Bu ölkədə yüzlərlə onlayn mağaza bağlandı
Milad bayramı və Yeni il yaxınlaşdıqca dükan-bazarlarda, ticarət mərkəzlərində hədiyyə axtaranların sayı artır. Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrümüzdə isə hədiyyə axtaranların bir qismi internetə üz tutur, hədiyyələri onlayn mağazalardan sifariş verir. Vaxt itirmədən aliş-verişə imkan verən, evdən sifarişləri təmin edən və alınan malları poçtla evə çatdıran onlayn mağazaların populyarlığı ilbəil artır. Lakin rəsmi fəaliyyət göstərən ciddi onlayn mağazalarla yanaşı, internetdə fırıldaqçıların yaratdıqları saxta saytların tələsinə düşənlər də az olmur.
Axar.az xəbər verir ki, Sürix polisi qısa müddətdə 450-dən artıq belə saxta sayt aşkarlayaraq, onların internet şəbəkəsində fəaliyyətini dayandırıb. Sürix Kanton Polisindən mətbuata verilən açıqlamada bildirilib ki, cəmi 24 saat çəkən reyd zamanı kibercinayətlə məşğul olan bu qədər saytın aşkarlanması problemin nə dərəcədə ciddi olduğunu göstərir.
Müştəriləri öz saytına cəlb edən cinayətkarlar onları, ilk növbədə, müxtəlif brendlərin məhsullarını olduqca ucuz qiymətə təklif etməklə tovlaya bilirlər. Tanınmış hansısa şirkətin məhsulunu internetdə “münasib” qiymətə aldığını zənn edən müştərilərə ya keyfiyyətsiz saxta mal göndərilir, ya da ümumiyyətlə heç nə göndərilmir. Onlayn mağazaların hamısının İsveçrə domeynləri ilə qeydiyyatdan keçməsi müştəriləri aldatmaq üçün növbəti hiylədir. Qarşısında İsveçrədə qeydiyyatdan keçmiş sayt görən müştəri satıcı şirkəti bu ölkədə fəaliyyət göstərən etibarlı mağaza kimi qəbul edir.
Sürix Kanton Polisinin media sözçüsü Florian Fray istehlakçılara müraciət edərək bildirib ki, dünyanın istənilən yerində İsveçrə domeyni ilə sayt açmaq mümkündür və bu, hələ həmin saytın İsveçrə dövlətinin ərazisində fəaliyyət göstərən hansısa satıcı və ya istehsalçıya aid olması anlamına gəlmir.
Polis müştəriləri internetdə alış-veriş edərkən ehtiyatlı olmağa, olduqca ucuz qiymət təklif edən onlayn mağazaları diqqətlə yoxlamağa və şübhəli hallarda heç nə almamağa çağırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət