Slimfit
  1. MEDİA

Bunu edənlər orada mühacir kimi yaşaya bilər - Hollandiyada işləyən vəkillə müsahibə

Bunu edənlər orada mühacir kimi yaşaya bilər - Hollandiyada işləyən vəkillə müsahibə
Sakura

Bunu edənlər orada mühacir kimi yaşaya bilər - Hollandiyada işləyən vəkillə müsahibə

Soydaşlarımızın xarici ölkələrdə qazandıqları uğurlar həm də ölkə adınadır. Müsahibim Əli Ağayev uzun müddətdir ki, dünyanın ən rəngarəng ölkələrindən olan Hollandiyada vəkil vəzifəsində çalışır. Əli bəy dünyanın ən azad insanlarının yaşadığı "güllər ölkəsi"nin tikanlı tərəflərindən də danışdı.

- Bu gün Haaqa şəhəri planetin qanun keşikçisi olan əsas nöqtələrindən biridir. Bəs holland xalqı qanunlarla dostdurmu?

- Maraqlı sualdır. Niderland dilində Haaqa şəhəri Den Haag adlanır. Den Haag dünyada hüququn paytaxtı kimi tanınır. Bu isə bir neçə beynəlxalq məhkəmənin və tribunalın burada yerləşməsi ilə bağlıdır. BMT-nin beynəlxalq ədalət məhkəməsi, beynəlxalq cəza məhkəməsi Haaqadadır. Məsələn, Qəddafinin oğlunu da burada məhkəməyə çəkməyi düşünürdülər. Bosniya müsəlmanlarının soyqırımında məsulliyəti olan şəxslərin cinayət işləri üzrə tribunallar var. Gələcəkdə də beynəlxalq tipli araşdırmalarla əlaqəli məhkəmələr olsa, mütləq Haaqada baş tutacaq. Hətta BMT-dən öncə 19-cu əsrin sonlarında ilk beynəlxalq məhkəmə Haaqada yaradılıb. O ki qaldı holland xalqına, insan dünyanın hər nöqtəsində insandır. Deyə bilmərəm ki, bütün xalq qanuna uyur. Pozuntular hər zaman var. Hətta insanlar şikayət edirlər ki, qanunlar bizi boğur. Əsas odur, məhkəmə sistemi mükəmməl işləyir. Burada insanların bələdiyyədən tutmuş nazirliklərə qədər istədiyi qurumu məhkəməyə verə bilərlər. Dünyada hüquqi dövlətin modelini qur desəniz, Hollandiyanın adını çəkərəm.

- Ümumiyyətlə, marixuananın, eynicinsli nikahların, əxlaqsızlıq yuvalarının leqal olduğu bir ölkədə insan niyə qanunlara qarşı çıxmaq istəsin ki?

- (gülürük)

Əslində Hollandiya bu günlərə gəlib çatmaq üçün çox uzun yol qət edib. 16-cı əsrdə 80 illik müharibədən sonra İspaniyanın işğalından xilas olublar. İspaniya da bildiyiniz kimi katolik ölkədir. Hollandlar isə protestantdırlar. İspanların təsirindən katolikləşmiş xalq öncə protestantlara yer vermək istəmir. Protestantlar hakimiyyətə gələndən sonra vəziyyət dəyişir. Onlar katoliklərə yaşamaq hüququ verirlər, ancaq yenə də ikinci sinif vətəndaş sayırlar. Amma elə o zamankı digər Avropa ölkələri ilə müqaisədə müəyyən tolerantlığın təməli qoyulur. 400 il müddətində ölkədə bu qanunlar hökm sürür. 1960-cı illərdə baş verən Hippilər hərəkatı ölkədə inqilaba səbəb olur. O vaxtadək Hollandiya 3 sinifdən ibarət olan ölkə idi. Protestantlar, katoliklər və sosialist işçi qrupuna bölünürdülər. Bəli, onlar hamısı bir yerdə yaşayırdılar, amma protestantların və katoliklərin öz kilsələri, hər qrupun öz televiziyası, radiosu, qəzetləri, hətta öz futbol klubları vardı. Müəyyən qədər qarşılıqlı sayğı, amma çərçivəli ünsiyyət kimi xarakterizə edə bilərik. Bu 3 sinfin bir-biri ilə ailə qurmasına da nadir hallarda rast gəlinirdi. İkinci Dünya Müharibəsindən sonra “Beybi bum” adlı demoqrafik partlayış baş verir. Ölkədə çoxlu uşaq dünyaya gəlir. 1960-cı ildə isə həmin körpələr həddi buluğa çatırlar və artıq valideynlərinə qarşı çıxırlar. Bu Hippi hərəkatına qoşulan gənclər haqlarının məhdudluğundan şikayət əlaməti olaraq marixuana çəkir, cinsi əlaqənin sırf evlilik üçün deyil, daha geniş anlam olduğunu sübut etməyə çalışırlar. Yəni insan istədiyi şəxslə cinsi əlaqədə ola bilər. Abortlara icazə qanuniləşdirilir. Artıq cəmiyyət cinsi azlıqları yavaş-yavaş qəbul etməyə başlayır. İllər sonra liberal partiyalar yaradılır. 2000-ci ildə isə dünyada ilk dəfə Hollandiyada eyni cinsdən olan insanların ailə qurmasına icazə verilir. Yəni onlar artıq bir fərd olaraq düşünürlər ki, insanların xristian, müsəlman, ateist olmağa haqları çatdığı kimi homoseksual olmaq hüquqları da var. Amma günü bu gün də holland xalqının cüzi sayda dindar üzvü bu evlilikləri doğru saymır. Bu, bir xalqın mədəni inqilabıdır. Amma Niderlandın turizm sektorunda əsas gəliri rahat marixuana çəkmək istəyən, eyş-işrət niyyəti güdən insanlar təmin edir. Xalq olaraq bundan əsla utanmırlar. Çünki özlərini bu inqilabda digər ölkələrdən bir addım öndə hesab edirlər.

- Azərbaycanın da adı tolerant ölkələr sırasında səslənir. Sizcə, biz hollandların mədəni inqilabına hazırıqmı?

- Düşünürəm ki, heç bir ölkənin qanunvericiliyini başqa ölkəyə eynilə tətbiq etmək doğru deyil. Bir ölkənin qanunu xalqın xarakterinə uyğun olaraq təbii yollarla inkişaf etməlidir. Məsələn, 1922-ci ildə Osmanlını devirdikdən sonra cümhuriyyət qururlar və deyirlər ki, təcili avropalaşmalıyıq. İtaliyanın ticarət qanununu, İsveçrənin ailə hüququnu, Fransanın idarə məsələlərini götürüb Türkiyəyə tətbiq edirlər. Bununla da avropalaşdıqlarını zənn edirlər. Lakin bu bir prosesdir. Körpə doğulub böyüdüyü kimi qanun da xalqın xarakterindən, adətlərindən kök atmalıdır. Hər millətin özünəxas inkişafı və tarixi var. Qanun qəbul edərkən də bu faktlara önəm vermək lazımdır.

- Deməyin ki, Niderlandda rüşvət yoxdur?

- Çox varlı və müdrik insanlar qanunların açıq nöqtələrindən istifadə edə bilirlər. Dünyada vergi sisteminin beynəlxalq vergi müqaviləsi olmadığına görə müəyyən boşluq var. Ona görə məsələlər iki dövlət arasında həll olunur. Tutaq ki, Niderlandın onlarla ölkə ilə vergi müqaviləsi var. Odur ki, çox zəngin niderlandlılar hansı ölkələrin banklarında pul saxlamağın daha əhəmiyyətli olduğunun, az vergi tutulduğunun vəkilin köməyi ilə asan yollarını tapırlar. Hansı ölkənin bankında pul saxlasan, digər ölkələrin bank sistemi xəbər tutmaz. Qanun pozuntusu, rüşvət məsələlərinə adətən yüksək təbəqələrdə rast gələ bilərsiniz. Yoxsa kimsə polisə 50 avro ödəsin ki, mənə cərimə yazma, bu çox gülünc səslənir. Bu, həm də maaşların kifayət qədər yüksək olması ilə əlaqədardır. Çünki ölkədəki polislər də, adi işçilər də yüksək maaş alırlar. Yenə deyirəm, kriminal aləmlə əlaqəsi olan yüksək məbləğdə rüşvətxorluq cinayətləri olur, amma bu nadir hallarda baş verir. Gündəlik həyatda isə xırda rüşvət almaq, yaxud təklif etmək ağılasığmazdır.

- Sizin işiniz isə mühacirlərin hüquqi məsələlərini həll etməkdir.

- 13 yaşımdan Hollandiyada yaşayıram. Burada böyüyüb təhsil almışam. Karyeramın əvvəlində qarşıma məqsəd qoydum ki, miqrasiya üzrə vəkilliyi seçəcəm. Bura qeyri-mühacir miqrasiyası, qanunsuz şəkildə Niderlanda yaşadıqları üçün həbs olunan mühacirləri azad etmək, üçüncüsü isə ölkəsində müharibə olduğuna görə qaçqın düşən, yaxud siyasi səbəblərdən Hollandiyaya üz tutan insanlarla iş daxildir. Hollandiya miqrasiya məsələsində bir çox dünya insanının yaşamaq istədiyi ölkədir. Başlıca səbəblərdən biri də ölkənin sülh şəraitində yaşamasıdır. Bütün bunlar ölkənin müsbət imicini formalaşdırır. Holland hökuməti bunun fərqində olduğu üçün hər müraciətə müsbət cavab vermir. Ölkədə böyük bir aktivist qrupu var. Onlar müharibə şəraitində yaşayan ölkədən gələnlərin oturum alması üçün əllərindən gələni edirlər. Hətta beş il ərzində Hollandiyada yaşayandan sonra vətəndaşlıq almaq üçün müraciət də edə bilirlər. Məsələn, suriyalı olduğunu sübut edənlər Hollandiyada mühacir kimi çox rahat yaşaya bilirlər.

- Hollandların özlərinin pozduğu qanunlar varmı?

- Əsasən, kirayə məsələlərində problem yaşanır. Məsələn, Hollandiyada fondlar var ki, yüzlərlə, minlərlə binaya sahibdirlər. Az gəlirli insanlar da kirayə ev tutmaq istəyəndə həmin fondlara müraciət edirlər. Aylıq kirayənin bir hissəsini dövlət ona yardım məqsədilə geri qaytarır. Lakin 3-4 ay ərzində pulunu ödəməyən insanlara xəbərdarlıq gəldikdən sonra borcun üzərinə pul gəlir. Məsələn, 10 avro borcunuz 200 avroya çevrilə bilər. Holland qanununda dəyişiklik etmək lazım olsaydı, bu maddənin gözdən keçirilməsini istərdim. Çünki həmin şəxs uzun müddət sonra bütün borcunu ödəsə də, fondun ona güvənməyib evdən çıxarmaq kimi haqqı var. Bu zaman vəkillər işə qarışır və kirayəçinin hüquqlarını qoruyur. Hollandiya sosial ölkədir. Burada işçiyə çox böyük önəm verilir, hüquqları mükəmməl şəkildə qorunur. Onu adi səbəblərdən işdən çıxarmaq mümkün deyil. Ən son anda çıxarılsa belə mütləq təzminat tələb edir. Aztəminatlı insanlara aylıq yardım olunur. Lakin bir şərtlə ki, fiziki imkanları məhdud olsun. Sağlamdırsa, təlimlərə qatılmalıdır. Cəmi bir dəfə gəlmədiyi halda sosial təşkilat yardımı dayandıra bilər. Digər faktlar da var. Qardaşım nəqliyyat sahəsində vəkildir. Məsələn, Çindən, yaxud Kosta Rikadan konteyner gəlir. Dondurucu sistemindəki nasazlıq ucbatından bananlar çürüyür. Yolda qasırğa baş verir. Konteynerin içindəki şüşə əşyalar qırılır. Bütün bunlara görə məhkəmə prosesi fəaliyyətə başlayır. Yəni hər cür qanun pozuntusu baş verə bilər.

- İnsan haqlarını qorumaq, ona yeni həyat bəxş etmək deməkdir. Peşənizlə qürur duyduğunuz anlar yəqin ki, az olmur...

- Təbii ki, olur. Məsələn, bir türk ailəsi 1993-cü ildən bəri Hollandiyaya köçmüşdü. 3 aylıq vizanın zamanı tamamlanır, onlar qaçaq yolla yaşamağa başlayırlar. Mənə müraciət edəndə artıq burada doğulmuş övladlarının 13, 14 yaşları var idi. Burada istər qaçaqçılıq yolu ilə, istərsə də digər qanunsuz yollarla gələn ailələrin uşaqlarının 18 yaşınadək məktəbdə oxumaq hüquqları var. Amma ölkədən çıxmaq qadağan idi. Polisdən gizlənirdilər. Vətənlərinə getməkdən məhrum idilər. Uşaqlar Türkiyəni valideynlərinin hekayələrindən tanıyırdılar. 3 il ərzində davam edən məhkəmə işinin sonunda ataya Hollandiyada yaşamaq haqqı aldım. Bu yolla övladların və xanımın da sənədləri hazırlandı. Mən o an işimdən çox zövq aldım. Onların dilindən, "sizi heç vaxt unutmayacağıq" sözünü eşitmək çox gözəl hissdir. Hələ də bayramlarda zəng edirlər. İşimiz çox çətindir. Bəzən sutkanı yolda keçirə bilirik. Amma belə isti sözlər bütün yorğunluğu unutdurur.

- Maraqlıdır, qaçaq yolla yaşayan ailənin övladları doğularkən problem yaşanmadı? Axı, dövlətin onlara sığorta vermək haqqı yoxdur?

- Hollandiyada bu problem yoxdur. Zəruri müalicə (uşaq doğulması da bura aiddir) mütləq sığortalanır. Xüsusi qurumlarla danışıq aparıldıqdan sonra xəstəxanalara sənəd göndərilir ki, bu ailənin gəliri yoxdur və tibbi prosedur aparılır.

- Hər bir xalq individualdır. Bəs hollandlara xas hansı xüsusiyyətlərə heyrətlənə bilərik?

- Buraya gələn ingilis də, fransız da, ərəb də onların bir xüsusiyyətlərinə çox heyrətlənirlər. Hollandlar çox açıq sözlüdürlər. Yəni mağazada seçim edərkən bir geyim sənə yaraşmırsa, açıq şəkildə deyəcək. Yaxud evinizə qonaq gəlib, siz yemək təklif edirsiniz. Acdırsa, təklifinizi qəbul edəcək. Yox deyirsə, demək toxdur. Siz onlara getmisiniz. Yemək yalnız özünə yetəcək qədərdirsə, deyəcək, bağışla, mən səni nəzərə almamışdım. Özü yeyib söhbətinə davam edəcək. Yəni hollandlar şərq xalqlarında olduğu kimi bir şeyi nəzərdə tutub, digərini söyləmək siyasətinə yaddırlar. Gizlətmək, utanmaq kimi xüsusiyyətləri yoxdur. Bir cəhətləri də var ki, təbəssümləri daim simalarındadır. Tanımadıqları insanlara belə üzlərində gülüşlə salam verirlər. Ən acı tənqidi təbəssümlə söyləyirlər. Hətta Hollandiyaya səfər edən rus tanışlarım bu hala çox təəccüblənirlər. Özləri də etiraf edirlər ki, Rusiyada küçədə təbəssümlə gəzən insanlara normal münasibət bəsləmirlər. Hollandlarının söhbətinin ana mövzusu havadır. Çünki buranın iqlimi əsasən yağışlıdır. Havadan başlayıb hər mövzuda danışa bilirlər.

- Sonda hamını maraqlandıran sual vermək istəyirəm. Elə tutaq ki, Azərbaycandan Hollandiyaya necə köçmək olar?

- Hollandiyada şirkət açmaq olar. Lakin bunun üçün müəyyən qədər təhsilin və təcrübən olmalıdır. Burada bir neçə nəfərə iş verməlisən. Bu oturum hüququnu almaq mümkündür, amma çox çətindir. Təhsil, təcrübə, biznes plan və ölkəyə gətirəcəyin faydan nəzərə alınır. Sonra isə İqtisadiyyat Nazirliyinin müəyyən şöbəsi bu işə baxıb, qəbul edib-etməyəcəyini söyləyir. Məsələn, Rotterdam şəhərində 150-yə yaxın türk restoranı var. Kimsə bu biznes planla müraciət etsə, heç də böyük maraqla qarşılanmayacaq.

İkinci üsulu da Hollandiyanın bir universitetində təhsil almaqdır. Lakin bu da ödənişlidir. Məsələn, il ərzində 8-10 min avro pul ödəməlisiniz. Tələbə yalnız həftədə 10 saat işləyə bilər. Amma bunun yaxşı tərəfi də odur ki, universitet bitirəndən sonra Hollandiya iş tapmağınız üçün 1 illik oturum hüququ verir. İşə qəbul edən şirkət isə yaşı 30-dan aşağı olanlara 2300 avro, 30-dan yuxarı olanlara isə 3000 avro maaş verməlidir. Çünki Hollandiya təhsilli insanları saxlamaq istəyir. Bir də Hollandiyadakı böyük şirkətlər mütəxəssisə ehtiyac duyur və siz uyğun gəlsəniz, yüksək maaşla ölkəyə dəvət alırsınız. Növbəti yol da hollandla evlənib ölkəyə köçməkdir.

- Son vaxtlar Avropaya üz tutanlar Polşa, Latviya və digər ölkələrin Şengen vizasını alırlar. Sizcə, bu yol nə dərəcədə əlverişlidir.

- Latviya, Litva, yaxud Polşanın oturumunu almaq daha asandır, amma bu viza sizə Hollandiyada çalışmaq haqqı vermir. Yalnız o halda işləmək hüququ qazana bilərsiniz ki, Litvada sizi işə qəbul edən şirkət Hollandiyada büro açsın və sizi o işə dəvət etsin.

- Əli bəy, Hollandiyaya virtual səfərimə bələdçilik etdiyiniz üçün minnətdaram.

- Buyurun!

 

Mənbə: Publika.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR