Bu gün BMT TŞ-də hansı sənəd qəbul oluna bilər?
BMT TŞ bu gün Ermənistanın tələbi ilə Qarabağdakı humanitar vəziyyəti müzakirə etmək üçün iclas keçirəcək. İclas və oradan çıxacaq nəticələr ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır.
“Ens.Az” bildirir ki,bu sözləri Axar.az-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov deyib.
Siyasi şərhçi BMT TŞ-nin iclasının sonunda prosesin gedişatından asılı olaraq qəbul edilə biləcək sənədlərdən danışıb:
“Qəbul edilə biləcək sənədlərdən ən vacibi və yüksək səviyyəli olanı qətnamədir. Əgər qətnamə təşəbbüsü baş tutmasa, onda iclasa sədrlik edən dövlətin daimi nümayəndəsinin bəyanatı verilir. Ən aşağı səviyyəli sənəd isə press-relizdir”.
Fərhad Məmmədov İrəvanın Qarabağdakı humanitar vəziyyətlə bağlı apardığı dezinformasiya və beynəlxalq ictimaiyyəti yanıltma kampaniyasına qarşı dövlətimizin əlində güclü arqumentlərin olduğunu vurğulayıb:
“Ermənistan BMT TŞ-yə müraciətlərində Rusiyanı və ölkəmizin ərazisinə müvəqqəti yerləşdirilmiş sülhməramlıları qüvvə kimi qeyd etməyiblər. Çünki rəsmi İrəvan Qərb dövlətlərinin Rusiya ilə bağlı hər hansı bir məsələni dəstəkləməyəcəklərini çox yaxşı anlayırlar. Ona görə də ancaq humanitar vəziyyəti qabardırlar. Azərbaycanın isə humanitar məsələlərlə bağlı arqumentləri kifayət qədər güclüdür. Rəsmi Bakı humanitar vəziyyətlə bağlı artıq Ağdam-Xankəndi yolundan istifadə variantını təklif kimi irəli sürüb. Eyni zamanda Laçın yolundan istifadə də hər hansısa bir formada məhdudlaşdırılmayıb. Azərbaycan funksional baxımdan texniki istiqamətdə Laçın yolundan, sosial-iqtisadi istiqamətdə isə Ağdam yolundan istifadəni təklif edib. Bütün bunların hamısı həm beynəlxalq hüququn prinsiplərinə, həm də dövlətimizin suverenliyinin həmin ərazilərdə bərqərar edilməsi konteksində anlaşılandır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət