Dərc edildi: Baxış sayı: 807
Bu xəstəlik iki fəsil təkrarlanır
LOR-həkiminə müraciət etdikdə xəstələr "sinusit" diaqnozuna tez-tez rast gəlirlər. Sinusit nədir?
Tibbi ədəbiyyata müraciət etdikdə görürük ki, burun və burunətrafı ciblərin iltihabına sinusit deyilir. Ümumiyyətlə, kəllənin sümüklərində altı burunətrafı cib vardır: alın sümüklərində iki, sağ və sol (iltihabına frontit deyilir), iki üst çənə, sol və sağ (iltihabına haymorit deyilir), bir xəlbir sümüyündə (iltihabına etmoidit deyilir) və sonuncu əsas sümükdə olan cibdir (iltihabına sfenoidit deyilir). Xəstələrdə rastgəlmə dərəcəsinə görə yerləşdirsək birinci haymorit, sonra frontit, etmoidit və sonda sfenoidit gəlir.
Sinusitin əsas səbəbləri.
Ümumiyyətlə, sinusitlər qış aylarının ənənəvi xəstəliklərindəndir və ən çox qripdən sonra ağırlaşmalar zamanı meydana gəlir. Burun, alın, gicgah və göz ətrafındakı içi hava ilə dolu boşluqlar (sinuslar) kanallarla buruna açılır, kanalların içindən isə burun seliyi (mukozası) keçir. Mukozanın ifraz etdiyi selik burunun içinə daxil olaraq tənəffüs yollarının isidilməsi və nəmli qalmasını təmin edir. Nəfəsalma problemi ilə üzləşənlər, burun çəpəri əyriliyi olanlar, burun sümüyü zədəsi alanlar sinusitə daha tez tutulurlar. Soyuqdəymə və allergiyası olanlar da sinusitdən əziyyət çəkirlər.
Sinusitin növləri və əlamətləri.
Sinusit xroniki və kəskin olaraq iki növə ayrılır. Kəskin sinusitin xarakterik simptomları - yüksək hərarət, burundan seliyin gəlməsi, baş ağrısı, burun tıxanıqlığıdır. Sinusit zamanı üz, göz və baş nahiyələrində ağrılar olur. Baş ağrıları döyüntülü şəkildə davam edir, öskürərkən, ağır yük qaldırarkən və əyilərkən ağrıların artmasına həmin hərəkətlər əsnasında sinus daxilində təzyiqin artması səbəb olur. Ağrıyan yerlərə təzyiq edilməsi həssaslığı daha da artırır. Baş ağrılarının davamlı olması kəskin sinusitin əsas əlamətlərindəndir. Sinusitdən əziyyət çəkənlərdə burun axıntısı davamlı və birtərəfli olur.
Sinusitin müalicəsi və profilaktikası.
Müalicə zamanı sinuslar iltihabdan təmizlənir və iltihaba səbəb olan bakteriyalar yox edilir. Müalicə zamanı antibiotiklər, burun boşluğunu təmizləyən spreylər istifadə olunur. Simptomları gördükdə həkimə müraciət etmək lazımdır. Xroniki sinusit zamanı xəstəliyin səbəbi aradan qaldırılmalıdır. Onu cərrahi yolla müalicə edirlər. Profikatik olaraq, sinusitə tutulmamaq üçün soyuqdəymədən qorunmaq lazımdır. Saçları isladıb soyuq havaya çıxmaq sinusitə səbəb olur. Havanın çirkli, tüstülü olması, sərinkeş işləyən mühitdə uzun müddət qalmaq, xüsusilə isti havalarda tərləyəndən sonra sərinkeşin qabağına keçmək sinusitə səbəb olan amillərdir. Sinusitdən qorunmaq üçün soyuq havalarda ağız, burun və alın nahiyələri bağlı olmalıdır
Mənbə: medicina.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət