Cəfər Cabbarlı - Bulvar hara, məktəb hara?
(Yay tətilindən sonra məktəbə getməyə məcbur olan uxajor mütəəllimlərin naləsi)
Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da;
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Rədd olub getmişdi məktəb başımızdan birtəhər,
Seyr edib bulvarda qızlardan olurduq bəhrəvər,
Sentyabr gəldi, dur qaç məktəbə hər gün səhər,
O deyir, bu söyləyir, insan olub lap dəngəsər.
Getmərəm mən məktəbə, namım, nişanım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Hər nə var, bulvarda var, məktəb, deyin, aya nədir?
Hər nə var, qızlarda var, sənət bizə biganədir.
Boşla dərsi, məktəbi, ondan gözəl meyxanədir;
Hər kəs elmə meyl etsə, doğrusu divanədir.
Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Bulvarı qoy, dur yüyür hər gün bu viran məktəbə...
Bir baxın, bu sözlərin heç dəxli vardır mətləbə?
Bilmirəm hansı... bu məktəbi saldı dəbə?
İndi var on beş yaşım, qoy məktəbə getsin bəbə!
Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Pul babamdan, şükr ola, qalmış mənimçin bir qədər;
Onları xərc eylərəm, lap azı on beş il gedər.
Vallah, bir Janka mənimçin əlli min dərsə dəyər;
Şoğərib məktəb edir insanın ömrün lap hədər.
Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Məktəbə qoy getsin axmaqlar, bizə lazım deyil;
Bizlərə həm elmdir Janka, ədəbdir, həm də gül;
Söhbəti şirin, özü şirin, danış, hər dəm də gül;
Jankaya bir kəs sataşsa, ya döy onu, ya döyül.
Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Dilbərim, fəxrim, sürurim, ixtiyarım Jankadır.
Məktəbim, dərsim, ülumim, Gülzarım Jankadır.
Çernilim, ruçkam, yazım, hər dürlü karım Jankadır.
Müxtəsər, dinim, həyatım, iftixarım Jankadır.
Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət