Slimfit
  1. AZƏRBAYCAN

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür
Sakura

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür. Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olub.

Babasının və doğulduğu ildırımlı günün xatirəsini adında daşıyan şair – Almas İldırım

Azərbaycan ədəbiyyatı tarixində Almas İldırım kimi tanınan şairin əsl adı Əbdülhəsəndir. Onun babasının adı Almas olduğundan uşaqlıqdan onu da belə çağırırdılar. Müəyyən vaxt keçəndən sonra şeirlərini də Almas İldırım imzasıyla dərc etdirdikdən sonra bu adla tanınıb və məşhurlaşıb.

İldırım adının qaynağına gəldikdə isə türk tədqiqatçı, Almasın müəllim həmkarı Ramiz Arda qeyd edir ki, Almas doğularkən Bakıda güclü yağış yağırmış, ildırım çaxırmış. İldırım adı da məhz doğulduğu günün xatirəsidir. 

Universitetdən qovulan tacir oğlu...

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırım sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevrilib. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric edilib.

Azərbaycan Yazıçılar İttifaqından qovulan şair...

1926-cı ildə şair Süleyman Rüstəmlə birlikdə "Dün bugün" adlı şeir məcmuəsinin müəllifi olur. 1928-də şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün edilir. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur.

Türkmənistanda məktəb direktoru vəzifəsində

Azərbaycan Yazıçılar Birliyindən qovulandan sonra o Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Azərbaycandan Aşqabada göndərilən bir QPU agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlmişdi ki, "A.İldırım ideolojimiz üçün zərərli bir insandır...". Bundan sonra Almas İldırım başa düşür ki, Türkmənistanda qalmaq onun üçün təhlükəlidir. Bu səbəbdən məktəb direktoru vəzifəsindən də imtina etməli olur. Beləliklə, 1933-cü ilin iyun ayında yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur. İrana çatdıqdan sonra şair dərhal həbs olunur və 25 gün dustaqda qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verilir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur - sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.

Türkiyədə müəllimlik fəaliyyəti

Almas İldırım İranda qala bilməyib, Türkiyəyə gedir və 1934-cü ildə Türkiyə vətəndaşlığına qəbul edilir. O, 1934-1935-ci təhsil ilində Palu ilçəsinə bağlı olan Karaca Bucağı/Karacabağ ibtidai məktəbində müəllimlik edir. 1935-ci ilin sonu – 1936-cı ilin əvvəllərində Palunun Karaçor nahiyəsinə müəllim təyin edilir. Ümumilikdə o, bu dövrdə müxtəlif fasilələrlə 1935-1946-cı illərdə Elazığın mərkəzində və mərkəz nahiyələrində  çalışır. 1940-cı ilin əvvəllərində isə Paluya bağlı Karabegan nahiyəsinə müdir təyin edilir. Bu illərdə “Boğulmayan bir səs” (1936, İstanbul, “Tecelli Basımevi”) adlı kitab çap etdirir. Azərbaycan Kültür Dərnəyinə üzv olur, yazıları “Çinaraltı”, “Orxun”, “Gökbörü”, “Boz qurd”, “Kommunizmlə mücadilə” və digər qəzet və dərgilərdə dərc olunur. Müsavatçılarla əlaqələr qurur, Rəsulzadənin tərəfində yer alır, Mirzəbala Məhəmmədzadə ilə məktublaşır, Berlində çap olunan “Kurtuluş” jurnalına yazılar göndərir. Çətin günlər görür, Eldəgəz və Yurdavar adlı əkiz qız övladlarını bir gündə itirir. Ömrünün təqribən 12 ilini isə yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif ölkələrdə qəsəbə bələdiyyəsində çalışır.

Acı təsadüf...

Bakının Qala kəndində doğulan şair 1952-ci il yanvarın 14-də Malatyanın məhz Qala adlı qəsəbəsində dünyasını dəyişir. Malatyanın Sancaktar məzarlığında dəfn edilən şairin qəbrinin harada olduğu təəssüf ki, hazırda bilinmir. Böyrək xəstəliyindən vəfat edən Almas İldırımın ölümündən sonra Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu qalır.

Mənbə: Azedu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR