkı İxtiyar müəllim idi. Başının ağ tükləri arasından süzülən tər damcıları biixtiyar gözündən axan yaşlara qatışmış, tühaf görkəm vücudə gətirmişdi.
Gənc müəllim sevincindən gözləri yaşarmış, boğulur kimi, bir söz demək istəyir, fəqət danışmırdı, eyni zamanda zavallı, bir nəfəri arayırmış kimi, ətrafını süzür, bir çox kişilər, qızlar, qadınlar görür, ancaq aradığını görmürdü.
Müzakirələr davam edirdi...
Gənc natiq məruzəçi deyildi, o ancaq müzakirə təriqilə danışmışdı. Fəqət məsələ ətrafında artıq bitməkdə olan müzakirə yenidən qızışdı. Əvvəlləri gənc natiq sözlərinə etina edilməyəcəyini, hətta adı belə çəkilməyəcəyini gözləyirkən, iş tam tərsinə çıxdı. Gənc natiqin adı və dedikləri bir müsahidə məhvəri kəsildi. Sonuncu natiqlər onun nitqinə toxunur, bir çoxları, hətta maarif komissarlığı nümayəndəsi də nitqini tənqid edirdilər. Fəqət bu danışıqların hamısında bir cəhət var idi.
Gənc natiqə müxalif olanlar belə onu böyük bir qüvvət kimi tələqqi edir, sözlərində ona qarşı müəyyən bir hörmət ifadə edirdilər. Yalnız bürünc düyməli müəllimin sözləri bir qədər sərt idi. "Bunlar hamısı çocuqluğun, təcrübəsizliyin nəticələridir, bizdə ən böyük nöqsan - hər kəsin bildiyindən artıq danışmasıdır... ”, deyə bu kimi sözlərlə gənc natiqi tənqid edirdi. O, dünənki bu çocuqluqla bu qədər hesablaşmanın lazım olduğunu qəbul eləmirdi. Halbuki məktəbdə həmin çocuğu ikinci sözdə susdurmaq olurdu.
Gənc natiq bunlara əhəmiyyət vermirdi, artıq müəllimə hörmət və itaət vaxtı deyildi. Burada bir fikir mübarizəsi gedirdi.
Gənc müəllim bütün köhnələri alt-üst edən tam yeni bir dərs üsulu təklif edir və öz təklifini bütün etirazlara qarşı böyük bir qətiyyət və cəsarətlə müdafiə edirdi. Hətta müəlliminin sərtliyinə sərtliklə cavab verməyib, olduqca soyuqqanlı davranaraq, bəzən müəlliminin də dolaşıq təbirlərini müntəzəm və məntiqi bir şəklə salır və ətraflı bir surətdə təhlil ilə olduqca məntiqi cavablar verirdi. Müzakirə bitdi. Məsələ səsə qoyuldu. Gənc natiq bir guşədə oturub, veriləcək səslərin nəticəsini gözləyirdi. "Keçəcəkmi, keçməyəcəkmi?.. ”
Bu iki söz bulanıq bir yuxu kimi zehnindən keçir, bəzən ikincini təsəvvür edincə, ürəyi döyünürdü. - Kim istəyir?
- Kim əleyhinədir?
- Kim bitərəf qalır?
Gənc natiqin ürəyi döyünürdü, titrək dodaqlarından qan içdi. Gənc natiqin təklifləri keçmirdi. Bir dəqiqə qədər bütün varlığını bir süstlük sardı. Eyni zamanda zehnində bulanıq bir ümid parlayırdı: "Görünür ki, ətraflı düşünməmişəm. Əlbəttə, səhvlərimi taparam". Fəqət dediyi və çox gözəl anlatdığı bir çox açıq fikir və həqiqətlərin necə oldu da qəbul edilmədiyini anlamırdı. Gözlərini bir utancaqlıqla yerə dikərək, bir məğlubiyyət duyğusu ilə salondan çıxdı. İlk gözünə sataşan adam ağ ipək köynəkli qadın idi.
Sürəkli, əzici və mənalı baxışlarını gənc natiqin gözlərinə dik qaldırmış, çöhrəsindəki qızartını süzürdü. Sanki onun həyəcanlarını öz baxışları ilə oxşayib susdurmaq istəyirdi. Eyni zamanda açıq qapıdan sədrin səsi eşidilirdi.
- Təklif bütünlüklə rədd edilsə də, hər halda bir çox dəyərli və yararlı həqiqətləri etinasız buraxmamaq və təhlil edib müntəzəm bir hala salmaq üçün XMK-mn proqram komisyonuna verilsin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR