Slimfit
  1. AZƏRBAYCAN

Bu gün Mehriban Əliyevanın doğum günüdür...

Bu gün Mehriban Əliyevanın doğum günüdür...
Sakura

Bu gün Mehriban Əliyevanın doğum günüdür...

Müdrik, uzaqgörən, zəkalı xanımdır. Xeyirxah və mərhəmətlidir, insanları sevindirməyə tələsir. Daxili dünyasının zənginliyi onu daha da nurlu, işıqlı göstərir. Məqsədə doğru əzmlə addımlamağı bacarır…

Deyir ki,- “Anam orta məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutaraq, nəticədə görkəmli filoloq, şərqşünas-alim olmasına səbəbkar olmuşlar. Və anam Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda müxtəlif vəzifələrdə çalışmış, sonda həmin institututa rəhbərlik etmişdi. Bax, onun bu baş tutmayan arzusu mənim seçimimi müəyyənləşdirdi və mən həkim oldum…”

Evinə, ailəsinə çox bağlıdır. Onun olduğu yer ideal təmiz, təravət qoxusu ilə dolu olmalıdır. Səliqə-səhmanı xoşlayır. Rənglərin uyğunluğuna, nizama önəm verir, qarışıqlığı sevmir…

...İki qız, bir oğul anası, bir neçə nəvənin nənəsidir...

Deyir ki,- “Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm. Əsla! İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam. Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir. Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram...”

Son dərəcə diqqətlidir, həqiqətlə yanlış arasında fərqi asanlıqla seçə bilir. Yaxşılara dəyər verməyi, diqqət göstərməyi bacarır. Onun üçün dürüstlük çox əhəmiyyətlidir. Müqaisə aparmadan heç zaman qərar vermir. Qərar verdisə tərəddüt etmədən həyata keçirməyə tələsir. Soyuq, biganə deyil, son dərəcə həssas və şəfqətli insandır. Ona pənah gətirən hər kəsə dəstək verməyə, yardım etməyə çalışır...

Deyir ki,- “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır...”

Dövlətini, xalqını sevən, vətənpərvər xanımdır. Dünyada mövcud olan 200-ə yaxın müstəqil dövlətin sırasında Azərbaycanın da olmasından qürur duyur...

Deyir ki,- “Biz 29 ildir ki, müstəqil dövlətik. Müstəqillik xalqımız üçün çoxdan gözlənilən, qiymətli dəyər idi. Məqsədimiz və arzumuz inkişaf etmiş, güclü, azad ölkədə yaşamaqdır. Sözsüz ki, bu, çox güclü motivasiyadır. Eyni zamanda, beynəlxalq aləmdə müasir Azərbaycanın real və obyektiv imici formalaşıb. Biz öz tarixi köklərimizə, ənənələrimizə bağlıyıq. Bununla belə, dünyaya açığıq. Bizim üçün dözümlülük, tolerantlıq, multikulturalizim təkcə son zamanlar dəbdə olan sözlər deyil. Bu, Azərbaycan xalqının çoxəsrlik həyat tərzi və fəlsəfəsidir. Bu gün ölkəmiz siyasi, mədəni və iqtisadi sahələrdə çox sayda beynəlxalq konfrans, forum və görüşlərin keçirildiyi ölkədir. Bu, qədim ənənələrin müasir meylidir. Ölkəmizə gələn hər bir qonaq möhtəşəm inkişafla yanaşı, azərbaycanlıların məxsusi qonaqpərvərliyini və genişürəkliliyini qeyd edir. Bizim yaşıdlarımızın bəxti gətirib ki, Azərbaycanda həqiqətən böyük dəyişikliklər və zəfərlər dövründə yaşayırıq, bütün quruculuq proseslərinin iştirakçısı ola bilərik. Sadəcə, Vətəni sevmək və onu qiymətləndirmək lazımdır...”

Onun haqqında çox danışa bilərdim, amma yaxşı bilirəm ki, barəsində söhbət açdığım Mehriban xanım Əliyevanı ölkəmizdə tanımayan adam yoxdur. Onu sevir, Ona inanırlar. Mən yalnız bir vətəndaş kimi ölkəmin birinci xanımını doğum günü münasibəti ilə təbrik etməyə çalışdım.

Bəli, avqustun 26-sı Mehriban xanımın növbəti ad günüdür. Bu münasibətlə Ona möhkəm can sağlığı, firəvan həyat, möhtəşəm uğurlar arzulayıram.

Yeni yaşınız mübarək!

Elman Eldaroğlu

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR