Slimfit
  1. CƏMİYYƏT

“Bu, tək Azərbaycana yox, dünya turizminə də mənfi təsir göstərir”

“Bu, tək Azərbaycana yox, dünya turizminə də mənfi təsir göstərir”
Sakura

“Bu, tək Azərbaycana yox, dünya turizminə də mənfi təsir göstərir”

“2020-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 2,1 milyard ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 851 milyon ABŞ dolları və ya 66,5 faiz  artıb. Bu müddətdə idxal isə 720 milyon ABŞ dolları təşkil edib və 2019-cu ilin müvafiq dövrünə nisbətən 304 milyon ABŞ dolları və ya 29,7 faiz  azalıb”.

 “Qafqazinfo” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı son aylarda Çindən yayılmağa başlayan COVİT-19 virusunun iqtisadiyyata təsirlərini şərh edərkən deyib. V. Qasımlı əlavə edib ki, yanvar ayında ixracımız artıb və idxalımız azalıb: “Nəticədə bu ilin yanvar ayında ticarət dövriyyəsində 1,4 milyard ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Onu da qeyd edim ki, yanvar ayında ümumi ixracımızda ilk onluqda nə Çin, nə də İran var. Bu dövlətlər əsasən idxalda önə çıxıblar. Belə ki, yanvar ayında Çindən 114 milyon ABŞ dolları, İrandan isə 24 milyon ABŞ dolları dəyərində mal idxal olunub. 

2019-cu ilin rəqəmlərə nəzər saldıqda isə aydın olur ki, Çinə 752 milyon ABŞ dolları dəyərində mal ixrac etmişik,  bu ölkədən idxalımız isə 1,4 milyard ABŞ dolları olub. Ötən il İrana isə 41 milyon ABŞ dolları dəyərində mal ixrac etmişik, idxalımız isə 453 milyon ABŞ dolları olub. Yəni 2019-cu ildə idxalımızın 10,48 faizi Çinin, 3,31 faizi İranın payına düşüb. Amma zərurət yarandığı təqdirdə bu idxalı da başqa ölkələrlə əvəzləmək mümkündür. Əslində bununla bağlı alternativlər də mövcuddur. Məsələn, ötən il qardaş Türkiyə Respublikası ilə ticarət dövriyyəmiz 33 faiz artıb və 4,5 milyard dollara çatıb. Amma bu rəqəmin 2023-cü ildə 15 milyard dollara çatdırılması hədəflənir. Məhz bu ilin fevral ayının 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanan sənədlərə diqqət yetirmək vacibdir. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” imzalanıb. Cənab Prezident İlham Əliyev də vurğuladı ki, imzalanmış sənədlər, o cümlədən preferensial ticarət anlaşması ticarət dövriyyəmizin artırılmasına böyük təkan verəcək. Yəni ticarət sahəsində  yarana biləcək hər hansı bir problemi fürsətə çevirmək istiqamətində işlər gedir. Çindən və İrandan idxal etdiyimiz bəzi malları Türkiyə malları ilə əvəzləyə bilərik. Preferensial Ticarət Sazişi də imkan verəcək ki, həmin mallar Azərbaycan bazarında daha ucuz olsun. Eyni zamanda bu saziş nəticəsində Azərbaycan ixracatçıları da Türkiyəyə qeyri-neft sektoruna aid daha çox mal ixrac etmək imkanı qazanacaqlar.

 

2019-cu ilin rəqəmlərini təhlil etdik aydın olur ki, Çinə 37 milyon ABŞ dolları, İrana isə 28 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2019-cu ildəki qeyri-neft ixracımızın 1,9 faizi Çinin, 1,7 faizi İranın payına düşür. Bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə 141 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 3,4 milyon ABŞ dolları və ya 2,5 faiz artıb.  Yanvar ayında Çinə 5,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Bu isə qeyri-neft ixracının 4,2 faiz deməkdir. Yəni yanvar ayında Çində problemlər olsa da bu qeyri-neft ixracımıza mənfi yöndə təsir etməyib. Əksinə bu ölkəyə ixracımız yanvar ayında 2,1 dəfə artıb.  Demək istədiyim odur ki, hər iki ölkədə problem olarsa bunun qeyri-neft sektoru üzrə ixracatçılarımıza təsiri böyük olmayacaq. Bir də ixrac etdiyimiz həmin məhsullara alternativ bazarlar tapmaq olar. Elə Türkiyə ilə ticarətin genişlənməsi istiqamətində aparılan danışıqlar və imzalanan saziş bu sahədə yeni imkanlar yaradacaq.

Bir də ki, Çindən və İrandan koronovirusa görə, dünya bazarlarına xüsusən də meyvə-tərəvəz və içkilərin ixracı azalır. Bu isə Azərbaycana imkan verir ki, daha yüksək qiymətə və daha çox həcmdə qeyd edilən məhsullarının ixracını genişləndirsin, xarici bazarlarda yeni mövqelər tutsun. Artıq Azexport.az portalına meyvə-tərəvəz və kartof üçün daha çox ixrac sifarişləri gəlməyə başlayıb. Eyni zamanda yaranmış vəziyyətdə Azərbaycan həm də idxalı əvəzləmə imkanlarına malik olacaq. Bu isə cari əməliyyatlar balansına müsbət təsir göstərəcək”.

V. Qasımlı bu təhlükənin turizm sektoruna təsirini də şərh edib:

“Bildiyiniz kimi, bu problem tək Azərbaycanda yox, dünya üzrə turizm sektorun mənfi təsir göstərir. Artıq dünyanın bir çox hava yolu şirkətləri,  turoperatorları problemin ciddiliyini hiss etməyə başlayıblar. Bəzi hallarda Cənub-Şərqi Asiya ölkələrinə səyahət planlaşdıranların böyük bir hissəsi səfərlərini təxirə salır. Dünya üzrə turizm sektorunun zərərlərinin milyardlarla ölçüləcəyi bildirilir. Azərbaycana gəldikdə isə, 2019-cu ildə ölkəmizə 3,2 milyon və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 8,1 faizi İran vətəndaşları olub. Eyni zamanda 2019-cu ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4 faiz artaraq 5,6 milyon nəfər olub. Ötən il Azərbaycan vətəndaşlarının 36,7 faizi İrana gedib. Başqa sözlə, 2019-cu ildə Azərbaycandan İrana 2 milyon nəfər gedib və İrandan Azərbaycana 256 min nəfər gəlib. Yəni ölkəmizdən İrana gedənlər oradan gələnlərdən 8 dəfə çoxdur. Bu isə deməkdir ki, bu problem uzandığı təqdirdə Azərbaycanın İranla turizm balansında bizim xeyrimizə dəyişiklik olacaq. Bu da yuxarıda qeyd etdiyimiz kimi cari əməliyyatlar balansına müsbət təsir edəcək. Azərbaycana gəldikdə isə, xüsusən mart ayında ölkəmizə gələn iranlı turistlərin sayında artım müşahidə olunur. 2019-cu ilin mart ayında İrandan 35 min nəfər gəlib və bu il ərzində gələnlərin 13,7 faizi deməkdir. Şübhəsiz ki, sərhədlərin bağlanması nəticəsində İrana gedənlərin və oradan gələnlərin sayında azalma olacaq. Çinlə Azərbaycan arasında isə turizm ilkin inkişaf mərhələsindədir. Düzdür, 2019-cu ildə  Çindən ölkəmizə gələnlərin sayı 62,4 faiz artıb. Amma ötən il Azərbaycana Çindən cəmi 25,5 min nəfər gəlib. 
Ümumiyyətlə, dünya turizmində geriləmə Azərbaycandan xaricə gedənlərin sayına mənfi təsir edəcək və bu da ölkənin valyuta balansına müsbət təsir edəcək.
Bir faktı da qeyd edim ki, xüsusən də fevral ayında Çindən Azərbaycan gələnlər sayı az olduğu üçün əvvəlki illərdə də “Azərbaycan Hava Yolları” QSC Bakı-Pekin aviareysi üzrə uçuşları fevral ayında dayandırırdı. Yəni, Bakı-Pekin aviareysi üzrə uçuşların dayandırılması da təkcə bu ilə aid məsələ deyil.  Ümumiyyətlə, burada bir məqamı da vurğulamaq istəyirəm ki, Azərbaycan dövləti üçün  vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi hər şeydən öndə gələn məsələdir. Məhz Azərbaycan vətəndaşlarının maraqları əsas alınaraq, koronavirus təhlükəsi ilə bağlı qərarlar qəbul olunur”

V.Qasımlı çıxışında insanları informasiya ilə manipulyasiya etməməyə çağırış edib: “Azərbaycan qlobal iqtisadiyyatın bir parçasıdır. Qlobal miqyasda baş verən bütün proseslər, o cümlədən, mənfi təmayüllər ölkəmizə təsir göstərir. Ticarət, nəqliyyat, logistika, turizm və s. kimi sahələrin daha çox təsirlənmə ehtimalı var. Koronovirusun Azərbaycan iqtisadiyyatına təsirləri qlobal miqyasda gedən proseslərdən asılı olacaq. Bunun üçün hökümət koronovirus böhranının təsirlərini azaltmaq üçün bütün zəruri tədbirləri görür. Bunun üçün cənab Prezidentin göstərişi ilə Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb.
“Forbes” jurnalı yazır ki, koronavirus səbəbindən Çin dünyada istehsal sahəsində hab funksiyasını itirə bilər. Koronovirus böhranından sonra transmilli şirkətlər dəyər zəncirlərini Vyetnam, Banqladeş və başqa Asiya ölkələrinə keçirmək barədə düşünürlər. Azərbaycan kimi sabit, enerji daşıyıcıları və əmək qüvvəsi ucuz olan, habelə infrastrukturu inkişaf edən ölkələrin yaranmış vəziyyətdən istifadə edərək dəyər zəncirlərində iştirak payını artırmaq imkanları var. Məsələn, ABŞ-la yeni ticarət müqaviləsi imzalamış Meksika Çinin “qlobal fabrik” kimi mövqeyinin zəifləməsindən istifadə edib, “mavi yaxalıq bum”una (blue collar boom) hazırlaşır. 
Əlbəttə, bundan əvvəlki ebola, SARS və başqa xəstəliklərdə olduğu kimi COVİT-19 adlanan bu virusun da yayılma miqyası və yan təsirləri bəlli bir kuliminasiya nöqtəsinə kimidir. Qlobal və milli səviyyədə yaranan itkilər kuliminasiya nöqtəsindən sonra bərpa olunacaq. Azərbaycan dövləti də bu qlobal şokun təsirini azaltmaq, daha az itki verməklə dövrü geridə qoymağa çalışır. Bunun üçün vacib şərtlərdən biri də virusun özündən də sürətlə yayılan informasiya ilə manipulyasiya etməməkdir. Çünki panika bəzən problemin miqyasını dəfələrlə artırır. Xatırladım ki, dünyada Çindən sonra ən çox virusa yoluxma halı olan üç ölkədən biri – İranla sərhədimiz 765 km-dir. Xüsusən də nəzərə almaq lazımdır ki, İranda da ən çox yoluxma halı olan vilayətlərdən biri – Gilan ostanı Azərbaycanla sərhəddədir. Bu halda Azərbaycan insanlarının sağlamlığını qorumaq və iqtisadiyyata olan mənfi təsirləri azaltmaq üçün dövlətlə bərabər hamı birlikdə çalışmalıdır. Xüsusən də, bu aralarda kəmfürsətçillik etmək daha çox qəbahətdir. Məsələn, Çinin və dünyanın aparıcı biznesləri sosial məsuliyyətini başa düşərək problemin həlli üçün dəstək tədbirləri həyata keçirirlər. İnanırıq ki, Azərbaycan dövləti qlobal miqyasda yaranmış bu sınaqdan da uğurla çıxacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR