Slimfit
  1. İDMAN

Canni De Byazi: "25 baş mənim düşündüyümü fikirləşsə, alınacaq"

Canni De Byazi: "25 baş mənim düşündüyümü fikirləşsə, alınacaq"
Sakura

Canni De Byazi: "25 baş mənim düşündüyümü fikirləşsə, alınacaq"

"Bakıda ilk dəfə 5-6 il əvvəl olmuşam. "Qarabağ"ın oyununa baxmaq üçün gəlmişdim. O zamanlar Ansi Aqolli və Admir Teli orada çıxış edirdi. Onları izləyirdim".

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "CBC Sport" telekanalına müashibəsində Bakı haqqında danışarkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, burada yaşamaq üçün hər cür şərait var: "Həmin vaxt dərhal fərqinə vardım ki, çox gözəl şəhərdir. Yaşamaq üçün hər cür şərait var. Şəhər məni yaxşı mənada çox təsirləndirdi".

Bakıya gəldikdən sonra əvvəlcə "Bank Respulika Arena"da "Sabah" - "Qəbələ" matçını (2:0), daha sonra isə "Azersun Arena"da "Qarabağ" - "Sabah" (2:0) oyununu izləyən 64 yaşlıbaş məşqçi ikinci görüşün daha maraqlı keçdiyini söyləyib: "Bu, futbolçuları daha yaxşı tanımaq mənasında vacibdir. Onlarla hələ şəxsən tanış deyiləm. Amma köməkçilərimlə birlikdə Azərbaycan millisinin bütün oyunlarını izləyib hərtərəfli analiz etmişik. İndi isə daha yaxından baxıb komandanı anlamağa ehtiyac var. "Sabah" - "Qarabağ" oyunu çox maraqlı keçdi. Hər iki komanda keyfiyyətlidir. "Qarabağ" qələbə qazansa da, hər iki tərəf yaxşı futbol sərgilədi".

AFFA-dan aldığı təklifdən bəhs edən De Byazi milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovla bir neçə il əvvəl Fransanın paytaxtı Parisdə tanış olub: "Bir-birimizi çox gözəl başa düşdük. O zaman mən Albaniya millisini çalışdırırdım. Azərbaycandan təklif gələn kimi Ansi ilə söhbətləşdim. O, mənə oğlum, kiçik qardaşım kimidir. Mənə Azərbaycan reallıqlarından çox danışdı. Burada 9 il oynadığı üçün ölkə futboluna yaxşı bələddir.  İnformasiya mənasında Aqollidən eşitdiklərim mənim üçün çox faydalı oldu".

Həmyerlisi Roberto Bordinin "Neftçi"dəki fəaliyyətinə də toxunan italiyalı hərdən belə uğursuzluqların baş verməsini normal sayır: "Bəzən istədiyini həyata keçirmək, potensialını tam açmaq üçün ixtiyarında lazımı şərait olmur. Xaricdə işləmək üçün ağıllı, xarakter mənasında elastik olmaq vacibdir. Ölkənin, xalqın və çalışdırdığın komandanın fəlsəfəsinin dərinliklərini anlamaq lazımdır. Bura gəlib "mən italiyalıyam, məşqçiyəm, indi sizə hər şeyi öyrədəcəyəm" deyə bilməzsən. Balansı qorumaq, ağıllı olmaq və əlindəki futbolçuların potensiallarını maksimum açmaq üçün çalışmalısan".

Albaniya millisindəki fəaliyyətini də dəyərləndirən De Byazi bunun onun üçün ilk xarici təcrübələrdən biri olduğunu bildirib: "Albaniya elə bir ölkə idi ki, Avropa çempionatının final mərhələsinə getmək ağıllarından belə keçmirdi. Amma həyatda belə şeylərə inanmaq, ümidlə yaşamaq lazımdır. Hər şeydən əvvəl inanmalısan. İnanmırsansa, heç nə qazanmayacaqsan. Burada da qalib psixologiyası formalaşdırmalıyıq. Qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün var-gücümüzlə çalışmalıyıq. Əvvəlcə daxilimizdəki o gücü tapmalı, sonra onu meydana daşımalıyıq".

Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsun müdafiə futbolu oynatdığı üçün tənqid olunmasına münasibət bildirən mütəxəssis özünün də bu halla üzləşdiyini etiraf edib: "Albaniya millisində oynayanda məni də tənqid edirdilər. Düşünürdülər ki, müdafiəyönümlü futbol göstəririk. Lakin o müddətdə vurduğumuz qolların sayı buraxdığımızdan daha çox idi. Bu, çox vacibdir. Məğlubiyyətdən daha çox qələbə qazandıq. Əsas məsələ - qarşımıza qoyduğumuz məqsədə çatdıq. Təsəvvür edin ki, Lüis Hemiltonun avtomobilini idarə edirsiniz. İstənilən halda finişə birinci çatacaqsınız. Amma italyan olduğum üçün bunu xüsusi hüznlə deyirəm. Bugünkü "Ferrari"ni sürürsünüzsə, yəqin ki, birinci olmayacaqsınız. Lakin buna cəhd edəcək, bəzi şeyləri yaxşılaşdırmaq istəyəcəksiniz. Düşüncəmə görə, təcrübə ilə yanaşı, futbolçularımın istəkli olması da vacibdir. Kifayətlənmək olmaz. 20-30 yaşında artıq hər şeyə nail olduğunu düşünsən, bu, sonun başlanğıcı olacaq".

De Byazinin sözlərinə görə, A Seriyasından sonra Albaniya və Azərbaycan kimi ölkələrdə işləmək çətindir: "Şərtlərə və vəziyyətə uyğunlaşmaq lazımdır. Kimsə "Real Madrid"i, İngiltərə və Belçika millisini çalışdırmaq istəyir. Mən isə Azərbaycan seçməsinin baş məşqçisiyəm və bundan məmnunam. Bu komandanı mümkün qədər yüksəyə qaldırmaq üçün bütün bilik və bacarıqlarımı göstərməyə hazıram. Azərbaycanın reytinqdə yüksəlməsini, uğur qazanmasını istəyirəm. Bunu tək edə bilmərəm. Birlik lazımdır. Oyunçularımla yanaşı, hər kəsin yardım əlini uzatmasına ehtiyac var. Toya getmək asandır, yasa getmək isə yox. Yaxşı oynamalıyıq ki, küçəmizdə hər zaman bayram olsun. Dəstəksiz bunu etmək mümkün deyil".

Təcrübəli baş məşqçi Azərbaycanda dil, ünsiyyət probleminin olmayacağını söyləyib: "Çətinliyimiz olmayacaq. Bunlar öhdəsindən gəlinəcək şeylərdir. İtaliyada yaşamış azərbaycanlı əla tərcüməçim var. O, mənə çox kömək edəcək. Digər tərəfdən, futbolun dili birdir. Bu, top və meydandır. Burada hər şey bəyənilməlidir. Fikrimcə, hazırda əsas problem mənim futbolçularımdan nə istədiyimi onlara çatdıra bilməyimdir. Nə istəyə bilərəm? Maksimum əzmkarlıq, istək, komandada özünü hamıdan yüksəkdə tutaraq problem yaratmamaq. Mənim komandamda "mən" yoxdur, "biz" varıq. "Mən oynayıram, mən qələbə qazanıram deyil, "biz oynayırıq, biz qələbə qazanırıq" olmalıdır. Bu mentaliteti indidən növbəti oyunlar üçün futbolçulara aşılamalıyam".

Azərbaycanlı futbolçuların İtaliya A Seriyasında oynamaq ehtimalından söz açan De Byazi deyib ki, əsas problem ölkənin Avropa Birliyindən kənarda olmasıdır: "Bu cür ölkələrdən futbolçu alanda vakant yeri doldurmuş olursan. Düşünürəm ki, böyük dünya futbolunun bir parçası olan İtaliya A Seriyasında bu cür şeylərə əslində çox da diqqət yetirmirlər. Məsələ diqqət mərkəzində olmaqdır. Bir çox albaniyalı futbolçuya əl uzatmışam. Çünki İtaliya futbolunda bir çox insanla tanışam. Bəzi futbolçuları onlara məsləhət görmüşəm. Əslində bu, mənim işim üçün də vacib idi. İtaliyada oynayan, bu dildə danışan futbolçularla işləmək mənim üçün də çox vacibdir".

Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək. Növbəti görüş isə 3 gün sonra səfərdə Kipr yığması ilə olacaq. Vaxt azlığının problem olduğunu gizlətməyən mütəxəssis bunun üzərində çox dayanmaq istəmədiyini vurğulayıb: "Komanda ilə daha əvvəl məşq etmək imkanım olmayıb. Amma qarşılaşmaya hazırlaşmaq üçün 6-8 gün vaxtımız olacaq. İşləyəcəyik və Lüksemburqu məğlub etməyə çalışacağıq. Bəlkə də bu komandanın adı bizə çox şey demir. Amma heyətlərində maraqlı futbolçular var. Uzun müddətdir bir yerdə oynayırlar. Çempionlar Liqasına hazırlaşdığımız kimi hazırlaşacağıq. Lüksemburq və Kiprin oyunlarını görmüşəm. Albaniya millisində olanda Kiprə qarşı oynamışıq. Lüksemburqu da yaxınlarda izləmişəm. Analizlərimiz davam edir. Bütün detallara diqqətlə yanaşırıq. Qarşımıza qoyulan məqsəd hər yerdə qələbə qazanmaqdır".

De Byazi gözəl oyundan çox, nəticə haqqında düşünən məşqçidir: "Hamıdan gözəl oynayıb, estetik futbol göstərib 0:1, 0:2 uduzmaq mənə maraqlı deyil. Əlbəttə, gözəl futbolun d əleyhinə deyiləm. Amma çox pis oynayıb qalib gələcəyiksə, bundan məmnun olaram. Bu gün bizi qələbə, yaxşı nəticə maraqlandırır. Döyüşmək, sürüşmə fəndi etmək, arxaya ötürmə etmək kimi hərəkətlərdən çəkinmirəm. Əsas olan qələbə qazanmağa kömək edən vasitələri aşkarlamaqdır".

İtaliyalı sonda isə Azərbaycan millisi ilə yaxşı nəticə qazanmağın mümkün olduğunu söyləyib: "25 baş mənim düşündüyümü fikirləşsə, alınacaq. Amma bu, asan deyil. Baxın, ya bunu edirlər, ya da millidən gedirlər. Əgər "bu səddi aşa bilmərik" desək, doğrudan da belə olacaq. Əksinə, inansaq, hamımız həmin səddi aşmaq üçün çalışsaq, futbolçular məşqçinin dediyinə qulaq assa, komanda yoldaşlarına yardım etsələr, yekunda istədiyimiz yerə çatmaq daha asan olacaq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR