Bu milli parkda balıq ovu turniri keçirildi
Ölkədə sivil balıq ovunun təbliği və təşviqi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Həvəskar Balıqçılar İttifaqı ilə birgə Şirvan Milli Parkının ərazisindəki Baş Şirvan kollektorunda "Brakonyerlik cinayətdir" devizi altında növbəti həvəskar balıq ovu turniri keçirib.
Axar.az xəbər verir ki, brakonyerliyə son qoymaq, sivil balıq ovlanması qaydalarına əməl etmək, icazə verilən ərazilərdə, icazə verilən alətlərlə balıq ovu qaydalarını təbliğ etmək məqsədilə keçirilən turnirdə 70-dən çox həvəskar balıqçı iştirak edib.
Şirvan Milli Parkının direktoru Arzu Mustafayev bu cür turnirlərin milli park ərazisində müntəzəm keçirmək fikrində olduqlarını bildirib. Gələcəkdə parkımızda həvəskar balıq ovu üçün müəyyən şəraitin yaradılması nəzərdə tutulub, biz qanuna riayət edən, Azərbaycan təbiətini, balıq resurslarının qorunmasını diqqətdə saxlayan həvəskar balıqçılara zəruri şərait yaradaraq onları milli parkda qəbul etməyə hazırıq. Hər kəs icazəsiz vasitələrlə balıq ovlayanlara iradlarını bildirsə, vətəndaş mövqeyi nümayiş etdirsə brakonyerliyin qarşısı daha tez alınar.
Azərbaycan Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev bildirib ki, məncə ictimai qınaq hüquqi və inzibati tənbehlərdən daha effektlidir. Buna qarşı mübarizə aparmaq təkcə nazirliyin işi deyil, hər birimizin vətəndaşlıq borcudur. Azərbaycanda həvəskar balıqçılığa olan diqqət və dəstəyə görə hər kəsə minnətdarlığımı bildirirəm. İştirakçılara isə soyuq hava şəraitinə baxmayaraq “Brokenyerlik cinayətdir” turnirinə qatıldıqları üçün təşəkkür edirəm.
Turnirdə iştirak edən həvəskar balıqçı Nicat Mahmudov əsas məqsədlərinin qadağan olunmuş vasitələrlə balıq ovlanmasına qarşı mübarizə aparmaq olduğunu qeyd edib. O bildirib ki, əsl balıqçı xırda balıqları ovlamamalı, torlarına körpə balıq düşən zaman onu suya buraxmalıdır. Bununla da brakonyerlərə bir mesaj göndərmək istəyirik, onları sivil qaydada ov etməyə çağırırıq.
Turnirdə iştirak edən digər balıqçı Elçin Baloğlanov da balıqçıların sintetik tor, elektrik cərəyanı və digər qadağan edilmiş vasitələrlə balıq ovlamasının əleyhinə olduğunu söyləyib. Bu mübarizəyə bizimlə yanaşı, balıqçı olub-olmamağından asılı olmayaraq bütün ictimaiyyət qoşulmalıdır. İcazəsiz vasitələrlə ov edənləri, tokla balıqların nəslini kəsənləri gördükdə hər bir vətəndaş mühafizə orqanlarına müraciət etməlidir. Biz bütün balıqçıları qaydalara riayət etməyə, brakonyerliyə son qoymağa çağırırıq, əgər birgə mübarizə aparsaq gələcək nəsillər bizdən razı qalar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Həvəskar Balıqçılar İttifaqı bu cür tədbiləri keçirməklə hər bir vətəndaşı balıq ehtiyatlarının qədrini bilməyə, faunamıza dost münasibət bəsləməyə və onu qorumağa çağırır.
Sonda turnirin qalıbləri müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.
Xatırladaq ki, bu cür turnir ilk dəfə oktyabr ayında Abşeron Milli Parkında "Brakonyerliyə son" devizi altında keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət