Bizim ictimai nəqliyyatın avtobus sektoru mərkəzləşdirilmiş şəkildə idarə olunmalıdır
Bizim ictimai nəqliyyatın avtobus sektoru mərkəzləşdirilmiş şəkildə idarə olunmalıdır. BNA bu işin öhdəsindən gələ bilər.
Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat və yol-hərəkəti üzrə ekspert Azər Allahverənov ayrı-ayrı daşıyıcılara məxsus marşrut avtobuslarının Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməsi ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib. Ekspert təklif edib ki, marşrut xətləri sözügedən şirkətlərin öhdəliyində qalsın, amma avtobusların idarə olunması BNA tərəfindən həyata keçirilsin:
“Belə olduğu halda BNA həmin şirkətlərin fəaliyyəti üzərində nəzarət mexanizmi qura bilər. Hazırda BNA sürücülərin işə götürülməsi zamanı onların nə dərəcədə uyğun namizəd olması məsələsində daşıyıcı şirkətlərə nəzarət edə bilmir. Bu öhdəlik daşıyıcı şirkətlərin üzərində olduğu zaman sürücü səriştəsizliyi nəticəsində bədbəxt hadisələr baş verir. Həmin avtobus xətləri BNA tərəfindən idarə olunarsa, təkcə xətlər yox, eyni zamanda, avtobusların tələblərə uyğun olaraq park edilməsi, sürücülərin işə götürülməsi, onlara nəzarət edilməsi ilə bağlı müsbət nəticələr əldə etmək mümkün olacaq.
Ancaq hazırda müsbət nəticələr əldə etmək çox çətindir. Çünki hər bir daşıyıcı şirkət BNA-nın təsir imkanlarından kənardadır”.
Ekspertin sözlərinə görə, sürücülərin aylıq məvaciblə işləməsi tələskənlik və sıxlığın qarşısını ala bilər:
“Hazırda daşıyıcı şirkətlər plan əsasında fəaliyyət göstərir. Sərnişindaşıma ilə məşğul olan bütün şirkətlər kart sisteminə keçərsə, plan prinsipindən məhrum edilərsə, müsbət nəticələr əldə etmək olar.
Avtobusu idarə edən sürücü biləcək ki, o, gördüyü işin müqabilində aylıq məvacib alacaq. Onun işi avtobusu təhlükəsiz şəkildə idarə etməkdir. Əks halda yenə də daha çox sərnişin götürmək, ünvana tez çatmaq, dayanacaqda əlavə sərnişinləri avtobusa götürmək və s. kimi hallar təkrarlana bilər”.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bütün marşrut xətlərinin dövlətin tabeliyinə keçməsini istədiyini deyib. O, belə olarsa, qəzaların sayının azalacağını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət