Dərc edildi: Baxış sayı: 727
“Bu üsulla ölkəyə gətirilən avtomobillərin qarşısını almaq mümkün olmayacaq...”
Bakıda günbəgün Gürcüstan və Rusiya dövlət nömrə nişanını daşıyan avtomobillərin sayı artır. Hər iki ölkədən gətirilən avtomobillər azərbaycanlılar tərəfindən həmin ölkə vətəndaşlarının adına alınır.
Qanunvericiliyə görə avtomobili alan şəxs hər 90 gündən bir sərhədi keçib, sənədinə möhür vurdurmalıdır. Bu cür avtomobilləri nəinki paytaxtda, hətta bölgələrimizdə də görmək olar.
Adının çəkilməsini istəməyən Lerik sakini deyir ki, Gürcüstandan 5500 (beş min beş yüz manat) dəyərində 1997-ci il buraxılış olan “Mersedes” markalı avtomobil alaraq Bakıya gətirib. Avtomobili Gürcüstan vətəndaşı olan qonşusunun adına rəsmiləşdirib. Bu cür avtomobilin qiyməti isə Azərbaycanda 11-12 min manatdır. Ona görə də məcbur qalaraq avtomobili Gürcüstandan alıb və hər üç aydan bir sərhəd keçir.
Rusiyadan maşın alan Rizvan Əhmədov isə 04 markalı avtomobili Azərbaycana gətirib. Qiyməti 1200 (min iki yüz manat) manatdı. Rusiyada yaşayan dayısının adına rəsmiləşdirib. Özü isə avtomobili etibarnaməylə idarə edir. Bizdə isə həmin avtomobili 4-5 minə almaq olar. R.Əhmədov da hər üç aydan bir sərhəddi keçməli olur.
Bəs bizim ölkədə bu cür avtomobillərin artmasına səbəb nədir.
Moderator.az-ın sualını cavablandıran nəqliyyat üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov bildirdi ki, bununla bağlı dövlət qurumları müəyyən addımlar atmalıdır:
“Ölkəyə Gürcüstandan və Rusiyadan avtomobillərin gətirilməsinə səbəb gömrük rüsumlarının baha olmasıdır. Azərbaycanda bu məsələyə bir az kompleks yanaşmaya ehtiyac var. Bu gün dövlət orqanları çox yaxşı bilirlər ki, Azərbaycanda avtomobilləşmə inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağıdır. Bu günki gün üçün ölkədə avtomobilləşmə səviyyəsi 12-13 faizdi, yəni 100 adama 13 minik avtomobili düşür. Amma inkişaf etmiş ölkələrdə bu 70-80 faizdir. Cəmiyyətin buna ehtiyacı var ki, avtomobillər əldə etsinlər. Sadəcə olaraq o marağı qanun çərçivəsində qarşılamaq lazımdır. Əsas hədəf bu olmalıdır ki, gətirilən avtomobillər nisbətən müasir, ekoloji təhlükəsizlik tələblərinə və digər insanları qorumaq baxımından daha yaxşı olmalıdır. Bu haqda dövlət proqramı da var. Burda isə söhbət elektro və kibrit variantlı avtomobillərdən gedir. Ona görə də gömrük ödənişlərinə yenidən baxılmalıdır. Çünki tarix göstərir ki, gömrük ödənişlərini artırmaq və yaxud başqa bu tipli inzibati tədbirlər hesabına hansısa bir şeyin ölkəyə gətirilməsinin qarşısını almaq mümkün olmur. Tarixdə belə bir qəribə fakt var. Məsələn, iyirminci əsrin əvvəllərində ABŞ-da “Quru qanun” deyilən bir qanun qəbul edildi və bununla da ölkəyə gətirilən alkoqollu içkilər qadağan olundu. Amma Amerikada olan iş adamları o qədər irəli gediblər ki, Kanadadan ABŞ-a boru çəkiblər və qaçaqmalçılıq yoluyla həmin içkiləri ölkəyə ötürüblər. İndi Azərbaycanda da avtomobillər barəsində gömrük ödənişlərinin sərtləşdirilməsi buna bənzəyir. Bu sərtləşmə davam etsə, sabah baxacaqsan ki, başqa üsula əl atacaqlar. Yəni bu səmərə verməyəcək, çünki Azərbaycanın inkişaf etmiş, şaxələnmiş avtomobil sənayesi yoxdur. Bunu o ölkədə
tətbiq edirlər ki, o ölkənin güclü avtomobil sənayesi olsun”.
Tanınmış avtomobil elektriki Elnur Əsgərov isə Moderator.az-a deyir ki, bizim ölkədə olan maşınlarla müqayisədə Gürcüstandan gətirilən maşınlarda daha çox problemlər olur:
“Yaxşı maşını heç kim satmır. Almaniyanın özündə də maşın yaxşı olarsa, sona qədər onu idarə edirlər. Yox, əgər maşın istismar müddətini başa vurubsa, “probeq”i kifayət qədər yüksəkdirsə, onu satırlar. Gürcüstandan gətirilən maşınlarda hər cür problemlər olur. Bizdə avtomobilin vəziyyətinə yox, ilinə diqqət edirlər. Amma bu o demək deyil ki, ili təzədirsə, avtomobil yaxşı vəziyyətdədir”.
Mənbə: moderator.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət