Bu yola 8 ay öncə milyonlarla manat xərclənmişdi
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bayıl yamacında böyük sürüşmə baş verib. Sürüşmə nəticəsində Bakının cənub girişi sayılan Bibiheybət məscidinin yaxınlığındakı yolun bir hissəsi çöküb.
Redaktor.az xəbər verir ki, yol istinad divarları ilə birlikdə aşağı uçub. Hadisə zamanı xəsarət alan olmasa da, hərəkətsiz olan bir avtomobil torpaq qatının altında qalıb. Səhər saatlarında baş nazir və aidiyyəti qurumların nümayəndələri də əraziyə gələrək baxış keçiriblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, ərazi sürüşməyə meyillidir və hadisə də məhz sürüşmənin aktiv olması səbəbindən baş verib.
Şəhərsalma üzrə memar Nadir Qasımovun sözlərinə görə, yolun təmirinə başlmazdan əvvəl ərazidə ciddi geoloji araşdırma aparılmalı idi.
“Dərinliklər yoxlanılmalı, qruntun bərk və ya yumuşaq olması müəyyən edilməli idi. Ərazi sürüşmə zonası olduğu üçün istinad divarları daha möhkəm inşa edilə bilərdi. Daha dərin qatları əhatə edən bərkitmə işləri görülə bilərdi”.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli mediaya açıqlamasında yolun çökməsini sürüşmə ilə əlaqələndirib:
“Bizim mütəxəssislər yolda bir neçə çat qeydə alıblar. Çatlar çoxaldığı üçün noyabrın 24-də, saat 19:20-də yol bağlanıb. Noyabrın 25-də səhər isə sürüşmə baş verib. Sürüşmə yolun 100 metr uzunluqda olan hissəsini dağıdıb, bir hərəkət zolağı tamamilə dağılıb”.
Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) yolun təmirdən sonra istifadəyə verilməsi ilə bağlı açıqlamasında deyilirdi:
“Təmir-bərpa işləri sözügedən yolun təqribən 430 metrlik hissəsinin 8500 kvadratmetrlik ərazisini əhatə edib. Bu ərazidə yolun hərəkət hissəsində eninə və uzununa çatlar, həmçinin asfalt-eton örtüyündə deformasiyalar müşahidə olunurdu. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Təmir-bərpa işləri ilə bu problem tam olaraq aradan qaldırılıb.
İşlər çərçivəsində sözügedən hissədə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt 2-3 metr dərinlikdə qazılaraq çıxarılıb, 11 min kub.m həcmdə yararlı karxana materialı ilə əks dolğu işləri görülərək kipləşdirilib və yeni yol yatağı inşa edilib.
Bunun ardınca tikinti norma və standartlarına uyğun olaraq lazımi qarışıqlardan istifadə olunmaqla 36 sm hündürlükdə və 4500 kvadratmetrlik sahədə alt və üst lay olmaqla yeni yol əsası salınıb. Torpaq işləri bitəndən sonra 8500 kvadratmetrlik əraziyə 3 laydan ibarət iri və xırda dənəli yeni asfalt-beton örtüyü döşənib.
Bundan başqa, səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazi boyu dəmir-beton küvetlər, həmçinin yeraltı suların ötürülməsi üçün nəzərdə tutulmuş drenaj borular bərpa edilib”.
AYDA-nın açıqlamasında hər şey gözəldir, rəqəmlər də öz yerindədir. Amma ortaya maraqlı suallar çıxır. Necə olur ki, cəmi 8 ay öncə əsaslı təmir edilən yol şürüşüb, dağılır? Yolun təmiri zamanı ərazinin sürüşmə zonası olması, buna paralel olaraq istinad divarlarının inşasında hansı nöqsanlara yol verilib? Dövlətin ayırdığı milyonlarla manat vəsait mənimsənilib?
Tanınmış iqtisadçı Qubad İbadoğlu baş verənlərin kökündə təmir işləri üçün ayrılmış vəasitin mənimsənilməsini, nəticədə ortaya keyfiyyətsiz iş çıxdığını deyir:
“Torpağın üzərinə döşənən asfalt qatının qalınlığındah hər şey aydın görünür. Yol yatağında daş və torpaq bərkitmə işləri üçün milyonlarla manat vəsait silinib.
Hesablama Palatası aparılmış nəzarət tədbirləri nəticəsində Dövlət İnvestisiya Proqramının layihəsinin “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın bəzi tələblərinə uyğun hazırlanıb təqdim olunmadığı qənaətindədir. Belə ki, əksər hallarda sifarişçi təşkilatlar tərəfindən dövlət investisiya layihələrinin əsaslandırılmadığı, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təkliflərinin hazırlanmadığını, habelə yeni layihələndirilən layihələr üçün layihə-smeta sənədlərinin, texniki-iqtisadi əsaslandırmanın və texniki-iqtisadi hesablamaların Proqrama daxil edilməsi üçün İqtisadiyyat Nazirliyinə təqdim edilmədiyi müəyyən olunmuşdur. Nəticədə əsaslandırılması, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri, texniki-iqtisadi əsaslandırma və texniki-iqtisadi hesablamaları olmayan layihələr Dövlət İnvestisiya Proqramına (DİP) daxil edilir ki, bu da öz növbəsində tikinti-quraşdırma işlərinin vaxtında başa çatdırılmaması, DİP üçün nəzərdə tutulan vəsaitin il ərzində bir neçə dəfə yenidən bölüşdürülməsinə və DİP üzrə proqnozla gözlənilən icra və faktiki icra arasında ciddi fərqin olmasına, nəticədə dövlət vəsaitlərinin səmərəli istifadə olunmasına təsir edir.
Məlumat üçün qeyd edim ki, 2019-cu il üçün şəhərsalma və tikinti büdcəsi 6,3 milyard manat proqnozlaşdırılıb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət