Slimfit
  1. AZƏRBAYCAN

Canqayıb kəndinin yeganə ailəsi

Canqayıb kəndinin yeganə ailəsi
Sakura

Sakinlərin tərk etdiyi Canqayıb kəndinin yeganə ailəsi

İlan kimi sürünən yol bizi Canqayıba aparır. Maşın yağışdan sonra suyu canına çəkən palçıqda üzüyuxarı - dağın ətəklərinə tərəf yorğun-yorğun irəlilədikcə, uzaqdan nöqtə kimi ağaran ev də böyüməyə başlayır.

Bir neçə dəqiqədən sonra illərin yorğunluğundan "beli bükülmüş" ikimərtəbəli evin qarşısındayıq. Ətrafda gözə dəyən bir toyuq-cücədir, bir də kənarda yağışdan sonra günəşin şüaları altında mürgüləyən it...

Divarlarına yenicə əhəng çəkilsə də, köhnəliyi özünü uzaqdan bəlli edən, pəncərələrinin çərçivələri çoxdan çürümüş evdən səs-səmir gəlmir. Evin ətrafını dolaşıb "ev yiyəsi" deyə səslənirəm. Günortanın səssizliyində o başdan eşidilən qadın səsinə boylanırıq.

Canqayıb kəndindin yeganə ailəsinin xanımı Zabitə Kiçikbəyova

Qoltuğundakı yuyulmuş paltarla dolu ləyənlə bulaqdan evə tərəf gələn orta yaşlı qadın hardan, nə səbəbə gəlməyimi soruşmur. Ləyəni torpağın üstünə qoyur, "Xoş gəlmisiniz" deyib indiyəcən tanımadığı adama -mənə sarılır.

Şabranın mərkəzindən cəmi 10 kilometr aralıda - dağın ətəyindəki Canqayıb kəndində vur-tut bir ailə yaşayır. Bura sakinləri tərəfindən tərk edilmiş yeganə kənd deyil.

Dövlət Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda sakinlərinin sayı 10-dan aşağı olan 9 kənd var. 20-dən çox kənd isə tamamilə boş qalıb.

Ləyəni əlindən yerə qoyub uşaq çevikliyi ilə qarşıma qaçan 59 yaşlı Zabitə Kiçikbəyova 31 ildir ki, yaxınlıqdakı Gəndob kəndindən Canqayıba gəlin köçüb.

Söhbətə körpünü özü salır. "Ər evinə köçəndə hardasa 40 ailədən çoxu köçünü tutub başqa yerə getmişdi. Qalanları da gözümün qabağında köç elədi".

- Camaat evini niyə tərk edib?

- "İşsizlik, şəraitsizlik... Məktəb yox, uşaq bağçası yox, tibb məntəqəsi yox, qaz yox... Gördülər, odun da tükənir, qırmağa ağac qalmayıb, soyuqdan donmamaq üçün köçüb getdilər. Hələ o vaxt adamlar köçməyə başlayanda hökumət adamları gəlib deyirdi, getməyin, qaz çəkiləcək.

30 ildən çox keçib, ancaq hələ də qaz xətti çəkilməyib. Bəlkə də o vaxt çəksəydilər, adamlar qayıdardı. Köçüb gedənlər arada bir gəlib-gedirdilər, suyla, qazla, işıqla maraqlanırdılar, gördülər, yaxşılığa doğru ümid yoxdur, ayaqlarını həmişəlik buralardan çəkdilər. Bakıya gedəni oldu, Rusiyaya gedəni oldu, Şabranın özünə köçəni oldu...

Odureey, kişi də gəlir", - günəş şüalarından qorunmaq üçün əllərini gözlərinin üstünə tutub bulaq tərəfdən gələn yolda çır-çırpı dolu arabasını itələyə-itələyə bizə tərəf addımlayan ərini nişan verir.

Ailə evi odunla qızdırır

Zabitə xanım özündən bir yaş böyük olan əri, Elxan Kiçikbəyovu hələ də kənddə qalmalarının əsas səbəbkarı sayır.

"O vaxt hamı getdi, Elxan qaldı. Dedi, bura mənim ata-baba evimdir, mənə yadigardır, atıb gedərəm, dağılar, yox olar. Elə evin dam örtüyünü düzəldəndə də şikəst oldu. Damdan başıüstə yıxıldı, beyni silkələndi, o vaxtdan ruhi xəstəliyi var, ikinci qrup əlildir", deyir və gözləri dolur.

Canqayıbın son sakinləri son 5 ildə üst-üstə xeyli zərbə alıb. 5 il əvvəl kəndə, ailəsinə baş çəkməyə gələn 25 yaşlı ortancıl oğul Eldar yaxınlıqdakı kanala düşmüş iti xilas edərkən boğulub.

"İyul ayı idi, Eldar bostan üstünə tikan yığmağa gedir, kanalı keçəndə Qaraboz suya düşür. Oğlum da dalıyca özünü suya atır, iti xilas eləyir, özü boğulur. Bizim də xəbərimiz yox... Bir də baxdıq ki, Qaraboz gəlib, zingildəyir, hürür, bizi kanala tərəf çəkir. Düşdük dalıyca, getdik ki..."

Acı xatirənin onu daha da üzməsini istəmirəm, mövzunu dəyişməyə çalışmıram, amma o, elə bil məni eşitmir. "Elə burda dəfn elədik, kəndin yaxınlığında. Qoymadım başdaşına şəklini vursunlar. Bir yaşında qızı vardı, gəlinim ikinciyə hamilə idi, ikinci qızı da ölümündən bir neçə ay sonra doğuldu".

Bu hadisədən sonra Qaraboz da həyətdə duruş gətirməyib. Zabitə xanım deyir ki, ailənin ən sadiq dostunu sonuncu dəfə oğlunun ölümündən 3 gün sonra bulağın başında görüb.

"Oturmuşdum bulağın başında, ağlayırdım, Qaraboz da gəldi oturdu yanımda, dedim, ay Qaraboz, balamı əlimdən aldın, səbəbkar sən oldun. Döndüm, gördüm, gözlərində yaş var, durdu, sakitcə başını aşağı salıb getdi, o gün, bu gün, bir də Qarabozu buralarda görmədik. Beş il keçib".

Eldarın həyat yoldaşı indi iki uşağı ailə Bakıda valideynlərinin yanında yaşayır. Eldardan başqa ailədə daha iki oğul var. Biri ailəli, digəri subaydır. Bir də ortalıqda qaçan, nənəsinə, babasına əl yetirən balaca Sevgi var. Yaşı məktəb hazırlığına düşsə də, ən yaxın məktəb 3 kilometr aralıdakı qonşu kənddə olduğundan ora getmir.

Üstəlik, ailənin maddi imkanı yetərli deyil ki, Sevginin məktəb üçün əsas ehtiyaclarını qarşılasın, çanta, dəftər-qələm, geyim alsın, Zabitə xanım deyir.

O əlavə edir ki, oğlanlarından biri Şabranda ayda 140 manata fəhləlik edir.

Amma onun maaşı atasının müalicəsi üçün bankdan götürdükləri kreditə gedir. Elxan Kiçikbəyovun əlilliyə görə aldığı 127 manatla Zabitə xanımın aldığı 57 manatlıq təqaüd isə ailənin dolanışığına çatmır.

Evdə nə soyuducu, nə paltaryuyan maşın, nə televizor, nə də başqa elektrik avadanlığı gözə dəyir. Qızınmaq üçün ailə odun sobası qalayır.

İçəri girəndə məlum olur ki, ailədə südəmər körpə də varmış - Sevginin yaş yarımlıq qardaşı Elxan. Uşaqların atası onlara kənarda ev tikmək istəyir, ancaq imkansızlıqdan alınmır, Zabitə xanım ailənin planlarından danışır.

Zabitə Kiçikbəyova deyir, neçənci dəfədir ki, oğlu palçıqdan kərpic kəsir, qurudur, divar hörür, ancaq yağış kərpici yuyub aparır.

Qaldıqları qəzalı ikimərtəbəli evdən azca kənarda dağılmış divarın hissələri və tikmək arzusunda olduğu evin bünövrəsi qalıb.

Zabitə başını qaldırıb ətrafa boylanır, barmağını çox da uzaq olmayan təpələrə uzadır və sovet vaxtı orada fəaliyyət göstərən məscidi xatırlayır. Deyir ki, çox vaxt hökumət adamları namaza gələnləri məsciddən dağıdardılar.

"Ehhh, hara getdi bu camaat... Hamı çıxdı getdi. Bircə biz qaldıq... Kişi getmədi ki, getmədi", deyə gözləri ilə samovara növbəti odunu atan ərinə işarə edir.

- Darıxmırsız burda?

- Baharda gələsən bura, bəh-bəh, buralar bir yaşıllıq olur ki... Təzə çıxan otların ətri torpağın ətrinə qarışır. Qışda donuruq, yazda elə bil buzumuz açılır.

Bir müddət əvvəl ailənin qonşu Ləcət kəndində əkin sahəsi olub. Vaxtilə arpa, taxıl əkilən sahəni 3 il əvvəl ehtiyaca görə dəyər-dəyməzinə satmaq məcburiyyətində qalıblar.

Ancaq buunla da bitməyib, Zabitə deyir ki, nəvəsinə dərman almaq üçün həyətdəki hinduşkaları və ev quşlarının xeyli hissəsini də Şabran bazarında satmalı olub.

İndi evin qarşısında balaca Sevginin hər gün nənəsi və babasıyla gedib bibər, xiyar, pomidor, göyərti topladığı kiçik bir bostan qalıb.

Ailənin tərəvəz tələbatlarını əsasən bu bostan ödəyir. Əlavə olaraq, Elxan Kiçikbəyov tez-tez meşələrdən mövsümi meyvələrdən toplayır, həyat yoldaşı isə mürəbbə, kompot hazırlayır.

Samovar çayını böyürtkən mürəbbəsi ilə içdikdən sonra bu isti mühiti qoyub paytaxta qayıtmağa həvəs qalmamışdı…

Dağların ətəyində, Qələgahın, Ləcətin, Bilicinin əhatəsində yerləşən Canqayıbın üzərində günəş yavaş-yavaş yerini qara buludlara verirdi.

Buradan tez çıxmaq lazım idi ki, bir azdan yağışın sürüşkən palçığa çevirəcəyi yolda qəza təhlükəsiylə üz-üzə qalmayaq.

Maşın yorğun-yorğun irəliləyir, ilan kimi üzüaşağı sürünən yollar Canqayıbı ən sadiq sakinləriylə geridə qoyur.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR