Bu gün Türkiyənin Milli Təhlükəsizlik Şurası toplanır, gündəlikdə Qarabağ da var
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, toplantıda ölkə daxilində və xaricdə terrorçuluqla mübarizə sahəsində atılan addımlar və bu sahədəki mövcud durum müzakirə olunacaq.
İclasda həmçinin Qarabağ, Aralıq dənizi, Əfqanıstan və Suriyadakı son vəziyyət nəzərdən keçiriləcək.
Toplantıda Türkiyə kəşfiyyatının terror təşkilatlarının fəaliyyəti ilə bağlı topladığı məxfi məlumatlar müzakirə ediləcək və yeni əməliyyatlara başlanılması barədə fikir mübadiləsi aparılacaq.
Suriyanın şimalındakı terror təşkilatları ilə mübarizəyə xüsusi diqqət ayırılacaq. Həmçinin Aralıq dənizində Yunanıstan və Kiprin yunan hissəsinin təxribatçı hərəkətlərinin qarşısının alınması üçün görüləcək tədbirlər nəzərdən keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət