Bu 4 şərt yerinə yetirilsə, Allah günahları bağışlayar
Allah Təala, Qurani-Kərimdə Bəni-İsrayili islah etmək üçün 4 şərt bəyan edir və buyurur ki, əgər bu şərtə əməl etsələr, onları bağışlayacaqdır.
"Həqiqətən Allah İsrail övladlarından əhd-peyman aldı. Biz onlardan (on iki qəbilə üçün) on iki nəfər başçı seçdik. Allah onlara dedi: "Şübhəsiz, Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, (gələcəkdə göndərəcəyim)peyğəmbərlərimə iman gətirsəniz, onlara ehtiramla kömək etsəniz və Allaha gözəl borc versəniz (mallarınızı Allah yolunda xərcləsəniz) - mütləq sizin günahlarınızı təmizləyər və sizi (binalarının və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edərəm. Beləliklə, əgər bundan sonra sizdən kimsə kafir olsa, doğrudan da o, doğru yolu itirmişdir". ("Maidə" 12).
Allah Təala bu ayədə bağışlanmağın 4 şərtini bəyan etmişdir:
1. Namaz qılmaq.
2. Zəkat vermək.
3. Peyğəmbərlərə (ə) iman gətirib, onlara yardım etmək.
4. Allaha gözəl borc vermək.
Bəni-İsrayilin böyükləri 12 tayfa idi ki, Həzrət Musanın (ə) vəzirliyini edirdilər. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: "Məndən sonrakı xəlifələr 12 nəfərdir, Bəni-İsrayilin vəlilərinin sayı qədər".
Bu ayədən çıxartdığımız nəticələr:
1. Namaz, zəkat, peyğəmbərlərə (ə) yardım etmək, infaq etmək kimi ibadətlər başqa dinlərdə də mühüm rola malik olmuşdur.
2. Bu ayədən öyrənirik ki, peyğəmbərə (ə) iman gətirmək kifayət deyildir, əslində ona həm də yardım etməliyik. Yəni, əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək, onun dininin yayılmasına yardım etməliyik.
3. Peyğəmbərə (ə) yardım etmək - Allaha yardım etmək deməkdir.
4. Namaz, zəkat, infaq ancaq o zaman məna əldə edər ki, insan İlahi peyğəmbərə (ə) iman gətirər və ona yardım edər.
5. Behiştin qiyməti: namaz, zəkat, infaq və İlahi peyğəmbərə iman və yardımdır.
Mənbə: Milli.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət