Çadda 1000-dən çox şəxs pulsuz göz əməliyyatı edildi - Azərbaycanın xeyriyyə aksiyası
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və İslam İnkişaf Bankının (İİB) 2012-ci ildən etibarən Afrika ölkələrində birgə həyata keçirdiyi “Qarşısı alına bilən görmə qabiliyyəti ilə mübarizə kampaniyası” (AFAB) çərçivəsində görmə qabiliyyətinin bərpası üzrə əməliyyatların növbəti aksiyası cari ilin 25 noyabr - 5 dekabr tarixlərində Çadın paytaxtı Ncamenada təşkil olunub.
Bu haqda Modern.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Kampaniyanın açılış mərasimində çıxış edən Çadın səhiyyə naziri Əziz Məhəmməd Saleh ölkəsinin inkişafına, xüsusilə görmə qabiliyyətinin bərpası ilə əlaqədar həyata keçirilmiş layihələrə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası, İslam İnkişaf Bankı, İnkişaf naminə İslam Həmrəylik Fondu, Tunisin Nadi əl-Bassar təşkilatı və “Biq hart” Fonduna dərin minnətdarlığını bildirib.
Qeyd olunmuş tarixlərdə Çadda keçirilmiş kampaniya çərçivəsində 1011 şəxs ödənişsiz əsasda göz əməliyyatı olunub, 7200 xəstə isə müayinədən keçirilib. Sözügedən kampaniya Çadın yerli KİV-lərdə ətraflı işıqlandırılıb.
Məlumat üçün bildirmək istərdik ki, 2012-ci ildən AİDA və İİB-nin strateji tərəfdaşlığı çərçivəsində Afrika qitəsində keçirilmiş kompaniyalar zamanı 300 mindən çox şəxs müayinə olunub.
56 mindən çox insan isə əməliyyat olunaraq öz sağlamlığına qovuşub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət