Slimfit
  1. CƏMİYYƏT

Bu il Xəzərdə nə baş verib? Boğulmalar niyə çoxalıb?

Bu il Xəzərdə nə baş verib? Boğulmalar niyə çoxalıb?
Sakura

Bu il Xəzərdə nə baş verib? Boğulmalar niyə çoxalıb?

Ens.Az-ın məlumatına görə,Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlilinin Axar.az-a müsahibəsi:

- Aqşin müəllim, təmsil etdiyiniz qurum bu çimərlik mövsümünə necə hazırlaşıb, hansı işlər görülüb?

- Cari ilin aprel ayından etibarən Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yerli icra nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər keçirib. Burada əsas məqsəd çimərlik üçün əlverişsiz ərazilərin müəyyənləşdirilməsi, eyni zamanda özəl çimərlik sahibkarlarına (buna termin olaraq çimərlik operatorları deyilir) təhlükəsizlik qaydaları haqqında bildirişlərin verilməsi olub. Bundan əlavə qurum dövlət tərəfindən müəyyən edilmiş çimərliklərlə yanaşı, “İdeya” İB-in təşəbbüsü ilə son dövrlərdə Xəzər, Binəqədi, Sabunçu Səbail və Qaradağ rayonlarında ümumi altı ictimai çimərlikdə dalğıclar vasitəsilə müayinələr aparıb. Xəzər dənizi coğrafi baxımdan mürəkkəb relyeflidir və burada ilin 250 günü hava küləkli olur. Məhz bu küləklər sahil ərazilərinə müxtəlif cisimlər gətirir, bununla yanaşı sualtı relyefdə müxtəlif çuxur, yarğanlarda burulğan və axınların sürətində artım müşahidə olunur. Bütün bunlar sözügedən müayinələr zamanı üzə çıxarılır. Təhlükə aşkarlandığı zaman isə ora xüsusi nişanlarla nişanlanır və əraziyə giriş-çıxış qadağan edilir. Bununla yanaşı, dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılır. Xilasetmə avandanlıqlarımız tam işlək vəziyyətdədir, çimərliklərdə ingilis və Azərbaycan dilində məlumat lövhələri yerləşdirilib. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti iyunun ayının 15-dən gücləndirilmiş iş rejiminə keçib və bu, mövsümün sonunadək davam edəcək.

- Çimərlik mövsümü açılandan etibarən çoxsaylı boğulma xəbərləri alırıq. Boğulmaların çoxalmasının səbəbi nədir? 

- Görülən tədbirlər nəticəsində cari ildə 171 nəfər çimərlik mövsümündə olmaqla, ümumilikdə 179 nəfər boğulma təhlükəsi yaşayan şəxs tərəfimizdən xilas edilib. Nəzarətimizdəki çimərliklərdə ölümlə nəticələnən hadisə qeydə alınmayıb. Ölümlə nəticələnən boğulma hallarının əsas səbəblərdən birincisi nəzarətsiz ərazilərdən istifadə, ikincisi yeniyetmə və gənclərin suda ötüşmək həvəsi, lovğalanma üçün nəzarətsiz ərazilərdə üzmək, rayonlarımızda çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadədir. Gəlin son günlərdəki boğulma hadisələrinin baş verdiyi ərazilərə nəzər yetirək. Məsələn, 20 avqustda Buzovna qəsəbəsində Türkiyə vətəndaşı olan iş adamı Süleyman Filizin vəfat etdiyi ərazi bizim xilasetmə məntəqəmizdən 700 metr sağ tərəfdə, daşlı-qayalı və təbii olaraq təhlükəli bir sahədir. Hətta oraya dənizə girməyin qadağan edildiyi nişan da yerləşdirilib. Elə yerlər var ki, orada təhlükə göz qabağındadır və əfsuslar olsun ki, Süleyman bəy də bunu nəzərə almayıb, bədbəxt hadisə baş verib. İnsanlar göz görə-görə özünü təhlükəyə atmamalıdır. Bundan əlavə, nəzarətdən kənar olan çimərliklər, yaxud çimərlik kimi nəzərdə tutulmayan su hövzələrini (suvarma kanalları, süni göllər, su anbarları və s.) də qeyd etmək lazımdır. Çimərlik kimi nəzərdə tutulmayan su hövzələrinin mürəkkəb relyefə, sualtı axınlara və qeyri-müəyyən dərinliyə malik olması buradan istifadə edənlər üçün ciddi təhlükə yaradır. Bəzən vətəndaşlar suda nə qədər üzsə də, sahilə çıxa bilmədiyini deyir. Bu, həmin şəxslərin su axının içərisinə düşdüyünə işarədir. Qaydalara görə, əgər axının sürəti 2 metrdən çoxdursa, oraya girmək birmənalı şəkildə qadağandır. Nəzarət olunmayan ərazilərdə sürətli axınlar var və vətəndaşlar da bundan xəbərsizdir. Qarabağ, Samur-Abşeron suvarma kanallarının dibi mürəkkəb relyeflidir. Kanallarda yeniyetmələr arasında boğulma halları daha çox olur. Bu kanalların kənarları trapesiya formalı beton piltələrdən hazırlanır. Suyun betonla təması nəticəsində orada sürüşkən ot təbəqəsi əmələ gəlir, hətta xilasedici oraya təkbaşına düşəndə çıxa bilmir. Ona görə biz vətəndaşlara gedəcəkləri çimərliklər haqqında məlumatlı olmaları haqqında müraciətlər edirik. Bundan əlavə çimərliklərdə küləyin sürəti, hava şəraiti olduqca önəmli amildir. Qanunvericiləyə görə çimərlikdə küləyin sürəti 10 metr/saniyədən artıq olduqca suya girmək qadağandır. Son vaxtlar bizə çimərliklərdə uşaqlarını nəzarətsiz buraxan valideynlər haqqında müraciətlər olur. Buna yol vermək olmaz. Şükürlər olsun ki, sözügedən müraciətlərin 90 faizindən çoxunda uşaqlar sahildən tapılıb və valideynlərinə təhvil verilib. Son illər çimərliklərdən istifadə edən vətəndaşlarımızın sayında da artım müşahidə olunur.

- Fövqəladə Hallar Nazirliyinin qaydalara əməl etməyən çimərlik operatorları barədə inzibati tədbirlər görmək səlahiyyəti varmı?

- Əfsus ki, FHN-in əlində qaydalara əməl etməyən çimərlik operatorlarına hansısa təsir mexanizmləri yoxdur. Biz ancaq maarifləndirmə işləri aparırıq. Bütün verilən bildirişlər 1998-ci ildə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”nin 2-ci maddəsinin 6-cı bəndinə görə hazırlanır. Biz eyni zamanda vaxtaşırı bəhs edilən ərazilərdə təlimlər də keçiririk. Novxanı, Corat, Goradil istiqamətində “My Beach” istirahət mərkəzinin hovuzunda, “Aquapark Şıxov”da keçirilən təlimlər buna misaldır. Ancaq təəssüf ki, təhlükəsizlik qaydalarına əməl edən çimərlik operatorları çox azdır və təsir mexanizmi yoxdur deyə, özlərində məsuliyyət hiss etmirlər. Burada Şüvəlanda yerləşən “Şimal ES”-in yerləşdiyi ərazi haqqında danışmaq istəyirəm. Orada üzmək tərəfimizdən qadağan olunub. Elektrik stansiyasının aqreqatlarını soyutmaq üçün dəniz suyundan istifadə edilir. Su dənizdən götürülür, aqreqatlar soyudulur və işlənmiş su yenidən dənizə buraxılır. Dənizə buraxılma hissəsində təxminən 4 metr enində bir kanal əmələ gəlib və bu kanal içəriyə doğru gedir. Sürətli su axını nəticəsində orada qeyri-müəyyən dərinliklər meydana gəlib. Təsəvvür edin ki, dizdən olan dərinlik anidən 2,50 metrə düşür. Bayaq qeyd etdiyim 4 metrlik kanal dənizin içinə axır və yaranan dalğa ilə sahilə doğru gələndə burulğan yaranır. Oraya çimməyin qadağan edilməsi haqqında lövhə də yerləşdirilib. Bu yaxınlarda 4 gənc orda boğuldu. Əslində gənclərin hamısı eyni anda boğulmayıb. Boğulan bir-iki nəfər olur, digərləri ona köməyə gedir. Ancaq xilasetmə qaydalarını bilmədikləri üçün bir-birilərini suyun altına çəkirlər.

- Aqşin müəllim, boğulmaqda olan şəxsə ilkin yardım tədbirləri hansıdır?

- Əgər kimsə boğulursa, heç bir halda ona üzbəüz yaxınlaşmaq olmaz. Çünki boğulan şəxs özündən asılı olmadan elə bir refleks var ki, o, yaşamaq üçün hətta öz yaxınını suyun altına basa bilər. Ona görə boğulan şəxsə arxa nahiyədən yaxınlaşmaq, qolunuzu onun qoltuğunun altından keçirib boynundan, yaxud saçından tutaraq arxası üstə sahilə doğru üzmək lazımdır. Kənardakılar isə mümkün qədər tez 112 qaynar xəttinə zəng etməlidirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR