Slimfit
  1. MEDİA

Cəbrayılov babamın sağ əli idi, hətta... - Prezidentin nəvəsi ilə müsahibə

Cəbrayılov babamın sağ əli idi, hətta... - Prezidentin nəvəsi ilə müsahibə
Sakura

Cəbrayılov babamın sağ əli idi, hətta... - Prezidentin nəvəsi ilə müsahibə

Hər bir dövlətin tarixini yazan qəhrəmanları var. Parisə səfər edənlərin ilk ayaq basdığı məkan Şarl de Qoll adına hava limanı olur. Dünya tarixinin tanınmış siması, Fransanın beşinci prezidenti General de Qollu qardaşının nəvəsi ilə birgə yad edəcəyik.

Publika.az-ın eksklüziv qonağı Loran de Qolldur.

- Cənab de Qoll, babanızı görmüşdünüz?

- Mən Şarl de Qollun qardaşının nəvəsiyəm. Amma biz hamımız özümüzü onun övladı hesab edirik. O, sanki çox böyük ağac idi, kölgəsində hər birimiz üçün yer vardı. Babamı bir neçə dəfə görmüşdüm, amma mənim yaşım az idi deyə aydın xatırlamıram. Həm də Yelisey sarayında babamızla birgə ailə yeməyinə getmək şərəfinə 7 yaşdan sonra nail ola bilərdik. Atamın işi ilə əlaqədər çox vaxt səfərlərdə olurduq. Şarl de Qoll isə prezident idi. Odur ki, görüşmək çox nadir hallarda mümkün olurdu. Ölümündən bir müddət əvvəl xəbər aldıq ki, artıq yataqdadır və bizi görmək istəyir. Yola düşdük. Təəssüf ki, biz çatanda artıq dünyadan köçmüşdü.

- Çoxları üçün əfsanəvi şəxsiyyət general de Qoll xatirinizdə necə qalıb?

- Dediyim kimi, o, dünyasını dəyişəndə yaşım az idi. Amma mən onunla mətbuat toplantılarının, televiziya və radiodakı çıxışlarının lent yazılarını izləyərək daha yaxından tanış oldum. Onun dövründəki ölkəmizlə çağdaş Fransa arasında fərq var. İnsanlara qarşı olduqca rəhimli idi. Ölkə adına müdrik qərarlar verməyə çalışırdı. Virtual görüşlərimizdə buna bir daha əmin oldum.

Böyük siyasətçi olmaqla yanaşı zahirən yaraşıqlı və xarizmatik kişi olub. Zənnimcə, ona bənzəyirsiniz.

- Bənzətməniz üçün çox sağ olun. Əslində bu etirafı çox eşidirəm, amma mən belə hesab etmirəm. Lakin genetik bənzərlik, ata babalarımızdan bizə keçən bir çox mimika və jestləri danmaq mümkün deyil.

Похожее изображение

- Şarl de Qollun həyat yoldaşı İvonna de Qoll haqda çox gözəl faktlar oxumuşam. General arvadı nənənizi illər sonra necə xarakterizə edə bilərsiniz?

- Onunla tez-tez görüşərdik. Həmin görüşləri çox yaxşı xatırlayıram. İvonna de Qoll çox incə və yumşaq xarakterli qadın idi. Mehriban baxışı və gözəl gülüşü vardı. Çox böyük ailə idik, o hamımızı yaxşı tanıyır, xarakterimizə bələd idi. İnsanların qəlbini qırmaqdan çox qorxardı. Yəqin onların məhəbbəti bu səbəbdən daha möhkəm və güclü idi. Şarl və İvonna de Qollun 3 övladı vardı. Böyük oğulları Filip, ortancıl qızları Elizabet və kiçik qızları Anna... Anna Daun sindromu ilə doğulmuşdu. Onlar bütün qüvvəllərini kiçik qızları üçün səfərbər etmişdilər. Böyük respublikanın prezidenti, general de Qoll balaca Annanı görəndə dünyanı unudur, onunla birgə dönüb uşaq olurdu. Şarl de Qoll digər iki övladına verə bilmədiyi bütün məhəbbəti, qayğını Annaya verirdi. Onun üçün mahnılar, marşlar oxuyardı. 1945-ci ildə Şarl de Qoll ölkənin prezidenti seçilir. Elə həmin il ailə “Anna de Qoll” adına fond yaradır. Bu fond əsas vəzifəsi Daun sindromundan əziyyət çəkən uşaqların müalicəsinə yönəlmişdi.

- Annanın ölümü isə ona ikiqat zərbə olur.

- Şarl de Qoll ən qanlı savaşlar görmüş sərt xarakterli hərbçi idi. Amma Anna onun içindəki məsum körpəni ölməyə qoymurdu. Anna de Qoll 20 yaşında qripə yoluxur. Daha sonra isə bronxitdən dünyasını dəyişir. Bu ölüm babamın qəlbində ömürlük yara açır. O, həmişə inanırdı ki, Anna sindromla doğulmasaydı, dahi şəxsiyyət olardı. Deyərdi ki, ölərək o da hamımıza bənzədi. İllər sonra xatirələrində belə yazmışdı: “Anna olmasaydı, insan hiddətini tapdaya bilməzdim. Bəli, bir ata üçün xəstə övlad çox ağır imtahandır. Amma bu uşaq mənim hədiyyəmdir. Anna mənə uğursuzluqlara tab gətirib mövcud vəziyyətdən daha üstün olmaq gücü verdi”.

- Babanız Şarl de Qoll uzun müddət Fransanın prezidenti olub. Necə düşünürsünüz, prezident hansı özəlliklərə malik olmalıdır?

- Şarl de Qoll Fransanın beşinci respublikasının yaradıcısı və ilk prezidenti idi. O, Fransa xalqı üçün konstitusiya hazırladı, ölkənin siyasi güzəranını stabilləşdirdi. Düşünürəm ki, prezident hər şeydən öncə ümumi rifahı düşünməlidir. Zəhmətkeş, məqsədyönlü və vicdanlı olmalıdır. Prezident tarix, coğrafiya, iqtisadiyyata bələd olmadan ölkəni idarə edə bilməz. Hadisələri sürətli və məntiqli şəkildə analiz etmək tələb olunur. Əsl prezidentin ürəyi də gözü kimi görməyi bacarmalıdır.

Azərbaycanlı qəhrəman Əhmədiyyə Cəbrayılovla Şarl de Qollun yaxın dostluq münasibətindən xəbərdarsınız?

- Əlbəttə, xəbərdaram. Əhmədiyyə Cəbrayılov Şarl de Qollun sağ əli olub. Yaxın dostum Aleksandr Buasson onun haqda mənə geniş məlumat verdi. Hətta ölkənizin qəhrəman savaşçısından bəhs edən sənədli film də izləmişəm. Millətlərimizin dostluğunu, qardaşlığını möhkəmləndirən belə qəhrəmanların olması vacibdir.

Bir az da özünüzdən danışaq. Həyatın hansı acı həqiqətlərinə göz yumursunuz?

- Mən ürəyində incəsənətə məhəbbət bəsləyən sadə fransızam. Ölkəmi, dünyanı sevirəm. Ona görə də acı həqiqətləri qulaq ardına vura bilmirəm. Əksinə dünya insanı olaraq pisliklə mübarizə aparmalıyıq. Bunu ən azı ölkəsini sevən babalarımızın xatirəsini incitməmək üçün etməliyik.

- Necə düşünürsünüz, həyatın mənası bütün canlılar üçün eynidir?

- Əlbəttə, yox. Məsələn, biz insanlar məsuliyyətimizi ön plana çəkib azadlığımızdan imtina etmək məcburiyyətində qalırıq. Buna çox vaxt doğmalarımızı, ətrafımızı qorumaq, onlara daha gözəl güzəran bəxş etmək üçün qatlaşmalıyıq. İnsanın şüuru onun həyatının istiqamətini müəyyən edən kompasdır. Təbiət və heyvanlar isə sanki daha azad dünya üçün doğulublar. Planetin əsas qurtarıcısı insandır, bir şərtlə ki vəzifəsinin ağırlığını dərk etsin.

- Sizə görə gözəl həyatın tərifi varmı?

- Özünüz olmağa çalışın. Vicdanınızı və insanlara şəfqət hissini itirməyin. Həyatı olduğu kimi qəbul edib qarşınıza yüksək məqsədlər qoyun ki, heç olmasa onun yarısını əldə edə biləsiniz. İnsanların arxasınca qaçmaq əvəzinə daxilinizdəki gözəlliyi kəşf edin. Mənim üçün rahatlığın, gözəl həyatın, yaxşı yaşamağın əsas sirri budur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR