Slimfit
  1. AZƏRBAYCAN

Bu ölkəyə daha alim gərək deyil? "Bizi yenidən başa qayıtmağa vadar edirlər"

Bu ölkəyə daha alim gərək deyil? "Bizi yenidən başa qayıtmağa vadar edirlər"
Sakura

Bu ölkəyə daha alim gərək deyil? "Bizi yenidən başa qayıtmağa vadar edirlər"

"Bizimlə eyni ildə, hətta bizdən sonra da qəbul olanlar növbədənkənar müxtəlif yollarla işlərini irəli çəkib diplomlarını aldılar"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

 Sputnik. Bir qrup dissertantla Ali Attestasiya Komissiyası (AAK) arasında narazılıq yaranıb. Doktorant və dissertantlar Ali Attestasiya Komissiyasının yanlış hesab etdikləri qərarından ölkə başçısına müraciət də ünvanlayıblar.

Sputnik Azərbaycan doktorant və dissertantlarla AAK arasında yaranmış narazılığın səbəbini araşdırıb. AMEA-nın disertantları Sputnik Azərbaycan-a açıqlamada bidliriblər ki, fəlsəfə doktoru elmi adı almaq üçün müzakirədən keçmiş dissertasiyaların AAK tərəfindən yenidən ilkin müzakirəyə qaytarılması qərarı bir çox gənc alimin ciddi narazılığına səbəb olub. Onları prezident İlham Əliyevə məktub yazmağa vadar edən səbəb də AAK-ın Azərbaycan Respublikasının Konstitusiyasına zidd qərar çıxarmasıdır:"Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin fəlsəfə doktorluğu elmi adı almaq üçün müzakirədən və seminardan keçmiş dissertasiyaların sonuncu mərhələyə təkrar qaytarılması qərarı gənc tədqiqatçıların narazılığına səbəb olub. AAK-ın bu qərarı bizim ən az 2 il vaxtımızı uzadacaq. AAK öz fəaliyyətini vaxtilə dondurmağına baxmayaraq, bütün məsuliyyət müzakirədən və seminardan keçmiş iddiaçının üzərinə qoyulur.

Elmi işlərin müdafiəsini gecikdirmələrinə, doktorantları süründürmələrinə, qanun qarşısında cavab verməli olduqlarına rəğmən, heç bir cavabdeh cəzalandırılmır, nəticədə süni narazılıqlar yaradılır. Belə ki, AAK həmin qərarının hər bəndində Azərbaycan Respublikası Prezidentinin məlum fərmanını vurğulamaqla öz qərarına qanuni don geyindirməyə çalışır. Halbuki Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə"də vətəndaşın hüquqlarını pozan heç bir tələb əksini tapmır. AAK-ın qərarı isə ölkə Konstitusiyasının tələbinə ziddir, çünki bu Əsasnamənin qüvvəsi geriyə şamil edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin VII bəndində deyilir: 

 "Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. AAK-ın məlum kollegiya qərarı qəbul edildiyi tarixdən özündən əvvəlki bütün instansiya, şura qərarlarnın ləğvini tələb edir. Müdafiə üçün növbəyə qeydiyyata düşənlərin də, elmi seminarı verənlərin də, elmi seminarın nəticələrinin şurada gündəliyə çıxarılıb ixtisas şifrinə müvafiq ekspertlərə rəyə göndərilənlərin də, müsbət ekspert rəyi alan iddiaçıların da əldə etdiyi bütün nəticələr eyni anda sıfırlanır. Belə çıxır ki, biz bir də başa qayıtmalıyıq. Halbuki alimlər bizim seminarlarda iştirakımızla bağlı rəy yazıblar. Fəlsəfə doktoru elmi adı almaq üçün müzakirədən keçmiş dissertasiyaların yenidən ilkin müzakirəyə və elmi seminara qaytarılması qərarı kökündən yanlışdır".

 

2018-ci ilə kimi elmi dərəcəni alan bəzi alimlər indi AAK-ın keçmiş fəaliyyətinin kafi olmadığını təsdiqləyirlər: "O alimlər də o zamankı fəaliyyət dövründə namizədlik, doktorluq, professorluq elmi dərəcə və adlarını alıblar. Belə çıxır ki, onlar da yenidən başa qayıtmalıdırlar".

Adının çəkilməsini istəməyən gənc alimlər Sputnik Azərbaycan-a açıqlamalarında AAK-ın bu qərarından narazılıqlarını ifadə ediblər: "İlkin müzakirə və seminardan keçmiş dissertantların elmi işlərinin ilkin müzakirəyə qaytarılması qərarından narazılıq kütləvidir. Burada söhbət bir və yaxud iki nəfərin narazılığından getmir. Elmi adların verilməsini belə sadələşdirmirlər. İndi Ali Attestasiya Komissiyası sədri Famil Mustafayevin qərarı ilə seminarı yenidən verməliyik. Nəticədə dissertantlar bu prosesi 4 dəfə vermiş olacaqlar. Bu isə sadələşdirmək yox, daha da çətinləşdirməkdir. Bizə deyilir ki, AAK-ın Ekspert Şurası yeni əsasnamələrlə işləyir, ona görə köhnə əsasnamələrə uyğun gəlmiş seminarı qəbul edə bilməz. Buna görə də elmi işlərinizi dəyişib yenidən verməlisiz. Bizimlə eyni ildə, hətta bizdən sonra da qəbul olanlar növbədənkənar müxtəlif yollarla işlərini irəli çəkib diplomlarını aldılar. Biz isə qanunla öz növbəmizi gözlədik. İndi əgər bu qərar 2011-ci ildə qəbul olanlara da şamil edilirsə, onda həmin ildə və həmin ildən sonra qəbul olub diplomlarını alanların da diplomları ləğv edilsin. Onlar da bizimlə bərabər yeni qaydalarla müzakirələrdən yenidən keçsinlər. Ədalətli qərar belə olmalıdır!"

Həmsöhbətlərimiz bildirirlər ki, bu problemə bağlı mətbuata öz dərdini danışmaq istəyənlər çox olsa da, doktorantlara işlədikləri yerlərdən, ali məktəblərdən təzyiqlər edilir ki, danışmasınlar, sussunlar, Ali Attestasiya Komissiyasının qərarı ilə razılaşsınlar.

Əldə etdiyimiz məlumata görə, müzakirədən uğurla keçmiş elmi işləri geri qaytarılanlar arasında xarici vətəndaşlar da az deyil.

Ən böyük narazılıq doğuran məqam isə şikayətçilərin Ali Attestasiya Komissiyası rəhbərliyinin qəbuluna düşə bilməmələri, yazdıqları məktub və müraciətlərə heç bir cavab verilməməsidir. Onlar bildirirlər ki, dönə-dönə qəbula yazılmağa cəhd ediblər, qurumun elektron poçtuna məktublar göndəriblər, amma onlara heç bir reaksiya verilməyib.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda Ali Attestasiya Komissiyasının fəaliyyəti özünü doğrultmur: "AAK-ın bu qərarı, elm üçün bürokratik əngəldir.

Elm adamları üçün geniş imkanlar yaradılmalıdır. Nəinki onları bu cür bürokratik əngəllərlə incitmək. Ölkə başçısı səviyyəsində Ali Attestasiya Komissiyasından böyük gözlənti var. Amma yenə bu qurum alimləri incitməklə məşğuldur. Bu işlər xaricdə nə cürdüsə, biz də elə etməliyik. Dissertasiya şuralarının hamısı formal strukturlara çevrilib. Onların çoxu saxtakarlığa yol verib. Amma onlara olan inamsızlıq üzündən bir il öncə müzakirədən keçmiş işin yenidən müzakirəyə qaytarılması düzgün deyil.

Nəzərə almaq lazımdır ki, qanunun geriyə qüvvəsi yoxdur. Bütün hallarda qanunsuz yolla bu insanları yenidən müzakirələrə çağırırlar. Əziyyət çəkən insanlar öz ixtisaslarına yiyələnə bilmirlər, məmurlar müxtəlif yollarla, növbədənkənar müdafiə edib gedirlər".

 İ.Orucov deyir ki, Ali Attestasiya Komissiyasının öz kefinə uyğun davranması da düzgün deyil: "Baxmayaraq ki, Komissiyanın rəhbəri çox şəffaf insandır. Ola bilər ki, onların dissertasiyalarının müzakirələrinə şübhələr var. Amma bu əsaslar açıq şəkildə alimlərə bildirilməlidir. Haradasa neqativ hal ola bilər. AAK-ın çox qapalı quruma çevrilməsi, ictimaiyyətə açıq olmaması belə narazılıqlara səbəb olur. Amma unutmaq olmaz ki, elm adamlarını incitmək olmaz. Onsuz da elmə gələnlərin sayı azdır. Gənclərin elmə yolunu, həvəsini bu cür bürokratik əngəllərlə məhdudlaşdırmaq olmaz".

Ali Attestasiya Komissiyasından isə hər zaman olduğu kimi zənglərimizə cavab verən olmadı.

Qeyd edək ki, son günlər AAK-a qarşı səsləndirilən fikirlər arasında Komissiyanın ləğv olunması da var. Azərbaycanda AAK fəaliyyətsiz bir quruma çevrilərək kağız üstündə fəaliyyətini davam etdirsə də, bü günlərdə Türkmənistanda AAK ləğv edilib.

İ.Orucov da bu cür təcrübənin Azərbaycanda tətbiqinin vacib olduğunu söyləyir. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə Ali Attestasiya Komissiyası yoxdur: "Artıq bəzi respublikalar AAK-ı ləğv ediblər. Bizdə də gələcəkdə bu barədə düşünülə bilər. Təhsil Nazirliyinin nəzdində Akkreditasiya Agentliyi yaradılıb. AAK ləğv edilib müdafiə şuraları universitetlərə verilərsə, bu, çox yaxşı olar".

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR