Slimfit
  1. MEDİA

Böyük şəxsiyyət – Nizami Gəncəvi

Böyük şəxsiyyət – Nizami Gəncəvi
Sakura

Böyük şəxsiyyət – Nizami Gəncəvi

Nizami Gəncəvi elə bir böyük şəxsiyyətdir ki, elə bir dahidir ki, onun yubileylərini nəinki on ildən, beş ildən bir, hər il qeyd etmək lazımdır.

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

 

Dünya şöhrətli ölməz "Xəmsə"nin müəllifi olan Nizami humanizm, insan şəxsiyyətinin azadlığı ideologiyası, onun iradəsinin taleyin qaçılmaz iradəsindən və təbiətin fövqündə duran qüvvələrin hökmündən asılı olmaması kimi böyük fəlsəfi təlimlərin banilərindən biridir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

2021-ci il dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 il bundan əvvəl dünyaya göz açdığı ildir. Qədim Gəncə torpağında dünyaya göz açan, ağıllı baxışları ilə hamını mat qoyan balaca körpənin gələcəkdə dünya şöhrətli biri olacağı heç kəsin ağlına belə gəlməzdi. Çox erkən yaşlarından ata və anasını itirən Nizami, müstəqil yaşamağa adət etmiş öz gücünün, ağlının qüvvəsilə çalışıb yüksəlmişdir. Böyüdükcə ətrafında baş verən hadisələrlə maraqlanır, bütün elmləri öyrənməyə çalışır.

Yaşadığı dövrdə Gəncədən bir addım da kənarlaşmayan dahi sənətkar ancaq mütaliə yolu ilə bütün sahələrə mükəmməl yiyələnir. Azərbaycan, ərəb, fars, pəhləvi dillərini mükəmməl bildiyi üçün qədim dünya və orta əsrlərdə yaranmış bütün elmi əsərlərlə tanış olur, həm də dövrünün məşhur alimlərindən dərs alır, dünyagörmüş insanların ətrafında öz biliyini dərinləşdirir.

 

Bir elm öyrənmək isdədikdə sən,

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

 

Dahi Azərbaycan şairi, dövrünün dühası dünya ədəbiyyatı tarixində xüsusi rolu olan Nizami Gəncəvi misilsiz əsərləri ilə öz ecazkar qüvvəsini bu gün də qoruyub saxlamaqdadır.

Nizami Gəncəvi oxuduğu kitablardan bəhrələnərək, dünya ədəbiyyatının zənginliklərindən töhfələnərək bu günümüzə qədər gəlib çatan, sevilərək oxunan, hər kəsin stolüstü kitabına çevrilən “Xəmsə”ni yaratdı.

 

Yüz il sonra sorsan bəs o hardadır?

Hər beyti səslənər: “Burda-burdadır

 

Nizami Gəncəvi əsrlər arxasından onu soraqlayacaq,“Hardadır” – deyib axtaracaq milyonlarla oxucularına cavab olaraq onun ölməz sətirlərinin dil açıb ucadan “Burda-burdadır!” – deyə səslənəcəyinə əmin idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində dediyi kimi, “Heç kəsdə şübhə yoxdur ki, Nizami Gəncəvi dahi Azərbaycan şairidir, bunu bütün dünya bilir. Əgər ehtiyac yaranarsa bunu sübut edək. Biz bunu asanlıqla sübut edə bilərik. Azərbaycan xalqının istedad və mədəniyyəti zəngin olduğundan bizim milli irsimizə çox göz dikənlər olub, ancaq biz əlbəttə ki, mədəni irsimizi qoruyacağıq”.

Nizami Gəncəvi əsərlərini oxuyarkən onun Vətənə məhəbbətini, insana sevgisini, təbiətin gözəlliyini aydın şəkildə tərənnüm etdiyinin şahidi oluruq. Ülvi məhəbbəti, eşqi elə ustalıqla tərənnüm edir ki, fikirində çox incə, son dərəcə qabiliyyətli bir ruh sahibi olduğu canlanır. Nizami G. daxilindən gələn alovlu eşqin  tərənnümünü “Leyli və Məcnun”, “Xosrov və Şirin” əsərlərində bu məhəbbət cütlərini dahiyanə şəkildə canlandıraraq, onların taleyini, təbiətini, bir-birinə verdiyi iztirablarını, qarşılıqlı sevgilərini, zərurətdən doğan zorla ayrılmalarını, heyranedici şəkildə birləşmələrini və yenidən müxtəlif səbəblərdən bir-birindən ayrılmalarının təsvirini oxuduqca insanda intizar həyəcanı baş qaldırır. Dahi şair Nizami eşq və məhəbbətlə dolu olan hisslərini bəzən əfsanəvi şəkildə də təsvir edə bilmişdir. Əxlaqi məsələlərə həsr etdiyi şeirlərində tədqirəlayiq aydınlıq daha çox duyulur.

 

Söz meydanı iştə bu gün mənimdir,

Mənimkindən yüksək şeir kimindir?!                     

                                                                          

Nizami Gəncəvi dövrünün ən böyük alimi idi. Azərbaycan, İran, həm də bütün dünyanın ən böyük şairlərindən idi. Xalqını və Vətənini sevən humanist bir insan kimi bütün insanlığın səadətini düşünmüş və bu idealın həyata keçməsi üçün sosial ədalətin icrasını lazım bilmişdir. Nizami xalq ədəbiyyatına təsir etdiyi kimi, özü də əsərlərində öz doğma xalqının folklorundan – ağız ədəbiyyatından faydalanmış və bunun sayəsində  əsərlərini əbədiləşdirmişdir. Həqiqi bir müsəlman olan Nizaminin ana yurdu Azərbaycana, xüsusilə, Gəncəyə və öz xalqına sevgisi, bağlılığı onun öz yurdunun gözəl təbiət və mühitindən ilham alıb, xalqının deyimləri ilə bərabər, dilində türkcə sözlər işlətməsinə və atalar sözlərinin farsca tərcüməsindən faydalanmasına səbəb olmuşdur. İran alimi Vəhid Dəstgirdi yazırdı: “Mən Nizaminin əsərlərini yüz dəfədən artıq oxudum və hər dəfəsində Xosrovun, Leylinin ölüm tablolarını oxuyarkən ağladım. Və deyirdi ki, Nizami əxlaq və paklıqda bütün dünya şairləri arasında təkdir. Onun əsərlərində bir tək çirkin söz yoxdur. Təmiz eşqin tərəfində Firdovsidən də üstündür”.

Dövrünün şairlərindən heç biri türk sözlərini Nizami Gəncəvi qədər sevgi ilə işlətməmiş və atalar sözlərindən onun qədər geniş faydalanmamışdır. “Türk” – sözünü paklıq, gözəllik, yüksəklik, qüvvət simvolu, adil, bilici, qorxmaz qəhrəman mənasında işlətmişdir.

 

Xəzər dağından Çin dəryasına qədər,

Türklərlə doludur bütün bu yerlər.

 

Türklərin oxuyla yenə bu zaman,

Qabar əskik olmaz rus ayağından.

(“İsgəndərnamə”)

 

Nizami öz xalqının ən gözəl ideallarını tərənnüm edərkən bütün bəşəriyyətin mənafeyini, yüksək duyğu və düşüncəsini tərənnüm edirdi. Elə buna görə də böyük mütəfəkkir dahinin əsərləri bir xalqa və bir çox xalqlara deyil, bütün bəşəriyyətə məxsusdur.

 

Nizaminin sözü oxunan zaman,

O da hər bir sözdə görünər əyan

 

Bəli, dahi şair söz meydanında elə bir nizam yaratmışdır ki, uzun illərdən bəri Şərqdə və Qərbdə, Şimalda və Cənubda “Nizami” kəlməsi şair sözünün sinonimi kimi səslənməkdədir.

Dahi sənətkar Nizaminin yaşayıb-yaratdığı dövr Azərbaycan mədəniyyətinin, ədəbiyyatının qızıl dövrü idi. (H. Araslı)

 

Fəxr etməyə çox haqlı Nizamisi olan xalq,

Qəlbimdə Nizami kimi dahisi olan xalq.

Bir dağ kimi səssiz və nəfəssiz də görünsən,

Xalqınla bərabər yaşayıb yüksələcəksən,

Sevmiş səni əsrim, sevəcəkdir gələcək də,

Səkkiz yüz ilin yaşlısı, olanın hələ gəncdir,

Getdikcə yenə parlayacaq, yüksələcəkdir.

İnsanlığa hörmətlə, məhəbbətlə Nizami,

Ölməz iki yoldaş əbədiyyətlə Nizami!

(Əkrəm Cəfər)

 

Şərqin qüdrətli söz ustadının anadan olmasının 880 illiyi münasibətilə Nizami sevənləri təbrik edirəm.

 

                       Şairlər şairi ey ulu şair!

                       Ustalar ustası ey böyük usta!

Məcnunun eşqi qəlbimizdədir,

Fərhadın gücü qollarımızda.

 

Kubra Sadıqova

AMEA Mərkəzi Elmi Kitabxanasının

Xarici dillərdə ədəbiyyat fondunun müdiri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR