Slimfit
  1. AZƏRBAYCAN

Britaniyalı alim Azərbaycanda qədim insan düşərgələri ilə bağlı tədqiqat aparır

Britaniyalı alim Azərbaycanda qədim insan düşərgələri ilə bağlı tədqiqat aparır
Sakura

Britaniyalı alim Azərbaycanda qədim insan düşərgələri ilə bağlı tədqiqat aparır

Böyük Britaniya Krallığının Lester Universitetinin tədqiqatçısı Rupert Börtvizl (Rupert J. Birtwistle) AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda daş dövrü alətlərinin müqayisəli analizi və texnoloji istehsal problemləri üzrə xüsusi elmi tədqiqatlar aparır.

İnstitutdan Trend-ə verilən məlumata görə, Qafqaz regionunda, xüsusilə Azərbaycan ərazisində 250-200 min il əvvəl, aşağı paleolitin son mərhələsindən (son Aşel dövrü) orta paleolitə (Müstye dövrü) keçid dövründə daş alətlər istehsalı texnologiyası inkişafı məsələsi Rupert Börtvizlin əsas tədqiqat obyektidir. Britaniyalı tədqiqatçı əsasən, Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda saxlanılan Azıx mağarası (Xocavənd rayonu), Şişquzey, Qadirdərə və Qayalı (Qazax rayonu) qədim insan düşərgələrinin müvafiq təbəqələrindən tapılmış daş alətlərini tədqiqatına cəlb edib.

Britaniyalı alim bildirib ki, tədqiqatın əsas hədəfi qədim insanların, əsasən son Heydelberq insan növünün qədim paleolitdən orta paleolitə keçid dövründə davranışı barədə məlumat əldə etmək üçün bu insan növünün texniki biliklərinin təkmilləşdirmə və nəsildən-nəslə ötürülməsi proseslərinə aydınlıq gətirməkdir. Belə ki, indiyədək elmdə mövcud fikirə görə, Levellua tipli daş alət istehsalı texnologiyasının əmələ gəlməsini Aşel dövrünün bitməsi kimi dəyərləndiriblər. Amma müəyyən tədqiqat nəticələri göstərir ki, Levellua tipli daş alətlərin hazırlanma texnologiyası elə Aşel dövründə müstəqil və paralel olaraq inkişaf edirdi.

 

R.Börtvizl ümid edir ki, onun tədqiqatları Azərbaycanda paleolit dövrünün arxeoloji potensialının dünyada tanıdılmasına və daha qədim düşərgə tipli məskənlərin aşkarlanmasına yardım edə bilər.

Qeyd edək ki, R.Börtvizl elmi araşdırmalar aparan, İngiltərənin Linkoln, Birminhem, Kembric, Prinston və Sauthempton şəhərlərində ofislərə malik mötəbər müstəqil Allen Archaeology Ltd. mərkəzinin paleolit dövrü daş alətlər üzrə mütəxəssisi və məsləhətçisi, İngiltərə hökumətinin ölkə vətəndaşları tərəfindən aşkar edilmiş arxeoloji tapıntıların qiymətləndirilməsi üzrə dövlət proqramının (Portable Antiquities Scheme/PAS) daş dövrü üzrə ekspertidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR