BŞİH: Ötən gün yağan yağış fövqəladə hal olaraq bir növ təbii fəlakət sayılır
Bakı Şəhər İcra hakimiyyəti (BŞİH) sentyabrın 23-də paytaxta yağan intensiv yağışlar nəticəsində yaranan bir sıra fəsadlar barədə məlumat yayıb.
BŞİH-dən Trend-ə verilən məlumata görə, proqnoz və ehtimallardan artıq yağan yağış suları şəhərin bəzi ərazilərini, küçə və prospektlərini, bir sıra binaların zirzəmilərində yerləşən obyektləri basıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatlara görə, 40 dəqiqə ərzində yağan yağıntının miqdarı Bakıda 21 mm təşkil edib. Bu da aylıq normanın 122%-i (norma 17.2 mm) deməkdir. Nərimanov rayonunda bu göstərici hətta 191% olub. Bu da fövqəladə hal olaraq bir növ təbii fəlakət sayılır.
Fövqəladə halla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dərhal operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilib, “Azərsu” ASC, Fövqəladə Hallar Nazirliyi, paytaxtın və rayonların təsərrüfat xidmətlərinin əməkdaşları, texnika və avadanlıqları səfərbər olunub, leysanın fəsadlarının aradan qaldırılması istiqamətində konkret tədbirlər görülüb. Kommunal və digər xidmətlərin əməyi nəticəsində leysan dayandıqdan sonra qısa vaxt kəsimində mərkəz ərazilərə dolmuş sular çəkilib, küçə və prospektlər yağışın gətirdiyi torpaq və tullantılardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub. Sakinlərin elektrik enerjisi, təbii qaz və su ilə təminatında ciddi problemlər yaranmayıb.
Mərkəzdə yağış sularının fəsadlarının daha çox olmasının təbii səbəblərindən əlavə texniki səbəbi də olub. Belə ki, son dövrlərdə paytaxtın mərkəz ərazilərində tikilən çoxsaylı yeni tikililərin daha da çoxalması, həmçinin müstəqil qurum olan “Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilməməsi də buna səbəb kimi göstərilə bilər. Həmin gün Neftçilər prospekti boyu uzanan ”Sahil” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılması da əlavə problem yaradıb. Sonradan bu problem aradan qaldırılıb və axıdılan suyun səviyyəsi kəskin azalıb. Bununla əlaqədar gələcəkdə belə halların baş verməməsi üçün “Azərsu” ASC tərəfindən kollektorların gücü ilə bağlı yeni hesablamalar aparılmalı və əlavə tədbirlər görülməlidir.
Qeyd olunmalıdır ki, güclü yağışın yağması təbiət hadisəsi olmaqla, dünyanın bütün ölkələrində baş verir və heç bir ölkə bu kimi hallardan sığortalanmayıb. Ötən illərdə Avropanın aparıcı ölkələrində güclü sel və subasmalar olub. Ona görə də buna adi təbiət hadisəsi kimi baxılmalıdır. Buna baxmayaraq isə kommunal və digər xidmətlər hər zaman belə hallara hazır olmalıdırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət